OTAQ DUSTAĞI
Özgədən hay uman ahıl çağımda
Fikrim, duyğularım hər gün təklənir.
Mənim fikirlərim dar otağımda
Dəyib divarlara hey çiliklənir.
Dünənki havayla bəsləndiyimdən
Bu günkü havada üşüyürəm* mən.
Bu gün – cəhənnəmim*, dünən – cənətim
Sazım zəmanəyə dəm tuta bilmir.
Tutmur nəvələrlə sözüm, söhbətim,
Yaddaşım dünəni unuda bilmir.
Ahılam, ya cahil? Bu da başqa sirr!
Söyüd ağacından evə tir olmaz.
Axı, mən gedənəm, onlar gələndir,
Gələnlə gedənin yolu bir olmaz.
Mənim fikirlərim, mənə göz dağı,
Mənim fikirlərim – otaq dustağı.
Fikrin zaman ilə əgər təndisə,
Demək, övladısan sən də bu əsrin.
Fikrin divarlarda çilikləndisə,
Yerini dar etmə sən təzə nəsilin.
Bir səs pıçıldadı: «Barış zamanla».
Bir səs dedi: «Onda mən, mən olmaram».
Daim savaşdadır gerçək günahla,
Bəs necə seçilsin halaldan haram?
Mənim də yeniyə çox hörmətim var,
Amma «get» – deməsin yersiz yerliyə.
Mən necə «gəl» – deyim əxlaqdan kənar
«Gözəllik» – adlanan eybəcərliyə?
Təhlil : Bəxtiyar Vahabzadə 2- bənddə qeyd edir ki, “‘ Bu günkü havada üşüyürəm mən. Bu gün- cəhənnəmim, dünən cənnətim.”” Şeiri oxuyan ilk anda düşünər ki, cəhənnəm isti olur, orda necə üşümək olar axı?
Cavab : Bəli, cəhənnəmdə üşümək olar. Dini ədəbiyyatda cəhənnəm təkçə od və atəş əzabından ibarət deyil. Orada “zəmhərir” adlanan əzab növü vardır. Zəmhərir – cəhənnəmdə sümükləri sızıldayan soyuq, şaxta mənasını verən klassik dini termindir.
Bəxtiyar Vahabzadə İyun 1997
HÖRÜMÇƏK TOR BAĞLADI
Tariximiz danıldı,
Uydurma tarix ilə kimliyimiz anıldı –
Öz kökünü bilməyən gözü küllü bu millət
Zamanın yollannda hər addımda yanıldı.
Uydurma tarix bizi anamızdan ayırıb
Yad anadan alınmış bələkdə qundaqladı,
Təməlimiz laxladı.
Bu xalqın tarixini düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək tor bağladı.
Kimə deyək dərdini bu dövranın, bu günün?
Vəzifəyə sümsünən
Vəzifə kürsüsünün
Birinci pilləsində mərkəzdən noxtalandı.
Kişiliyi vardısa, bu anda axtalandı…
Ürəkdəki cəsarət,
mərdanəlik,
dəyanət
talandı,
tapdalandı.
Məğrur keçmişimizdən üzüldü əllərimiz
Şərəf bildik özgəyə qul olmağı, yoxsa, biz?
Hər cürə zülmü udduq.
Köləliyi qazanıb, ağalığı unutduq.
Vicdan, düzlük, həqiqət sürgün oldu bu yerdən.
Yaltaqlıq və xəyanət silahını yağladı.
Cəsarət qılıncının ağzı düşdü kəsərdən,
Qəbzəsində, qınında hörümçək tor bağladı.
Dilimiz yasaq oldu.
Ruhumuz qəlbimizdə əbədi dustaq oldu.
Ruhsuz yaşadıqca biz
Vicdanımız, eşqimiz
Üzümüzə ağ oldu.
Biz beləcə yaşadıq, yaşamadıq, süründük,
Əməlimizdə deyil, sözümüzdə göründük.
Ruhumuz qan ağladı,
Məscid qapılarında hörümçək tor bağladı.
Həqiqət dilə gəldi.
Dildə ilişdi, qaldı.
Həqiqətin üstünə yalanlar kölgə saldı.
Vuruşmadıq, banşdıq
Biz “azadlıq” adlanan bir uydurma nağılla.
Ölən düşüncələrə qəlbimiz yas saxladı.
Həqiqəti deməkdən elə qorxduq…
Ağılla
Həqiqət arasında hörümçək tor bağladı.
Oktyabr, 1968
Bəxtiyar Vahabzadə
MUASİRMEDİA.AZ
