ÇOX ƏZİYYƏT ÇƏKDİ MƏNİM YOLUMDA
Mən anamın qurban olum ruhuna,
Çox əziyyət çəkdi mənim yolumda.
Gecə-gündüz dincəlmədi, yatmadı,
Saç ağartdı, tökdü mənim yolumda,
Çox əziyyət çəkdi mənim yolumda..
O, həm anam idi, həm də ki, atam,
Balasını nə çox sevəirmiş adam.
İstədi ki, arzu-kamıma çatam,
Simurq kimi səkdi mənim yolumda,
Çox əziyyət çəkdi mənim yolumda.
Belə analar dərgaha yüksəlir,
Gedir cənnətə əbədi, dincəlir.
Anam yaşasaydı, bir Allah bilir,
Nələr edəcəkdi mənim yolumda,
Çox əziyyət çəkdi mənim yolumda.
Anam getdi, qol-budağım qırıldı,
Bəradər, bağbansız bağım qurudu.
Anam, görən gözlərimin nuruydu,
Qocaldı, bel bükdü mənim yolumda,
Çox əziyyət çəkdi mənim yolumda.
Bəradər SƏMƏNDƏRLİ (Xanəliyev)
22.06.2021


