Azərbaycanın Milli Azadlıq Hərəkatı xalqımızın tarixində mühüm yer tutur. Ötən əsrin 80-ci illərinin sonlarında bu hərəkata qoşulan mərd, qorxmaz insanlar bütün təzyiqlərə və çətinliklərə baxmayaraq, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə apardılar.
Onlar üçün azadlıq sadəcə bir arzu deyil, inandıqları və uğrunda mübarizə apardıqları bir amal idi. Bu insanların hər birinin öz taleyi, öz həyat yolu vardı. Onları birləşdirən isə Vətən sevgisi, azadlıq istəyi və inandıqları dəyərlərə sədaqət idi. Müstəqilliyin bərpasından sonra həmin insanların bir qismi fəaliyyətlərini siyasətdə davam etdirdi. Bir vaxtlar meydanlarda xalqın azadlığı uğrunda mübarizə aparan bu insanların sonrakı illərdə də ictimai-siyasi həyatda yer almaları, öz əqidələrinə və prinsiplərinə sadiq qalmaları xüsusi dəyər daşıyır. Çünki insanın mərdliyi təkcə çətin günlərdə göstərdiyi cəsarətlə deyil, illər keçsə də, inandığı dəyərlərdən dönməməsi ilə ölçülür.
Onlar üçün azadlıq sadəcə bir arzu deyil, inandıqları və uğrunda mübarizə apardıqları bir amal idi. Bu insanların hər birinin öz taleyi, öz həyat yolu vardı. Onları birləşdirən isə Vətən sevgisi, azadlıq istəyi və inandıqları dəyərlərə sədaqət idi. Müstəqilliyin bərpasından sonra həmin insanların bir qismi fəaliyyətlərini siyasətdə davam etdirdi. Bir vaxtlar meydanlarda xalqın azadlığı uğrunda mübarizə aparan bu insanların sonrakı illərdə də ictimai-siyasi həyatda yer almaları, öz əqidələrinə və prinsiplərinə sadiq qalmaları xüsusi dəyər daşıyır. Çünki insanın mərdliyi təkcə çətin günlərdə göstərdiyi cəsarətlə deyil, illər keçsə də, inandığı dəyərlərdən dönməməsi ilə ölçülür.
Həmin mübarizəyə qoşulanlardan biri də Pirəli Sədi idi. Milli Azadlıq Hərəkatının iştirakçısı, Azərbaycan Xalq Cəbhəsinin fədakar üzvlərindən biri olan Pirəli bəy müstəqillik uğrunda mübarizədən sonra da siyasi fəaliyyətini davam etdirdi. Haqq bildiyi sözü deməkdən, inandığı mövqeyi müdafiə etməkdən çəkinməyən insanlardan idi. Onun üçün əqidə şəraitə görə dəyişən bir mövqe deyil, insanın ömrü boyu daşıdığı mənəvi məsuliyyət idi.
Pirəli Qardaşxan oğlu Sədi 3 aptel 1962-ci ildə Yardımlı rayonunun Bozayran kəndində anadan olub. İlk təhsilini doğma kəndinin səkkizillik məktəbində alıb, sonra Yardımlı rayon 2 nömrəli orta məktəbində oxuyub və 1979-cu ildə həmin məktəbi bitirib. Bir müddət Saatlı rayonunda işlədikdən sonra Sumqayıt şəhərinə gedib. Burada 49 nömrəli Texniki Peşə Məktəbində təhsil alaraq 1980-ci ildə məktəbi bitirib. Həmin il noyabrın 13-də hərbi xidmətə yollanıb. 1982-ci ilin dekabrınadək Rusiyanın Murmansk vilayətində hərbi xidmət keçib. Əsgərlikdən qayıtdıqdan sonra Bakıda neft buruqlarında fəhlə işləyib. Əməyin çətinliyini görsə də, ali təhsil almaq arzusundan vaz keçməyib.
1983-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun qiyabi şöbəsinə qəbul olunub. İşləyə-işləyə təhsilini davam etdirib və 1988-ci ildə institutu bitirib. Pirəli Sədi hələ tələbəlik illərində, 1984-cü ilin yanvarından müəllimlik fəaliyyətinə başlayıb. Müxtəlif illərdə Yardımlı rayonunun Arvana, Abidinli, Mamulğan, Şıxüseynli və 2 nömrəli qəsəbə məktəblərində müəllim işləyib. Onun gənclik və müəllimlik illəri Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişikliklərin baş verdiyi dövrə təsadüf edib. Ölkədə Milli Azadlıq Hərəkatı genişlənir, insanlar müstəqillik istəyini açıq şəkildə ifadə edirdilər. Pirəli bəy də bu proseslərə biganə qalmayıb. O, azadlıq mübarizəsinə qoşulub və Azərbaycan Xalq Cəbhəsinin sıralarında yer alıb. Həmin illərdə müstəqillik uğrunda mübarizə aparmaq heç də asan deyildi. Bunun üçün təkcə Vətəni sevmək yox, həm də cəsarətli olmaq, çətinliklər qarşısında geri çəkilməmək lazım idi. Pirəli bəy də bu yolu seçən insanlardan biri olub.
Pirəli bəyin azadlığa, millətinə və bu mübarizədə öz üzərinə düşən məsuliyyətə münasibətini isə onun öz sözləri daha yaxşı ifadə edir: “Bir od, bir alov olmaq istəyirəm! Alov kimi, məşəl kimi qaranlıqdan işıqlı dünyaya, zülmətdən azadlığa gedən yolu işıqlandırmaq üçün. Qoy millətim, xalqım bu yolu tez və itkisiz, arxayın və düzgün gedə bilsin! Bir də yolçu olmaq istəyirəm! Azadlıq yolçusu! Millətimin, xalqımın keçmək istədiyi bu yolu işıqlandırmaqla yanaşı, namusla, alnıaçıq, üzüağ addımlayan, mətin, mübariz bir yolçu olmaq istəyirəm!”. Bu sətirlərdə Pirəli bəyin necə bir azadlıq arzuladığı, xalqının gələcəyini necə düşündüyü aydın görünür. O, təkcə azadlığı görmək deyil, o azadlığa gedən yolda özü də addımlamaq, bacardığı qədər yol göstərmək istəyirdi. Özünü nə öndə, nə də kənarda təsəvvür edirdi. Xalqı ilə birgə addımlayan bir yolçu olmaq istəyirdi.
Bəlkə də onun düşüncələrini ən yaxşı ifadə edən elə bu iki söz idi: “Azadlıq yolçusu”. Çünki Pirəli bəyin mübarizəyə qoşulması, sonralar siyasətdə fəaliyyət göstərməsi və inandığı dəyərləri müdafiə etməsi həmin yolun ayrı-ayrı mərhələləri idi. 1989-cu ilin noyabrından 2006-cı ilin aprelinədək Yardımlı Rayon Uşaq Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıb. Ömrünün on altı ildən çoxunu bu müəssisəyə bağlayan Pirəli bəy həm pedaqoji, həm də təşkilati fəaliyyətini davam etdirib.
Müstəqilliyin bərpasından sonra da ictimai-siyasi proseslərdən kənarda qalmayıb. Bir zamanlar Azərbaycanın azadlığı uğrunda mübarizəyə qoşulan Pirəli bəy üçün ölkənin gələcəyi, insanların qayğıları və cəmiyyətdə baş verən hadisələr hər zaman əhəmiyyət daşıyıb. 2006-cı ilin aprelindən 2011-ci ilin martınadək Yardımlı Rayon İcra Hakimiyyəti başçısının Bozayran inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib. Beləliklə, illər əvvəl uşaqlıq və gənclik günlərini yaşadığı doğma kəndinə bu dəfə rəhbər vəzifədə xidmət edib.
Pirəli Sədi hələ gənc yaşlarından təşkilatçılıq və idarəçilik qabiliyyəti, ictimai fəallığı ilə seçilib. Onun ömür yolunda müəllimlik, rəhbər vəzifələrdə çalışmaq və siyasi fəaliyyət bir-birini tamamlayırdı. Həyatının müxtəlif dövrlərində fərqli işlərlə məşğul olsa da, öz əqidəsinə bağlılıq onun haqqında danışarkən xüsusi yer tutur. İnsanın həyatda tutduğu vəzifələr, gördüyü işlər zamanla keçmişə çevrilir. Amma onun xarakteri, çətin anlarda göstərdiyi mövqe, insanlarla münasibəti yaddaşlarda daha uzun yaşayır. Pirəli bəyin də həyatına baxanda təkcə əmək fəaliyyəti deyil, mübarizə ilə keçən illəri, inandığı dəyərlərə bağlılığı yada düşür.
Tale bəzən insan ömrünü gözlənilmədən yarımçıq qoyur. Hələ görüləsi işlər, yaşanası günlər, həyata keçəsi arzular qalır…
Baharın ilk günlərində, 1962-ci il aprelin 3-də dünyaya gələn Pirəli Sədi elə sevdiyi bahar fəslində, 2011-ci il martın 16-da vəfat edib. 49 yaşının tamam olmasına cəmi 18 gün qalmışdı. Ömrünün ən kamil çağında, arzuları, düşüncələri, yarımçıq qalan işləri ilə bu dünyadan köçüb. Bahar onun dünyaya gəlişinə də, bu dünyadan gedişinə də şahid olub. Amma insanın ömrü yalnız yaşadığı illərlə ölçülmür. Bəzən bir insanın geridə qoyduğu yol, inandığı dəyərlər və uğrunda mübarizə apardığı amallar onun yaşadığı illərdən daha çox şey danışır.
Pirəli Sədi də öz ömür yolunu yaşayan, çətinliklərdən keçən, müstəqillik uğrunda mübarizəyə qoşulan və sonrakı illərdə ictimai-siyasi fəaliyyətini davam etdirən insanlardan biri kimi xatırlanır. Onun həyatı bir daha göstərir ki, əqidəyə sədaqət yalnız sözlə deyil, insanın illər boyu tutduğu mövqe və keçdiyi yolla ifadə olunur.
Pirəli bəylə ilk dəfə 2003-cü ildə görüşüb tanış olmuşam. Dəli-dolu, sözü üzə deyən, haqq bildiyindən dönməyən bir insan idi. Sonralar da bir-iki dəfə görüşmək imkanım olub. Aradan illər keçsə də, yaddaşımda elə ilk tanıdığım kimi, mübariz, mərd, sözünü deməkdən çəkinməyən bir insan olaraq qalıb. Əslində, Yardımlının insanı da belədir. Mərd, sözübütöv, haqqın yanında dayanmağı bacaran, haqsızlıq qarşısında susmayan. Pirəli bəy də bu torpağın yetirdiyi belə insanlardan biri idi.
İllər keçir, insanlar həyatdan köçür, amma bəziləri yaddaşımızda öz duruşu, sözü və xarakteri ilə yaşayır. Pirəli bəy də mənim xatirimdə elə belə qalıb.
Ruhu şad olsun!
MUASİRMEDİA.AZ
ŞAKİR HƏSƏNOV
