Xamenei haqqında İlk dəfə açıqlama verildi

Dünya

İranın Ali Rəhbəri Müctəba Xameneinin ofisinin protokol məsuliyyətlisi Mazaher Hüseyni, 28 fevralda ABŞ və İsrailin rəsmi iqamətgahı hədəf alan raket hücumunun təfərrüatlarını ilk dəfə ictimaiyyətlə paylaşıb.

Hüseyni bombardman zamanı özünün də ofisdə olduğunu bildirərək, hücumun birbaşa Müctəba Xameneinin olduğu sahəni hədəf aldığını və həmin ərazinin tamamilə yerlə-yeksan edildiyini qeyd edib.

O, çıxışında Ali Rəhbərin sağlamlıq vəziyyətinə aydınlıq gətirərək, Müctəba Xameneinin belində və ayağında yüngül xəsarətlər yarandığını, lakin onun qısa müddətdə toparlandığını vurğulayıb. Eyni zamanda, sosial şəbəkələrdə yayılan Xameneinin alnından ağır yaralanması ilə bağlı iddiaların əsassız olduğunu deyən rəsmi, yalnız qulağının arxa hissəsində kiçik bir yaranın olduğunu, hazırda isə rəhbərin vəziyyətinin yaxşı olduğunu və tam sağalmaq üzrə olduğunu bildirib.

Hüseyni Ali Rəhbərin hələlik ictimaiyyət qarşısına çıxmamasını təhlükəsizlik amilləri ilə əlaqələndirərək, düşmənin müxtəlif bəhanələrlə onun səsini və ya görüntüsünü əldə edib fərqli məqsədlər güdməyə çalışdığını qeyd edib. Protokol rəhbəri sonda əlavə edib ki, Müctəba Xameneinin xalqa liderlik etmək gücü tam yerindədir və zamanı gəldiyində o, şəxsən xalq qarşısında çıxış edəcək.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir