Azərbaycanın 8 Noyabr – Zəfər Günü Türkiyənin Ege Universitetində də qeyd olunub. Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının tələbələri tarixi Qələbəmizin altıncı ildönümünə həsr olunmuş tədbir təşkil ediblər.
Tədbirin əvvəlində Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib. Daha sonra Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekanı professor İsmayıl Can Paylan tədbiri açaraq Zəfər Gününün Azərbaycan xalqının tarixindəki mühüm yerindən danışıb.
Universitetin dekan müavini professor Arzu Yazqı, Bitki Mühafizəsi kafedrasının rəhbəri professor Hatice Özkan və Türk Dünyası Araşdırmaları İnstitutunun müəllimi Esra Akpınar da çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə, xalqımızın qəhrəmanlığı və iki qardaş ölkə arasındakı münasibətlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən ADAU-Ege ikili diplom proqramının tələbəsi Aytən Hüseynova Zəfər Gününün Azərbaycan xalqı üçün milli qürur, birlik və mübarizə rəmzi olduğunu bildirib.
Tədbir çərçivəsində Azərbaycanın Qələbə tarixini əks etdirən videoçarx nümayiş olunub. Həmçinin Qarabağın mədəni irsini, milli dəyərlərimizi və Xarıbülbül festivalının ruhunu əks etdirən görüntülər iştirakçıların diqqətinə təqdim edilib.
Bu cür tədbirlər Türkiyədə təhsil alan azərbaycanlı gənclərin milli tariximizi və mədəniyyətimizi tanıtması baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, tədbir Azərbaycan və Türkiyə arasında təhsil, mədəniyyət və gənclər sahəsində əməkdaşlığın nümunələrindən biri kimi yadda qalıb.
MUASİRMEDİA.AZ
