Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Nazirlikdən verilən məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, yaxın günlərdə bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, bəzi yerlərdə intensiv yağış yağacağı, dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı gözlənilir.
Bununla əlaqədar FHN vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib. Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərinin, həmçinin hündür ağacların altında dayanmamaq vacibdir.
Nazirlik küləkli hava şəraitində yanğın təhlükəsinin də artdığına diqqət çəkərək, yanğın təhlükəsizliyi qaydalarına xüsusi həssaslıqla yanaşılmasının vacibliyini vurğulayıb. Eyni zamanda, kiçikhəcmli gəmi istifadəçilərinə belə hava şəraitində dənizə çıxmağın qadağan olunduğu xatırladılıb.
Müraciətdə qeyd olunub ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqınlardan qorunmaq üçün vətəndaşlar təhlükəli ərazilərdən uzaq durmalı, təhlükə zamanı isə dərhal yaxınlıqdakı yüksək əraziyə qalxmalıdırlar.
Bundan başqa, ildırım təhlükəsi ilə bağlı da xəbərdarlıq edilib. Tövsiyələrə əsasən, elektrik cihazları şəbəkədən ayrılmalı, açıq havada olarkən elektrik xətləri, antena və ildırımötürücülərinə yaxınlaşılmamalıdır. Həmçinin hündür ağacların altında dayanmaqdan çəkinmək, avtomobildə olarkən isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə olunur.
MM.AZ
