29 aprel 2026-cı il, Bakı – AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) təşəbbüsü ilə 25 və 29 aprel 2026-cı il tarixlərində Milli Aviasiya Akademiyasının (MAA) məzunlarından ibarət ümumilikdə 36 nəfərlik heyət ixtisasartırma təlim proqramında iştirak etmək məqsədilə İspaniyanın Lleida şəhərinə yola salınıb. Proqramın məqsədi gənc məzunların peşə hazırlığının gücləndirilməsi və onların beynəlxalq standartlara uyğun ikinci pilot kimi yetişdirilməsidir.
Məzunlar Baltik Aviasiya Akademiyasının (“Baltic Aviation Academy”) Lleida şəhərində fəaliyyət göstərən təlim mərkəzində 18 aylıq nəzəri və praktiki hazırlıq proqramına cəlb olunacaqlar. Proqramı uğurla başa vuran gənc pilotlar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (“EASA”) tərəfindən verilən beynəlxalq sertifikat əldə edəcəklər.
Baltik Aviasiya Akademiyası Avropanın aparıcı aviasiya təlim mərkəzlərindən biri kimi pilot hazırlığı sahəsində beynəlxalq səviyyədə tanınır. Müasir tədris metodologiyası, qabaqcıl simulyator texnologiyaları və təcrübəli beynəlxalq təlimçi heyəti ilə seçilən akademiyada təhsil alan məzunlar dünyanın müxtəlif nüfuzlu aviaşirkətlərində pilot kimi fəaliyyət göstərirlər. Təlim iştirakçıları “EASA”nın standartlarına uyğun nəzəri və praktiki biliklər əldə edərək beynəlxalq aviasiya bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər kimi formalaşırlar.
Təlimin növbəti mərhələsində məzunlar Litvada yerləşən təlim mərkəzində “Airbus A320” tipli təyyarə üzrə hazırlıq keçərək tip üzrə ixtisaslaşma (“type rating”) sertifikatı əldə edəcəklər. Bütün mərhələləri uğurla tamamlayan pilotlar Azərbaycana qayıdaraq AZAL-da ikinci pilot kimi fəaliyyətə başlayacaqlar. Hazırda əlavə olaraq 25 pilot Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzində, 65 pilot isə Türkiyədə yerləşən təlim mərkəzində hazırlıq proqramlarında iştirak edir.
MAA məzunları bu proqrama seçim mərhələsində Azərbaycana dəvət olunmuş beynəlxalq ekspertlər tərəfindən keçirilən “SkyTest” imtahanında iştirak edirlər. İmtahan namizədlərin psixoloji hazırlığını və motorik bacarıqlarını qiymətləndirmək məqsədi daşıyır, yekun seçim isə “SkyTest” ekspert rəyləri əsasında həyata keçirilir.
Qeyd edək ki, AZAL-ın uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq aviaşirkətin donanması dinamik şəkildə genişləndirilir. Bu proses çərçivəsində milli aviadaşıyıcı sərnişinlərə təhlükəsiz və komfortlu səyahət təcrübəsi təqdim etmək məqsədilə yerli pilot heyətinin sayının artırılmasına və onların beynəlxalq standartlara uyğun hazırlanmasına xüsusi önəm verir. 2032-cı ilədək AZAL-ın hazırda 25 təyyarədən ibarət donanmasının sayının 50 təyyarəyədək genişləndirilməsi, 280-ə yaxın olan pilot heyətinin sayının isə ən azı iki dəfə artırılması nəzərdə tutulur. Bu, aviaşirkətin dayanıqlı inkişafı və insan kapitalına yatırımlarının mühüm tərkib hissəsidir.
Yola düşən gənc pilotlarla bağlı videonu buradan izləyə bilərsiniz.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti.
MUASİRMEDİA.AZ
