Prezident İlham Əliyevin sentyabrın 15-də Türk dünyası və Qafqazın dini rəhbərlərini, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarını qəbul edərkən səsləndirdiyi fikirlər Azərbaycanın regional rolunun mühüm istiqamətlərini ortaya qoydu: həmrəylik, tarixi yaddaşın qorunması, suverenlik və davamlı sülh.
Azərbaycan Türk dünyası ilə Qafqazı birləşdirən coğrafi və tarixi mərkəzlərdəndir. Qədim Qafqaz Albaniyasının irsi, onun paytaxtı olmuş Qəbələ, əsrlər boyu formalaşmış mədəni və mənəvi əlaqələr ölkəmizin bu məkandakı yerini müəyyənləşdirir. Bu zəngin irs bu gün xalqlar arasında etimadın və əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm imkan yaradır.
İslam həmrəyliyinin gücləndirilməsi də həmin siyasətin ayrılmaz hissəsidir. Müsəlman ölkələri arasında qarşıdurmaların dayandırılması, dialoqun genişləndirilməsi, islamofobiyaya, dini ayrı-seçkiliyə və müqəddəs dəyərlərin təhqirinə qarşı ortaq mövqe insan ləyaqətinə hörmətə və qarşılıqlı məsuliyyətə söykənməlidir. Dini liderlərin nüfuzu bu istiqamətdə mühüm ictimai resursdur.
Görüşdə vurğulanan məsələlər sırasında tarixi yaddaş xüsusi yer tutur. Xocalı soyqırımı, işğalın dağıdıcı nəticələri, indiki Ermənistan ərazisindən 250 minə yaxın azərbaycanlının qovulması, yüz minlərlə insanın məcburi köçkünlük həyatı xalqımızın yaddaşında dərin iz buraxıb. Birinci Qarabağ müharibəsində itkin düşmüş insanların taleyinin aydınlaşdırılması və kütləvi məzarlıqların araşdırılması ailələrin həqiqəti bilmək haqqı, ədalət və humanitar məsuliyyət məsələsidir.
Ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi mübarizə ilə bərpa etmiş Azərbaycan bu gün Qarabağda və Şərqi Zəngəzurda həyatın dirçəlməsinə çalışır. Böyük Qayıdış insanların öz evinə, doğma mühitinə və gələcəyini öz yurdunda qurmaq imkanına qovuşmasıdır. Dağıdılmış məscidlərin, o cümlədən ilk bərpa layihələrindən olan Ağdam məscidinin bərpası isə mədəni yaddaşın və mənəvi həyatın yenidən canlanmasına xidmət edir.
Dini liderlərin və xarici diplomatların bu ərazilərə səfərləri işğalın nəticələrini, aparılan quruculuğun miqyasını yerində görmək baxımından əhəmiyyətlidir. Gerçəkliklə birbaşa tanışlıq məsuliyyətli beynəlxalq münasibətin formalaşmasına kömək edir.
Azərbaycanın Ermənistanla uzunmüddətli sülhə üstünlük verməsi gələcəyə yönəlmiş strateji seçimdir. Eyni zamanda, müdafiə qabiliyyətinin gücləndirilməsi suverenliyin qorunmasına, təhlükəsizliyin təmin edilməsinə və mümkün revanşist cəhdlərin qarşısının alınmasına xidmət edir. Davamlı sülh qarşılıqlı öhdəliklərə hörmət, etimad və etibarlı təhlükəsizlik mühiti tələb edir.
Türk dünyası, Qafqaz və İslam aləmi arasında həmrəyliyin gücü onun insanların həyatına gətirdiyi sabitlik, təhlükəsizlik və əməkdaşlıq imkanları ilə ölçülür. Azərbaycanın birləşdirici missiyasının praktik mənası da məhz budur.





MUASİRMEDİA.AZ
Fuad Məmmədov
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti,
tarix elmləri doktoru, professor
