Bu gün Milli Kino Günüdür – Azərbaycan kinosunun zəngin irsi qeyd olunur Bu gün – 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd edilir.
Bu əlamətdar gün Azərbaycan kino işçilərinin peşə bayramı olmaqla yanaşı, milli kino sənətimizin yaranma tarixini və inkişaf yolunu xatırladır. Azərbaycan Kinosu Günü Ümummilli Lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə təsis edilib. Azərbaycan kinosunun tarixi 1898-ci il avqustun 2-dən başlanır. Həmin gün fotoqraf və operator Aleksandr Mişon Bakıda çəkdiyi ilk xronikal və bədii süjetləri ictimaiyyətə təqdim edib. Bu hadisə Azərbaycan kinematoqrafiyasının təməl daşı hesab olunur. Ötən illər ərzində Azərbaycan kinosu zəngin inkişaf yolu keçərək “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Uzaq sahillərdə”, “Nəsimi”, “Babək”, “Yeddi oğul istərəm”, “Bəxtiyar”, “Bizim Cəbiş müəllim” kimi unudulmaz ekran əsərləri ilə milli mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Bu gün münasibətilə ölkənin müxtəlif mədəniyyət ocaqlarında film nümayişləri, yaradıcılıq görüşləri, sərgilər və digər tədbirlər təşkil olunur. Milli Kino Günü münasibətilə bütün kino xadimlərini, rejissorları, aktyorları, ssenaristləri, operatorları və kinosevərləri təbrik edir, Azərbaycan kinosuna yeni uğurlar arzulayırıq.
MUASİRMEDİA.AZ RÖVŞƏN
