MUASİRMEDİA.AZ
– Bizə göstəriş var ki, səni Axundzadə familiyasından çıxardıb, təzədən Bejanidze familiyasına qaytaraq. Yəni ərizə yazıb Axundzadədən boşanmalı və azad olub evinə qayıtmalısan. Yoxsa, səni qarlı Sibirə sürgün gözləyir. Elə bil başıma ildırım düşdü, gözlərimdə şimşəklər çaxdı. Necə yənı Cavaddan boşanmalı? Dilim, ağzım qurumuşdu. O, yenə məni dilə tutmağa çalışdı.
– Cavad əksinqilabçıdır. Onunla yaşamaq, onun familiyasını daşımaq sənə əksiklik gətirər. Onsuz da o qədər tutulanların arvadları boşanıb ki, heç «uf» da deməyiblər. Sənə nə olub? O, bir çox görkəmli adamların adını sadaladı ki, mən onların bəzilərini şəxsən tanıyırdım. Ancaq sözüm qəti idi.
Mən Əhməd Cavada görə knyaz dünyasını, öz doğma elimi, obamı, yurdumu, doğmalarımı atıb gəlmişəm. İndi bir sürgün üçün boşanım? Ola bilməz! Barı, balalarını düşün, onlar yazıqdırlar. Başa duş, əksinqilabçının arvadını biz azadlıqda saxlaya bilmərik. Mən sözümü demişəm. Cavadı heç kimə dəyişmərəm. Sabah balalarım özləri məni yamanlayıb, atalarından boşanmağımı başıma qaxarlar!.. Məni yenidən kamerama apardılar. Yadıma Ə. Cavadın mənə qoşduğu şeirləri düşdü. Bir şeri vardı, Gəncədə toyumuzda oxumuşdu. Hamının xoşuna gəlmişdi. Onda Pakizə adlı bir gəncəli qadın mənə yanaşıb demişdi ki, bircə bu şeirə görə Cavadı ömru boyu sevməyə dəyər. Sən xoşbəxtsən. Şükriyyə xanım, sənin Cavad kimi sevən ərin var! Ürəyimdə dedim ki, maşallah de, gözün dəyər. O, gülüb getdi. Şeir «Şukriyyə üçün» adlanırdı. Kamerada özüm özümə zümzümə edirdim.
…Sonra doyunca ağladım. Müstəntiqlə mənim aramda bu mövzuda söhbət bir neçə dəfə təkrar olundu. Bir ay gəlib keçdi. Allah göstərməsin, bitin, sirkənin əlindən tərpənmək olmurdu. Kameraya hələ siçan, sıçovul da buraxırdılar. Otaq qaranlıq olduqu üçün ançaq onların səsini eşidirdim…
Şükriyyə Cavadın xatirələrindən.
MM.AZ
MM.AZ
