Dünyada yeni virus təhlükəsi ilə bağlı narahatlıqlar artır.
Belə ki, Niderlanda məxsus “MV Hondius” kruiz gəmisində hantavirus yoluxmaları qeydə alınıb, indiyədək 8 nəfərin virusa yoluxduğu, 3 nəfərin isə öldüyü bildirilir. Hadisədən sonra virusun yayılma riski və onun ikinci “COVID-19”a çevrilə biləcəyi ilə bağlı müzakirələr yaranıb.
Bu virus pandemiyaya səbəb olacaqmı? Yeni qapanmalar, maska, karantin rejimi gözlənilirmi?
Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, koronavirusların hələ ötən əsrin 60-cı illərindən heyvanlardan, xüsusilə yarasalardan insana keçdiyi güman edilir:
“Sonrakı dövrlərdə ayrı-ayrı lokal epidemiyalar müşahidə edildi. Belə ki, əvvəlcə SARS, daha sonra isə Yaxın Şərqdə yayılan MERS virusu ortaya çıxdı. Ardınca isə dünya miqyasında pandemiya başladı. SARS-CoV-2 virusunun yüksək yoluxuculuğa malik olması onun pandemiyaya çevrilməsini sürətləndirdi. Pandemiyanın geniş yayılmasının səbəblərindən biri də uzun illər qlobal pandemiya təcrübəsinin olmaması idi. Səhiyyə sistemləri belə vəziyyətə hazır deyildi və beynəlxalq səviyyədə yetərli koordinasiya gec formalaşmışdı”.
Professor bildirib ki, hantavirus bu səviyyədə pandemiya potensialına malik deyil:
“Virus səbəbindən ölüm halları arta bilər. Xüsusilə səhiyyə sisteminin zəif təşkil olunduğu və sanitar-gigiyenik qaydalara tam əməl edilməyən ölkələrdə risk daha yüksəkdir. İstənilən halda, gəmiricilərlə insan təması maksimum məhdudlaşdırılmalıdır. İlk yoluxma halları da əsasən gəmidə qeydə alınıb. Belə məkanlarda siçan və siçovulların çox olması məlumdur. Gəmiricilər yataq dəstlərinə, avadanlıqlara və digər səthlərə toxunaraq ağız suyu, sidik ifrazatı buraxa bilər. Həmin ifrazatların qurumuş hissəciklərinin hava vasitəsilə insana keçərək xəstəlik yaratması mümkündür. Xəstəlik insanlarda ağır keçir, xüsusilə ürək və ağciyər fəsadlarına səbəb olur. Bu baxımdan ölüm göstəricisi də yüksək hesab edilir və bəzi hallarda 40 faizdən artıq ola bilir. Buna görə də gigiyenik qaydalara ciddi əməl olunmalı, xəstəliyin yayılmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gücləndirilməlidir”.
MUASİRMEDİA.AZ
