Prezident MÜJDƏNİ VERDİ: Gözlənilən FƏRMAN imzalandı – Sistem belə olacaq
Azərbaycanda Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı informasiya sisteminin (DERKİS) yaradılması daşınmaz əmlakın qeydiyyatında şəffaflığın artırılması ilə yanaşı, qiymətləndirmə sektorunun fəaliyyətinə də yeni imkanlar yarada bilər. Vahid sistem vasitəsilə əmlakların sahəsi, yerləşdiyi ərazi, kadastr göstəriciləri və alqı-satqı məlumatlarına çıxışın təmin olunması qiymətləndirmə prosesinin daha dəqiq və obyektiv aparılmasına şərait yarada bilər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, DERKİS-in yaradılması daşınmaz əmlakın elektron reyestri və kadastrı sisteminin yenidən formalaşdırılması istiqamətində mühüm addımdır. Onun sözlərinə görə, 18 aydan sonra prosesin yekunlaşması və yeni sistemin istifadəyə verilməsi nəzərdə tutulur. Həmin müddətədək isə mövcud sistem qüvvədə qalacaq.
O qeyd edib ki, bu yenilik həm əmlakların qeydiyyatında şəffaflığın artırılmasına, həm də uzun müddət qeydiyyatsız qalan daşınmaz əmlakların gələcək statusunun müəyyənləşdirilməsinə yeni imkanlar yaradacaq.
Vüqar Oruc kadastrın formalaşdırılması və reyestrin yenidən təşkili istiqamətində atılan addımın qiymətləndirmə sahəsinə də müsbət təsir göstərəcəyini vurğulayıb. Onun fikrincə, bu prosesdə xüsusilə qiymətləndiricilərin yeni sistemə giriş imkanının təmin edilməsi vacibdir.
Ekspert bildirib ki, hazırda qiymətləndiricilər daşınmaz əmlak obyektlərini qiymətləndirərkən əsasən əmlak elanları saytlarındakı məlumatlara və rieltorların şifahi təqdim etdiyi informasiyalara əsaslanırlar. Bu isə qiymətləndirmə nəticələrinin kifayət qədər dəqiq və etibarlı olmasına maneə yarada bilər. Qiymətləndiricilər çox vaxt öz təcrübələrindən və əmlak bazarına dair təsəvvürlərindən çıxış edərək mövcud məlumatlardan əsaslandırma vasitəsi kimi istifadə edirlər.
Onun sözlərinə görə, qiymətləndiricilərə müvafiq informasiya sistemlərinə giriş imkanının yaradılması həm Ədliyyə sistemindəki alqı-satqı məlumatlarına, həm də İqtisadiyyat Nazirliyinin müvafiq qurumunun daşınmaz əmlak reyestri və kadastrı üzrə məlumatlarına çıxışı təmin edə bilər. Bu isə əmlaklar barədə daha dolğun təsəvvürün yaranmasına və alqı-satqı əməliyyatları ilə bağlı dəqiq məlumatların əldə edilməsinə şərait yaradacaq.
Vüqar Oruc hesab edir ki, belə olan halda qiymətləndiricilər artıq dəqiqliyi təsdiqlənməmiş, şişirdilmiş və ya aşağı göstərilmiş elan məlumatlarına deyil, real göstəricilərə əsaslana biləcəklər. Eyni zamanda torpaq sahələri, fərdi yaşayış evləri, qeyri-yaşayış sahələri və digər daşınmaz əmlak obyektlərinin yerləşdiyi yer, sahəsi və digər göstəriciləri sistem vasitəsilə dəqiqləşdirmək mümkün olacaq.
AQC sədri əlavə edib ki, qiymətləndiricilərin bu cür məlumatlara çıxışı bir sıra ölkələrdə də mövcuddur. Onun fikrincə, dövlət imtahanından keçərək qiymətləndirici peşəsinə yiyələnmiş mütəxəssislərə də müvafiq məlumatlardan istifadə imkanı yaradılmalıdır. Bu, qiymətləndirmə zamanı obyektlərin dəqiq yerinin, sahəsinin və konturlarının müəyyənləşdirilməsinə kömək edər.
O vurğulayıb ki, banklar kredit ayırarkən qiymətləndirmə hesabatlarına əsaslanır, audit və müəssisələrin balansında olan əmlakın qiymətləndirilməsi zamanı da bu xidmətlərə müraciət edilir. Bundan başqa, alqı-satqı, köçürülmə, söküntü və kompensasiya proseslərində də qiymətləndirmə şirkətlərinin xidmətlərindən istifadə olunur.
Vüqar Orucun sözlərinə görə, bu qədər geniş sahədə fəaliyyət göstərən qiymətləndiricilərin müvafiq dövlət informasiya sistemlərinə çıxışının təmin edilməsi onların işinin daha şəffaf, obyektiv və operativ həyata keçirilməsinə mühüm dəstək ola bilər.
MM.AZ
