Ölkə başçısının imzaladığı mühüm qanunvericilik aktları

İqtisadiyyat

Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın, innovativ texnologiyaların, eləcə də yüksək elmtutumlu sahələrin sürətli inkişafını təmin etmək məqsədilə həyata keçirilən strateji islahatlar yeni mərhələyə qədəm qoyub.

Ölkə başçısının imzaladığı mühüm qanunvericilik aktları və dövlət səviyyəsində atılan addımlar yerli və xarici investorlar, eləcə də İT sektorunda fəaliyyət göstərən mütəxəssislər üçün görünməmiş stimullar yaradır. Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən əsaslı dəyişikliklər nəticəsində texnologiyalar parkının rezidentlərində çalışan fiziki şəxslər üçün tam 20 illik misli görünməmiş vergi güzəşti müəyyənləşdirilib. Qəbul edilən bu qərar ölkədə intellektual potensialın qorunub saxlanılması, kadr axınının qarşısının alınması və yerli İT mütəxəssislərinin sosial rifahının yüksəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Məcəlləyə edilən yeni dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidentlərində, o cümlədən texnologiyalar parkından kənar fəaliyyət göstərən rezidentlərində bu fəaliyyətin məqsədləri üçün çalışan fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2027-ci il yanvarın 1-dən etibarən 20 il müddətində 0 faiz dərəcəsi ilə tutulacaq.

Bu o deməkdir ki, texnologiyalar parklarının ekosistemində təmsil olunan şirkətlərdə çalışan mühəndislər, proqramçılar, İT mütəxəssisləri və digər əməkdaşlar uzunmüddətli perspektivdə gəlir vergisindən tamamilə azad olunacaqlar. Sözügedən addım ölkədə rəqəmsal transformasiya proseslərini sürətləndirməklə yanaşı, Azərbaycanın regional miqyasda mühüm texnoloji haba çevrilməsinə zəmin yaradır.

İqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, Vergi Məcəlləsinə edilən bu dəyişiklik ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə də informasiya texnologiyaları və innovasiya sahəsinin inkişafında keyfiyyətcə yeni dövrün başlanğıcını qoyur: “Ölkəmizdə uzun müddətdir ki, iqtisadiyyatın şaxələndirilməsi və neft-qaz sektorundan asılılığın azaldılması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Texnologiyalar parklarının rezidentləri üçün tətbiq edilən 20 illik sıfır faizlik gəlir vergisi güzəşti sadəcə vergi yükünün azaldılması deyil, həm də bütövlükdə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin kökündən artırılmasına hesablanmış strateji qərardır. Bu qərar sayəsində yerli şirkətlər öz işçilərinə daha yüksək əməkhaqqı təklif etmək imkanı qazanacaq və eyni zamanda xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin Vətənə qayıtması üçün güclü iqtisadi stimul yaranacaq”.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir