Türkiyə mediasında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı barədə yayılan məlumatlar təkzib edilib.

Azərbaycan Respublikası Media və Yayım Şurası bununla bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan iddialar əsassızdır.
Qeyd olunub ki, bu cür məlumatlar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və Azərbaycan haqqında yanlış təsəvvür formalaşdırmağa yönəlib.
Şura ayrı-ayrı siyasi və ictimai şəxslərin də bu cür məlumatların yayılmasında iştirak etməsini və əsassız iddiaları təhqiramiz ifadələrlə təqdim etməsini qəbuledilməz hesab edib.
Açıqlamada media nümayəndələri, siyasi və ictimai şəxslər informasiya yayımında məsuliyyətli davranmağa, ictimaiyyət isə bu cür paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələrdən yoxlamağa və dezinformasiyanın yayılmasına şərait yaratmamağa çağırılıb.
MM.AZ
