Rüşvət və korrupsiya faktlarını açıqlayanlara pul mükafatı veriləcək – məlumat verən şəxsin işdən çıxarılması və ona təzyiq göstərilməsi cərimə ilə nəticələnə bilər
Azərbaycanda korrupsiya ilə mübarizədə yeni mərhələnin başlanması nəzərdə tutulur. Milli Məclisin 30 oktyabr 2026-cı il tarixli plenar iclasında korrupsiya faktları barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsini nəzərdə tutan yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi korrupsiya hallarının üzə çıxarılmasını stimullaşdırmaq, məlumat verən şəxslərin təhlükəsizliyini və əmək hüquqlarını qorumaq məqsədi daşıyır.
Layihəyə əsasən, korrupsiya barədə verdiyi məlumat təsdiqini taparsa, şəxsə təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək.
Mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən çox ola bilməz. Məbləğ müəyyən edilərkən bir neçə amil nəzərə alınacaq:
- Aşkar edilən korrupsiya faktının xarakteri;
- Hüquqpozmaların sayı;
- Verilən məlumatın faktın üzə çıxarılmasındakı əhəmiyyəti;
- Dövlətə və ya təşkilata vurulmuş zərərin həcmi;
- Bərpa edilmiş aktivlərin məbləği.
Məlumatın doğruluğu təsdiqləndikdən sonra mükafatın 10 iş günü ərzində ödənilməsi nəzərdə tutulur.
Qanun layihəsində daha bir diqqətçəkən mexanizm yer alıb.
Əgər korrupsiya faktı üzrə cinayət təqibi nəticəsində ittihamedici hökm və ya digər yekun qərar çıxarılarsa, müəyyən şərtlərlə xüsusi müsadirə edilmiş əmlakdan, pul vəsaitindən, yaxud dövlətə ödənilməsi təmin edilmiş maddi ziyandan 5 faiz məbləğində vəsait məlumat verən şəxsə ödənilə bilər.
Bu mexanizm korrupsiya nəticəsində mənimsənilmiş vəsaitlərin geri qaytarılmasına kömək edən məlumatların əhəmiyyətini artırmağa yönəlib.
Layihənin mühüm istiqamətlərindən biri məlumat verən şəxslərin təzyiqlərdən qorunmasıdır.
İşəgötürənin korrupsiya barədə məlumat verdiyinə görə həmin şəxsdən qisas almaq məqsədilə ona qarşı intizam tədbiri tətbiq etməsi, əmək müqaviləsinə xitam verməsi, vəzifəsini aşağı salması və digər mənfi tədbirlər görməsi yolverilməz olacaq.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, belə qisas xarakterli hərəkətlərə görə 3000 manatdan 5000 manatadək cərimə nəzərdə tutulur.
Layihədə konfidensiallıq məsələsinə də xüsusi diqqət ayrılıb. Mükafatın rəsmiləşdirilməsi və ödənilməsi zamanı məlumat verən şəxsin kimliyinin qorunması nəzərdə tutulur.
Şəxsin razılığı olmadan onun barəsində məlumatların açıqlanmasına yol verilməməlidir.
Qanun layihəsi hər hansı şəxsin şəxsi maraqlarını təmin etmək, qanunsuz imtiyaz əldə etmək və ya başqa şəxslərə zərər vurmaq məqsədilə bilərəkdən yalan və böhtan xarakterli məlumat verməsini korrupsiya barədə məlumatvermə hesab etmir.
Beləliklə, mükafat yalnız araşdırma nəticəsində təsdiqlənən məlumatlara və qanunda nəzərdə tutulan şərtlərə uyğun hallara aid olacaq.
Təklif olunan mexanizm korrupsiya hallarının yalnız dövlət qurumlarının yoxlamaları nəticəsində deyil, həmin halların şahidi olan şəxslərin məlumatları əsasında da üzə çıxarılmasına imkan yaratmağı hədəfləyir.
Lakin sistemin effektivliyi məlumat verənlərin həqiqətən qorunmasından, müraciətlərin obyektiv araşdırılmasından və qanunun praktikada necə tətbiq olunmasından asılı olacaq.
Qeyd edək ki, qanun layihəsi 30 oktyabr 2026-cı ildə Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Digər oxunuşlar və qanunun qüvvəyə minməsi prosesi hələ nəzərə alınmalıdır.
MUASİRMEDİA.AZ
