Firidun bəy Köçərli ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi, böyük vətəndaş və milli duyğulara sahib bir fədai kimi adını tariximizə həkk etdirən tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdəndir.
XIX əsrin sonlarından başlayaraq Azərbaycan türklərinin etnik və mədəni-siyasi qüdrətini, milli varlığını bütün dünyaya tanıtmaq üçün Oqtay fədakarlığı ilə fəaliyyətə başlayan ziyalı şəxsiyyətlər arasında Firidun bəy Köçərlinin bənzərsiz siması və böyük xidməti aydın görünür. Onun başladığı şərəfli işin ləyaqətli davamçılarından olan F.Hüseynov doğru deyir ki, XX yüzilin “ ilk rübündə realist bədii nəsr, dramaturgiya, inqilabi satira və publisistika sahəsində C.Məmmədquluzadənin, yeni şeir aləmində M.Ə.Sabirin, musiqi mədəniyyəti cəbhəsində Ü. Hacıbəyovun gördüyü iş ədəbiyyatşünaslıq elmində Firidun bəy Köçərlinin üzərinə düşmüşdür”. O böyük tənqidçi, Azərbaycan ədəbiyyat tarixçiliyinin banisi, bütün şüurlu ömrünü doğma xalqının maariflənməsi və mədəni-siyasi tərəqqisi yolunda şam kimi əridən vətəndaş ziyalıdır.
Firidun Əhməd bəy oğlu Köçərli 1863-cü il yanvarın 26-da Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində savadlı bəy ailəsində anadan olmuşdur. Ədibin “Köçərli” kimi tanınmasının tarixi kökləri mövcuddur. Onun ulu babalarından olan Məhəmməd Cavanşir mahalın Köçərli kəndindən Şuşaya köçmüş, şəhərin şimal-qərbində yurd salmış və sonralar onun övladları Köçərli kimi tanınmışdır. Firidun bəyin uşaqlığı məktəbdə gedənə qədər ailə ilə birlikdə qışda Əyricə kəndində, yazda-yayda Şuşada keçmişdir. Atası onda şeirə-sənətə həvəs oyatmaq, ona fars dilini öyrətmək məqsədilə 1872-ci ildə Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə ibtidai təhsil alaraq, Sədinin “Gülüstan” və “Büstan” əsərlərini, Füzulinin “Leyli və Məcnun” məsnəvisini oxuyub öyrənir. 1876-cı ildə atasının arzusu ilə doğma şəhərində fəaliyyət göstərən rus məktəbinə daxil olur. Həmin məktəbin üçüncü sinifində oxuyarkən Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi, məşhur rus pedaqoqu A.O. Çernyayevskinin (1840-1897) Qafqaz şəhərlərini dolaşaraq Qori Müəllimlər Seminariyası üçün tələbələr cəm etdiyini görən F.Köçərli təhsilini daha da artırmaq marağı oyanır. 1879-cu ildə Qori müəllimlər seminariyasına oxumağa gedir.
1879-1885-ci illərdə Zaqafqaziya Müəllimlər seminariyasında təhsil alan F.Köçərli əməksevərliyi və çalışqanlığı sayəsində qısa zaman kəsiyində rus dilini və rus ədəbiyyatını dərindən öyrənərək qabaqcıl tələbələrdən biri olur. Seminariyanı bitirəndən sonra pedaqoji fəaliyyətə İrəvan gimnaziyasında müəllim kimi başlamış (1885-1895), sonra Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində müvəqqəti təlimatçı kimi (1910-1918) çalışmışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılan Firidun bəy Köçərli “Kollecski sekretar”, “Titulyar sovetnik” və “Statski sovetnik” rütbələrinə layiq görülmüşdür.
Köçərlini İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. 1918-ci ildə Firidun bəyin təşəbbüsü ilə seminariyanın Azərbaycan bölməsi Azərbaycana – Qazax şəhərinə köçürülmüşdür. Sonradan Qazaxda ilk uşaq evi açır. 1918-ci il 28 may tarixində Azərbaycan Milli Şurasının üzvü seçilir və İstiqlal bəyannaməsini imzalayır. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər o, burada açılmış Qazax müəllimlər seminariyasının müdiri vəzifəsində (1918-1920) işləmişdir.
Firiun bəy Köçərli ədəbi – ictimai fəaliyyətə İrəvan gimnaziyasında çalışdığı illərdən başlamış, ilk məqalələri bu dövrdə işıq üzü görmüşdür. Ensiklopedik biliyə malik görkəmli pedaqoq-alim Firidun bəyin fəaliyyət istiqamətlərinin hər biri ayrıca tədqiqatın predmetidir. Onun pedaqoji, ədəbiyyatşünaslıq sahələrində fədakar, yorulmaz fəaliyyəti, publisistik və epistolyar irsi Azərbaycanın elmi-mədəni inkişafında mühüm iz qoymuşdur. Ədəbiyyatşünaslıq fəaliyyəti ilə Azərbaycanda yeni tədqiqatçılıq məktəbinin əsasını yaratmışdır. Klassik və müasir Azərbaycan ədəbi fikri ilə yanaşı, rus ədəbiyyatı klassiklərinin həyat və yaradıcılığının tədqiqi F.Köçərlinin elmi araşdırmalarında əhəmiyyətli yer tutur. Həmin illərdə Firidun bəy Köçərli “Azərbaycan tatarlarının ədəbiyyatı” adlı ilk iri həcmli əsərini qələmə almışdır. Zaqafqaziya müəllimlər seminariyasında işlədiyi illərdə “Azərbaycan türk ədəbiyyatı” əsərini (1908) bitirmişdir. Lakin bu əsər sovet hakimiyyəti illərində Bakıda “Azərbaycan ədəbiyyatı tarixi materialları” (iki cilddə) adı ilə (1925-1926) nəşr edilmişdir. Burada XVIII – XIX əsr Azərbaycan ədəbiyyatının ilk geniş elmi şərhi verilmişdir. Əfsuslar olsun ki, əsərin XX əsr ədəbiyyatından bəhs edən hissəsi itmişdir. Zaqafqaziyanın dövri mətbuatında onun rus, gürcü və Azərbaycan klassik yazıçıları haqqında saysız-hesabsız ədəbi oçerkləri, məqalələri çıxmışdır. Firidun bəy Köçərli burada ictimai haqsızlığa, dini fanatizmə, cəhalətə qarşı çıxmış, maarif, mədəniyyət, tarix, iqtisadiyyat və pedaqogika problemlərinə toxunmuşdur. Alimin 1911-ci ildə dərc olunun “Mirzə Fətəli Axundov” kitabında ilk dəfə olaraq Şərqin ilk böyük dramaturqunun taleyinə və bənzərsiz sənətinə sistemli şəkildə işıq tutulmuşdur. O, “Təlimi Sokrat” kitabını, klassik rus və gürcü ədəbiyyatından nümunələri azərbaycan dilinə, M.F. Axundzadənin “Aldanmış kəvakib” povestini rus dilinə tərcümə etmişdir.
Firidun bəy Köçərli Azərbaycan folklorşünaslığında da xüsusi xidmətləri olan şəxsiyyətlərdəndir. Mütəxəssislərin də təsdiqlədikləri kimi folklorşünaslığın yaranması şifahi xalq ədəbiyyatının toplanması, sistemləşdirilib nəşr olunması ilə bilavasitə bağlıdır. Bu sahədə Köçərlinin özünəməxsus yeri vardır. Firidun bəy Köçərli bir ədəbiyyatşünas kimi araşdırmalarına folklor nümunələrini yazıya almaqla başlamışdır. Qədim musiqi mədəniyyətimizin beşiyi olan Şuşada dünyaya göz açmış Firidun bəy Köçərli el sənətini dərin vətəndaşlıq hissi ilə sevərək qədrini bilmiş, şifahi ədəbiyyatın itib-batmaması və unudulmaması üçün qorumağı vacib hesab etmişdir. Bunun üçün böyük maarifçi-pedaqoq və ədəbiyyatşünas toplayıcılıq işinə başlamış, Aşıq Valehin şeirlərinin, o cümlədən onun məşhur vücudnaməsinin, xalq bayatılarının, uşaq folkloru incilərinin bir qismini dövri mətbuatda çap etdirmişdir.
Şifahi xalq ədəbiyyatının növ və janr zənginliyini aşkarlayan görkəmli ədəbiyyatşünas alim qeyd edib ki, keçmişdə şan və qüvvət sahibi olan türk milləti öz məişətinə, ayin və adətinə dair yaratdığı nağıl və hekayələr, gözəl mənzumələr, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı müəmma və tapmacalar, körpələrin qəlbini açan düzgülər və yanıltmaclar, heyvanat qisminə məxsus sayaçı sözləri unudulmaqdadır. Böyük maarifpərvər bu unudulmaq təhlükəsini duyaraq folklorumuzu toplamağa başlamışdı. O dövrlərdə məktəblərdə çalışan soydaşlarına yazdığı məktublarda toxunduğu məsələyə bir daha qayıdaraq göstərirdi: “O millət ki, öz tarixini, dolanacağını, vətənini və dilini sevir – bu qisim əsərləri kəmali şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və uşaqların ilk təlim-tərbiyəsini onları öyrətməklə başlayır”. Firidun bəy Köçərli gənc nəsli düzgün tərbiyə etmək, onda vətənə, xalqa, ana dilinə məhəbbət duyğuları oyatmaq üçün uşaqları hələ kiçik yaşlarından şifahi ədəbiyyat nümunələri ilə tanış etməyi ilkin tərbiyə üsullarından sayır və bunu valideynlərə məsləhət görürdü. Heç təsadüfü deyil ki, o çap etdirdiyi şifahi xalq ədəbiyyatı nümunələri kitabına bu baxımdan çox mənalı olan “Balalara hədiyyə” adı vermişdir.1908-ci ildə ölkəmizin müxtəlif bölgələrinin şifahi söz xəzinəsini əks etdirən “Balalara hədiyyə” kitabı işıq üzü görmüşdür.
“Balalara hədiyyə” kitabı Azərbaycan folklorunun ilk antologiyası idi. Bu kitab indi də uşaqlar üçün maraqlıdır, əzizdir. “Balalara hədiyyə” uşaqların fikrini aydınlaşdıran, xəyalını qanadlandıran, uşaqlara həyat və təbiət haqqında məlumat verən qiymətli bir inci xəzinəsidir.
Dövrünün ədəbi hadisələrini diqqətlə izləyən Firidun bəy Köçərli ədəbiyyatda xəlqiliyin və demokratik meyllərin inkişaf etdirilməsi üçün ciddi səy göstərmiş, realizmin yorulmaz təbliğatçısı olmuşdur. Onun C. Məmədquluzadə, M.Ə. Sabir, Ə. Haqverdiyev, N. Nərimanov kimi sənətkarların əsərləri və “Molla Nəsrəddin” jurnalı haqqında söyədiyi fikirlər tədqiqat nöqteyi-nəzərindən çox qiymətli və maraqlıdır. Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq XX əsrə qədərki ədib və şairlərin böyük əksəriyyətini əhatə edən ədəbiyyat tarixini yazmağa təşəbbüs göstərmişdir. “Materiallar” da yüz iyirmi doqquz şairin ədəbi irsi və onlardan böyük bir qisminin ilk dəfə olaraq tərcümeyi-halı verilmiş, əsərləri haqqında orijinal fikirlər söylənmişdir. Firidun bəy Köçərlinin ədəbiyyatımızın M. Füzuli, S. Ə. Şirvani, M. P. Vaqif, M. F. Axundov, Q. Zakir kimi görkəmli simalarının yaradıcılığına həsr edilmiş tədqiqatı onun Azərbaycan ədəbiyyatına çox gözəl aşina olduğunu göstərir. Firidun bəy Köçərlinin həm tənqidi məqalələrində, həm də tədqiqatçılıq fəaliyyətində bariz şəkildə nəzərə çarpan xüsusiyyətlərdən biri və demək olar ki, ən başlıcası onun müasirlik probleminin ön plana çəkməsidir. Məşhur yazıçı-alim Mir Cəlal Paşayev onun xidmətlərini nəzərə alaraq demişdir ki, bir institutun görə bilmədiyi işi F. Köçərli təkbaşına görmüşdür. Bu görkəmli maarifçi iyirmi ildən çox Qoridə, on il İrəvan gimnaziyasında, iki ilə yaxın Qazax seminariyasında azərbaycanlı gənclərin təlim-tərbiyəsi ilə məşğul olmuş və “Azərbaycan ədəbiyyatı” kimi çox sanballı elmi əsər yazmışdır. Firidun bəy Köçərlinin dilə dair görüşlərində mətbuat dili məsələləri də mühüm yer tuturdu. Firidun bəy Köçərli M. F. Axundzadə və M. Şahtaxtinskidən sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə əlifba islahatı aparılması yolunda çalışan xadimlərdəndir. Azərbaycan dilini başqa dillərin zərərli təsirindən qorumaq üçün F. Köçərli, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli, Ö.F.Nemanzadə və başqa mütərəqqi ziyalılardan ibarət olan cəbhə yaradıldı. Bu cəbhənin işi Azərbaycan ədəbi dilini canlı xalq dilinə getdikcə daha artıq yaxınlaşdırmaq, inkişaf etdirmək idi. Onlar dili millətin əvəzsiz sərvəti hesab edirdilər. Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı” əsərində məşhur rus pedaqoqu K.D.Uşinskinin aşağıdakı sözlərini misal gətirmişdi: “Madam ki, bir millətin özünəməxsus ana dilisi xarici dillərin təqəllüb və təsəllütündən salamat qalıbdır, o millət özü də salamatdır”. Ümumiyyətlə, ədəbi-bədii dildə olduğu kimi, burada da onun ardıcılıqla müdafiə və təbliğ etdiyi fikir mətbuatın xalq dilinə yaxın, aydın, sadə, anlaşıqlı bir dildə olması tələbi idi. F. Köçərli müasir ziyalılara və tələbələrinə Azərbaycan dilini yaxşı bilmək, bu dilin canlı üslubunda yazıb yaratmaq üçün M. P. Vaqif, M. V. Vidadi, H. Zərdabi, S. Ə. Şirvani, A. Bakıxanov, Q. Zakir, M. F. Axundzadə kimi yazıçıların əsərlərini oxuyub öyrənməyi məsləhət görürdü. O qeyd edirdi ki, “Vaqifin adını eşitməyən və şənində söylənən “Hər oxuyan Molla Pənah Vaqif olmaz” məsəlini bilməyən yoxdur. Vaqifi belə şöhrətləndirən, əlbəttə, onun rəvan təbii, mövzun kəlamı və gözəl qafiyələri olubdur”, şairin əsərləri indi də dillər əzbəridir. Klassiklərin məziyyətini onların dilə ehtiram və məhəbbətində, söz ustaları olmalarında görən alim göstərirdi ki, “böyük ədiblərin yazısı həmişə açıq və sadə olur”. Firidun bəy Köçərlinin fikrincə, Mirzə Fətəli Axundzadənin, Qasım bəy Zakirin, Həsən bəy Məlikzadənin asari-qələmiyyələri bizim bu qövlümüzə şahiddir. Rus ədəbiyyatını həm bir müəllim, həm tənqidçi, həm də tərcüməçi kimi öyrənib təbliğ edən Firidun bəy Köçərlinin A.S. Puşkindən “Torçu və balıq”, M.Lermantovdan “Üç xurma ağacı”, A.P. Çexovdan “At familiyası” kimi tərcümə əsərlərini ədəbi ictimaiyyət rəğbətlə qarşılamışdı. Bu tərcümələr ədəbiyyatımızı ideya cəhətdən daha da zənginləşdirmişdir. Rus ədəbiyyatının Azərbaycanda yayılması və təbliğində Firidun bəy Köçərli bir çox müasirlərindən öz işinin ardıcıllığı ilə seçilirdi. Beləliklə, görkəmli ədəbiyyatşünas alim, tənqidçi və maarif xadimi Firidun bəy Köçərlinin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən, onun “Azərbaycan ədəbiyyatı” monoqrafiyası isə milli ədəbiyyatşünaslığın yeni istiqamətində inkişafında böyük rol oynayan və özünün saysız-hesabsız müsbət, mütərəqqi cəhətləri ilə bu gün də əhəmiyyətini, təravətini itirməyən əsərlərdən biridir. Bütün bu xidmətlərinə görə Firidun bəy 1899-cu ildə III dərəcəli “Müqəddəs Anna” ordeni ilə, 1902-ci ildə isə II dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilmişdir. Bəli, F. Köçərli sözü ilə işi düz gələn şəxsiyyətdir. Firidun bəy Köçərliyə görə, kamil şair və ağıllı ədib həqiqətdə o şair və o ədibdir ki, “öz millətinin dili ilə danışa, ürəyi ilə, hissi və ağlı ilə fikir edə. Çünki milləti haqq və savaba irşad edən, şöhrət və hörmətə yetirən onlardır”.
Çox təəssüflər olsun ki, 1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti bolşevik-daşnaq qüvvələri tərəfindən süquta uğradılandan sonra başlanan faciə və məqsədli terror qurbanlarından biri Firidun bəy Köçərli olmuşdur. Firidun bəy Köçərli Sovet hakimiyyətinin ilk aylarında repressiyaya məruz qalmışdır. Belə ki, 1920-ci ilin mayında Qazax kommunistləri Köçərli və digər “Müsavat” üzvlərini “xalqa xəyanətdə”, “milli nifaq” törətməkdə ittiham etmişdir. Müsavatçı olduğu üçün ona “əksinqilabçı” və “millətçi” damğası vuraraq günahlandırırlar. Guya Azərbaycan Xalq Cümhuriyyəti dövründə F.Köçərli ona verilən səlahiyyətlərdən istifadə edib, xalqı aldatmış, əhalini incitmiş, kommunist partiyasının üzvlərini təqib etmiş, yoxsul kəndlilərin torpaqlarını şallaq gücünə mənimsəmiş, yerlərdə milli nifaq törətmişdir. İttihamların hamısını rədd etməsinə baxmayaraq, Gəncə Fövqəladə Komissiyası Firidun bəyi ölüm cəzasına məhkum etmişdir.1920-ci ildə Gəncədə baş verən antisovet üsyanı zamanı XI Qızıl ordunun 20-ci diviziyasının hökmü əsasında 24 mayda evinin qarşısında həbs edililərək, erməni Sarkis Danilyanın diktəsi ilə Firidun bəy Köçərli haqqında verilən saxta hökmə əsasən iyun 4-də 58 yaşında güllələnmişdir. Bu hadisəni xalq şairi Mirvarid Dilbazi şeir dili ilə oxucusuna aşağıdakı şəkildə çatdırmışdır:
Başına tuşlanan düşmən xəncəri
Xalqının qəlbinə tuşlandı sənin.
Bu müdhiş ölümün acı xəbəri
Sağalmaz dərdidir bizim vətənin.
Azərbaycan xalqının ləyaqətli oğlu, böyük ziyalı, ədəbiyyatşünas-alim, maarifçi-demokrat Firidun bəy Köçərli ümumtürk mədəniyyətinin tərəqqi və çiçəklənməsinə xidmət göstərmiş, fəaliyyətinin bütün sahələrində türk xalqlarının, türk ədəbiyyatının və mədəniyyətinin ayrılmasına, təfriqə düşməsinə yox, birliyinə, möhkəmlənməsinə çalışmışdır. Bütün şüurlu həyatı boyu mətbuatla sıx əlaqədə olan Firidun bəyin yüzlərcə məqaləsi hələ öz sağlığında Bakı, Tiflis, Bağçasaray və Peterburqda çıxan qəzetlərdə nəşr olunmuş, bir neçə kitabı işıq üzü görmüşdür.
Ədibin ölümündən sonra onun xatirəsini əziz tutan Azərbaycan xalqı və dövləti 12 sentyabr 1967-ci ildə Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 25 saylı (§22) sərəncamına əsasən Respublika Uşaq Kitabxanasına uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin adını vermiş, müxtəlif illərdə F.Köçərlinin kitablarını nəşr etmiş, haqqında çoxlu məqalə, kitab, dissertasiya yazılmış, ədəbi irsi araşdırılıb, tədqiq olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2013-cü ildə Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında verdiyi Sərəncam və bu münasibət ilə 1967 və 1987-ci illərin nəşri əsasında yenidən çap etdirdiyi “Balalara hədiyyə” kitabı buna daha bir sübutdur.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının da bu sahədə üzərinə çox mühüm vəzifələr düşmüşdür. Bizim ən ümdə vəzifəmiz böyük ədibimizi oxucularımıza tanıtmaq, onun dəyərli əsərlərini onlara sevdirməkdir. Belə ki, 2014-cü ildə kitabxanamız tərəfindən bu böyük şəxsiyyətin həyat və fəaliyyətini geniş şəkildə əks etdirən “Firidun bəy Köçəli” adlı fundamental biblioqrafiya tərtib edilmişdir. Görkəmli şəxsiyyətin həyat və fəaliyətinin bütün dövrlərini əhatə edən bu biblioqrafiya iki hissədən ibarətdir. I hissə: Firidun bəy Köçərlinin əsərləri; II hissə: Firidun bəy Köçərli haqqında. Vəsaitdə “Firidun bəy Köçərlinin müdrik fikirləri”, “Görkəmli şəxslər Firidun bəy Köçərli haqqında” başlıqlı yazılar da verilmişdir. 2018-ci ildə ədibin 155 illik yubleyi münasibətilə kitabxana tərəfindən bir sıra tədbirlər keçirilmiş və yubileylə əlaqədar “Azərbaycan folklorunun vurğunu Firidun bəy Köçərli” adlı metodik vəsait hazırlamışdır. 2019-cu il aprelin 9-da isə Mədəniyyət Nazirliyinin dəstəyi və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə, görkəmli ədəbiyyatşünas alim F.Köçərlinin 174 səhifəlik 1890-2014-cü illəri əhatə edən fundamental biblioqrafiya kitabının əsasında son 5 il ərzində F.B.Köçərli haqqında dərc olunmuş materiallar da (kitablarda və dövri mətbuat) əlavə olunaraq hazırlanan “Elektron məlumat bazası” oxuculara təqdim edildi. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında reallaşan tədbir çərçivəsində, 11 bölmədən ibarət olan F.Köçərli adlı Elektron məlumat bazasında ədibin həyat və fəaliyyətinin əsas tarixləri, F.Köçərlinin müdrik deyimləri, görkəmli şəxsiyyətlərin şair haqqında söylədiyi fikirləri, əsərləri, xatirəsinin əbədiləşdirilməsi, F.Köçərliyə həsr edilmiş şeirlər, fotoqalereya və videoqalereya bölmələri haqqında ətraflı məlumat verildi. Ümumilikdə baza 1911-2018- ci illəri əhatə etmişdir.
Tarixdən məlumdur ki, dahi insanlar haqqında xoş sözlər demək, yüksək fikirlər söyləmək o qədər də asan olmayıb. Biz inanırıq ki, Azərbaycan mədəniyyəti tarixində dərin iz qoymuş əvəzolunmaz ədəbiyyatşünas Firidun bəy Köçərli illər ötsə də hörmətlə anılacaq, yada düşəcək, xalqımız böyük mütəffəkirimizi heç vaxt unutmayacaq.
MUASİRMEDİA.AZ
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının
elmi katibi Əzizova Tünzalə
