Yüsif Pezeşkiyan:”Öz-özümə fikirləşirdim ki, mən necə prezident oğluyam ki, xaricdə yaşayan bir monarxiya tərəfdarı atəşkəs xəbərini məndən tez öyrənib.”
Salam dostlar,
Səhər bir iclasda idim, orada kabinetin bir neçə üzvü də iştirak edirdi. Heç birimiz bilmirdik ki, hər hansı bir danışıqlar gedirmi ya yox. İclasda olan bəzi üzvlər narahat idilər. Sabah səhər baş verə biləcək hadisədən narahat idilər. Deyirdilər ki, prezident xalqla danışmalıdır. Elə bu gecə danışmalıdır. Sabah gecdir… Heç kim bunu açıq demirdi, amma məncə hamı ABŞ-ın nüvə bombasına əl atmasından ehtiyat edirdi…
Başqa bir görüşüm var idi, iclasdan tez çıxdım. Görüş yerinə səhv getdim və bu da gecikməyə səbəb oldu. Getmiş dostumu da geri qayıtması üçün zəng etdim…
İnformasiya üzrə müavinlikdəki dostlar prezidentin təsdiqi olarsa yayımlanacaq bir mətn hazırlamışdılar. Ağlıma bəzi məqamlar gəldi ki, yaxşı olar mətndə olsun. Bir kağız götürdüm və qeydlərimi yazdım. İstəyirdim ki, hazır mətni görmədən fikirlərimi yazım ki, düşüncəm yönləndirilməsin.
Bütün İran xalqına müraciət olunsun, şəhid ailələrinə başsağlığı verilsin, silahlı qüvvələrə təşəkkür edilsin, müharibə günlərində küçələrdə olan və ölkəyə dayaq duran xalqa minnətdarlıq bildirilsin, xalqa xidmət edən hər kəsə təşəkkür edilsin, birlik vurğulansın və s.
Beləcə bir səhifə özüm üçün yazdım. Amma qeydlərim yanımda qaldı və mətn barədə dostlarla danışmadım. Həmin mətni təsdiq üçün göndərdilər. Mən bu qeydi yazdığım ana qədər hələ heç bir mətn yayımlanmayıb.
Prezidentlərin şəxsi xüsusiyyətləri fərqli olur. Çox nadir hallarda elə prezident tapılar ki, bütün mətnləri özü yazsın. Əksər hallarda onlar üçün hazırlanan mətnləri dəyişmədən oxuyurlar və ya yayımlamağa icazə verirlər. Doktor Pezeşkian isə adətən mətnləri dəyişir, xüsusilə çıxış mətnlərini. Vacib çıxışlar üçün bəzən yarım gün vaxt ayırır və mətn üzərində işləyir. Onun prinsipi budur ki, ağlından və ürəyindən keçməyən sözü dilinə gətirməsin. Elə buna görə də çıxışlarında özünəməxsus imza var. Mən adətən mətni oxuyanda rahatlıqla anlayıram ki, bu mətn ona məxsusdur ya yox. Prezidentlərin ruhiyyəsini anlayan insanların onların yanında olması uzaqdan görünməsə də çox vacibdir. Əgər bundan sui-istifadə olunmasa, bu, işləri asanlaşdıra bilər.
Bir müddət qardaşım Mehdi ilə birlikdə olduq və söhbət etdik. Ailənin əhəmiyyətindən danışdıq. Dedik ki, hər şeyini itirən, amma ailəsi yanında olan insanlar daha möhkəm olur və çətinliklərə daha yaxşı dözürlər. Söhbətimizdə deməsəm də, fikrimdə bu da var idi ki, hər şeyi olan, amma ailəsində problem yaşayan insanlar tez sarsılır və uduzurlar.
Saat gecə 12-ni keçdi və (8 aprel) 19 Fərvərdininə, müharibənin 40-cı gününə daxil olduq. Yazmağa halım yox idi. Fikrim dağınıq idi. Diqqətim başqa yerdə idi. Sosial şəbəkələrdə mesajları yoxlamağa başladım. Gördüm ki, yeni tanış olduğumuz xaricdə yaşayan bir monarxiya tərəfdarı həmvətən mesaj yazıb: “Əgər elektrik kəsilsə və artıq danışa bilməsək… haqqınızı halal edin…” Fikrim dərhal nüvə bombasına getdi. Dedim yəqin səhər bomba atacaqlarını düşünüb ki, hamımız öləcəyik…
Yazdım:
“Hər nə Allah istəsə, o da olacaq.
Həyatınızı yaşayın, bizim üçün narahat olmayın.
Biz Allahın bizə verdiyi hər şeydən razıyıq.
Kaş Allah da bizdən razı qalsın.”
Sonra yazdı ki, “iki həftəlik atəşkəs elan olunub” və Ağ evin bəyanatını mənə göndərdi… Mənimlə paylaşdığı həmin bəyanatı… Bir neçə dəqiqə sonra dostlar da ŞƏAM-ın bəyanatını göndərdilər…
Öz-özümə fikirləşirdim ki, mən necə prezident oğluyam ki, xaricdə yaşayan bir monarxiya tərəfdarı atəşkəs xəbərini məndən tez öyrənib…
Bilirəm ki, qarşıda daha çətin günlər var və biz buna hazır olmalıyıq. Bilirəm ki, yorulmamalıyıq, amma insanıq da, bəzən yorula bilərik. Yorulduğumuz zaman hər birimiz öz yolumuzla nəfəs alıb güc toplayaq və yenidən meydana qayıdırıq.
Yüsif Pezeşkiyan
MM.AZ
