“44” gələcək nəsillərə Zəfərin kimlərin canı və qanı bahasına qazanıldığını çatdıracaq-FOTO

Mədəniyyət
Dünən təqdimatında iştirak etdiyimiz “44” filminin təsirindən hələ də çıxa bilmirəm… Bu duyğuları tək mən deyil, filmi izləyən hər kəs xüsusən şəhid analarımız, şəhid ailələrimiz və qəhrəman qazilərimiz də yaşadı.
Filmi əvvəldən sonadək göz yaşları və aramsız alqışlarla izlədik. Bu yaşıma qədər heç bir tədbirdə bu qədər davamlı, bu qədər ürəkdən gələn alqış eşitməmişdim. Hər alqışda qürur, minnətdarlıq, həm də bir nisgil vardı.
Bu alqışlar başda Müzəffər Ali Baş Komandanımıza, şəhidlərimizə, bütün şəhid analarımıza, qazilərimizə və Zəfər çalan Ordumuza ünvanlanırdı..
Bu filmdə Vətən sevgisi, birlik, qəhrəmanlıq, dostluq, məhəbbət, ayrılıq və fədakarlıq bir araya gəlmişdi. Döyüşlərin həyəcanını da, sevginin gücünü də, itkilərin ağrısını da ürəyimizdə hiss etdik.
Filmin sonunda “İndi isə səhnəyə Qəhrəmanları dəvət edirik” yazısından sonra mavi ekran qalxdı və şəhid anaları başları dik, məğrur addımlarla tamaşaçılara doğru gəldilər. Onlar 1990-cı illərdən bu günədək Vətən uğrunda canından keçən bütün şəhidlərimizin qəhrəman analarını təmsil edirdilər.
O analar bizə doğru gəldikcə, sanki qəhrəman övladları da onlarla birgə bizə yaxınlaşırdı… Hər birinin simasında böyütdüyü igidi, gözlərində övlad həsrətini və heç bir kədərin əyə bilmədiyi qüruru gördük. Vətənə igidlər yetişdirən o qəhrəman anaları ayaq üstə, göz yaşları və ardı-arası kəsilməyən alqışlarla qarşıladıq.
“44” gələcək nəsillərə Zəfərin kimlərin canı və qanı bahasına qazanıldığını çatdıracaq, şəhidlərimizin xatirəsini yaşadacaq dəyərli bir yadigardır.
İnşallah, “44” filmi türkdilli dövlətlərimizdə və dünyanın müxtəlif ölkələrində də nümayiş olunar, ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimiz də dünən bizim yaşadığımız o unudulmaz axşamın duyğularını — göz yaşlarına qarışan qüruru, ürəkləri titrədən kövrəkliyi və insanı ayağa qaldıran alqış coşqusunu yaşayarlar. İnanıram ki, bu film harada nümayiş olunsa, həmvətənlərimizin ürəkdən gələn alqışları bir-birinə qovuşacaq, Vətənə olan sevgimiz kimi sərhədləri aşacaq!
Sonda sözlərimi həm bu möhtəşəm filmə, həm də onun unudulmaz təqdimatına görə Vətənə sevgisi və şəhid ailələrinə qayğısı ilə qəhrəman analarımızın doğma oğluna çevrilən dəyərli Anar Ələkbərova, onun komandasına və əməyi olan hər kəsə ürəkdən gələn, ardı-arası kəsilməyən alqışlarla bitirirəm!

https://www.facebook.com/1304347704/videos/pcb.10235268686200317/1897078147939798

https://www.facebook.com/1304347704/videos/pcb.10235268686200317/1336232981779405

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir