Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon Komitəsinin təşkilatçılığı ilə təqaüddə olan mədəniyyət işçisi, “Cəngi” Milli Nəfəsli Xalq Kollektivinin üzvü, balaban ustası Gülmurad Babayev ziyarət olunub.
Görüşdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Salyan rayonu üzrə nümayəndə Şamxal Əhmədov, Dövlət Rəsm Qalereyasının direktoru, kinorejissor Kürçaylı Məmmədov, Əməkdar mədəniyyət işçisi, şəhid atası Cahangir Qaraşov, uzun zaman mədəniyyət sahəsində rəhbər vəzifələrdə çalışmış Lətif Zərbəliyev, MİHİ Salyan RK-nin təşkilat sədri Nüşabə Əzizova və “Cəngi” Milli Nəfəsli Xalq Kollektivinin üzvü, Mərkəzi Kitabxananın əməkdaşı Fəxrəddin Səmədov iştirak edib. Görüş zamanı “Cəngi” Milli Nəfəsli Xalq Kollektivin yaranmasından söhbət açılıb, xatirələr dilə gətirilib. Qeyd edək ki, Gülmurad Şahmurad oğlu Babayev 1930-cu ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub. Uşaq yaşlarından musiqiyə həvəsi olduğu üçün qarğıdan tütək hazırlayıb çalırmış. Gənc Gülmurad Babayevdə musiqiyə olan böyük həvəsi görən Əməkdar mədəniyyət işçisi Manaf Məmmədov 1971-ci ildə yaratdığı və rəhbərlik etdiyi “Cəngi” ansamblına balaban ustası kimi qəbul edir. Ansamblın yeni üzvlərinin yaradılmasında və ora cəlb edilməsində G.Babayevin böyük əməyi olub. O, elə həmin ildə Salyan rayon Mədəniyyət Evinin təsərrüfat müdiri vəzifəsinə təyin olunub. G.Babayevin də üzv olduğu “Cəngi” ansamblı respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə müxtəlif çıxışlar edib. Ansambl həmçinin Türkiyə, Rusiya, Yuqoslaviya, İspaniya, Türkmənistan, Özbəkistan, Macarıstan və başqa ölkələrdə keçirilən tədbir, konsert və festivallarda uğurla çıxış edib. Bu gün təqaüddə olan Gülmurad Babayev vaxtaşırı Salyan rayon Mədəniyyət Mərkəzində keçirilən musiqi məşqlərində iştirak edir, “Cəngi” Xalq Kollektivinin gənc üzvlərinə dəyərli tövsiyələrini verir.
YAQUB MEHDİ OĞLU