GÖYDƏN DÜŞƏN ÜÇ ALMA
Göydə çaxmaq çaxır ki…
Odu qovu yaxır ki…
Uçar bulud axır ki,
Bəlkəni eşə-eşə…
Bu göy hara baxır ki,
Əlindən alma düşə?!.
A naqqalə, a nənə,
Əhval çözələ yenə –
Nağılların ağzını
Üzü gerçəyə döndər;
Taxta-tuman cibindən
Özün bir alma göndər…
Yox, saxla o almanı,
Hələ cibində qalsın.
Məni elə sehrlə,
Nağıl ruhum ucalsın…
Onsuz, nağıl bitəndə
Göydən üç alma düşər.
Alma gözləntisində
Daim aldanar bəşər…
Ağıl rəml atsa belə,
Xəyalı ötə bilməz.
Üç almadan birinə
İki əl yetə bilməz…
Dad yad, quru adı bəs…
İlahi paydı alma.
Gündüz al Günəş-nəfəs,
Gecələr Aydı alma.
Sözdü alma böyüdən,
Kal budaqdan öc alma.
Ulduzlar yağdı göydən;
Ta düşmədi üç alma….
De bəs haçan yetərik
Üç almanın taxtına?!.
Yəqin biz də bitərik
Nağlın bitən vaxtına…
Üzdə həya aşına,
Nağıl-mağıl, səs salma.
O göylərin başına
Yerdən düşsün üç alma!..
Yusif Nəğməkar0 DOĞUM GÜNÜNZ MÜBARƏK.
19.11.2026.
MUASİRMEDİA.AZ
