Naxçıvan ədəbi mühitinin sevilən qələm sahiblərindən, say-seçmə ziyalılarından biri də şair, dramaturq Kəmalə xanım Ağayeva idi. O, 1936-cı ildə iyulun 10-da Naxçıvan şəhərində dünyaya gəlmişdi. Naxçıvan şəhər 2 sayılı tam orta məktəbi bitirmiş və 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində təhsil almışdır.
Kəmalə xanım 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar incəsənət xadimi (2002) və Prezident təqaüdçüsü idi.
Akademik İsa Həbibbəyli yazır ki, həyatı və yaradıcılığı teatr və dramaturgiya ilə üzvi şəkildə bağlı olan Kəmalə Ağayevanın “Məhsəti” mənzum dramı 1964-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük uğurla səhnəyə qoyulmuş, ona istedadlı dramaturq kimi şöhrət qazandırmışdır. Sonrakı illərdə müəllifin “İsmət” (1972), “Bizim dağların oğlu” (1976), “Mənim tanrım gözəllikdir, sevgidir” (1982) və “Apardı sellər Saranı” (1985) mənzum dramları da tamaşaya qoyulmuşdur.
Kəmalə Ağayeva həmçinin Azərbaycan nağıllarının süjetləri əsasında “Göyçək Fatma” (1993), “Tıq-tıq xanım” (1996), “Məlimkməmməd” (1998) adlı uşaq pyeslərinin, eləcə də “Sirli sözlər” (1999) və “Köhnə sandıq” (2001) kimi didaktik əsərlərin müəllifidir.
Xalq şairi Rəsul Rza Kəmalə xanımın yaradıcılığına nəzər salaraq deyirdi: “Son vaxtlarda nəşr olunan şeirlər içərisində Kəmalə Ağayevanın “Gənclik” şeiri yaxşı nümunələrdən sayılmalıdır. Bu, gözəl hisslə yazılmış həqiqi bir şeir nümunəsidir. Müəllifin gənc olduğuna və qələm təcrübəsinin azlığına baxmayaraq, bu əsərdə onun incə, poetik, lirik ürək döyüntüləri aydın duyulur… buradakı ifadə yeniliyini, poetik intibahın zərifliyi, sözlərin sadə və səmimiliyi oxucuda xoş təsir buraxır”.
Akademik İsa Həbibbəyli “Zəriflik və müdriklik nümunəsi” adlı məqaləsində yazır: “Kəmalə Ağayeva XX əsrin II yarısından sonrakı Azərbaycan mənzum dramaturgiyasının əsas yaradıcılarından biridir. O, Azərbaycan ədəbiyyatında ən tanınmış qadın dramaturqlarındandır. Kəmalə Ağayevanın Azərbaycanda mənzum dramaturgiyanın inkişafında mühüm xidmətləri vardır. Onun 1964-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük uğurla tamaşaya qoyulmuş “Məhsəti” mənzum dramı yeni tarixi mərhələdə bu janrın ən yaxşı nümunələrindən biridir. Bu mənzum dramda XII əsrdə yaşayıb-yaratmış tanınmış Azərbaycan şairəsi Məhsəti Gəncəvinin həyatından və yaradıcılıq fəaliyyətindən alınmış səciyyəvi səhnələr təqdim olunur. Kəmalə Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq Məhsəti Gəncəvinin obrazını teatr səhnəsinə çıxarmışdır. Onun təqdimatında Məhsəti Gəncəvi dərin fəlsəfi düşüncəyə malik rübailər ustadı və mühitə ayıq nəzərlərlə baxan ziyalı qadın kimi təqdim olunur. Kəmalə Ağayeva eyni zamanda dramda Azərbaycan qadınının cəmiyyətin inkişafındakı rolunu da diqqət mərkəzinə çəkmişdir. Məhsəti Gəncəvinin həyatı və fəlsəfi lirikası Kəmalə Ağayevanın zəriflik və müdrikliyin həyatda və ədəbiyyatdakı yerini və əhəmiyyətini dərindən açıb göstərməsinə, cəmiyyətin diqqət mərkəzinə çəkməsinə geniş imkan yaratmışdır.”
Haqqında yazılmış məqalələrdən məlum olur ki, Kəmalə xanım 1968-ci ildən etibarən 20 ildən artıq bir müddətdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbi hissə müdiri kimi çalışaraq, teatrın və dramaturgiyanın inkişafına böyük töhfələr vermişdir. 1971-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü seçilən şairə, teatrda tarixilik və müasirlik istiqamətində geniş işlər görmüşdür. O, həm də 1982-1986-cı illərdə Naxçıvan şəhər Sovetinin deputatı olmuşdur.
Bununla yanaşı, görkəmli şair, dramaturq fransız dilindən poetik tərcümələr etmiş, əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Kəmalə xanım haqqında danışarkən, qürurla deyə bilərik ki, o, Azərbaycan ədəbi mühitinin, xüsusilə də Naxçıvan ədəbi mühitinin dramaturgiyasına ilk dəfə tarixi obraz gətirən şair-dramaturq kimi həmişə böyük hörmət və ehtiramla xatırlanacaqdır…
Dedilər dağlarda bitən çiçəksən,
Mən onun ətrini almağa gəldim.
Dedilər döyünən odlu ürəksən,
O oddan könlümə salmağa gəldim.
Dedilər zirvənə ucalmaq olmur,
Mən sənin xəyalın olmağa gəldim.
Dedilər heç səndən ayrılmaq olmur,
Yanında əbədi qalmağa gəldim.
* * * * * *
Ömür dalğalanır yolların kimi,
Fəqət mehribansan ellərin kimi,
Heç gül də görmədim güllərin kimi,
Güllü-gülüstanlı Azərbaycanım.
İncə duyğulu, zərif ruhlu şairimiz Kəmalə xanım Ağayevanı dərin sayğı və rəhmətlə anırıq…
MM.AZ
MƏCİD RƏŞADƏTOĞLU