Kinorejissor Vaqif Mustafayev: “Kinostudiyaya yenicə gəlmişdim, aktyor kurslarında oxuyurdum, o dövrdə əsasən küçə qaydaları ilə yaşayırdım. Hamı mənim üçün mənən zəngin, maraqlı idi, xüsusən aktyorlar. Hər kəsi diqqətlə izləyir, insanlığına fikir verirdim.
Şahmar Ələkbərovla ilk dəfə “Qatır Məmməd” filmində işlədik. Filmi Hüseyn Seyidzadə çəkirdi və orda Qatır Məmmədi Əlabbas Qədirov oynayırdı.Çəkiliş prosesində Şahmar müəllimlə tanış oldum, dərhal ünsiyyətimiz alındı. Sözə sadiq, mərd birisiydi. Ulduz idi.
Şahmar Ələkbərov hər bir filmdə parlayırdı. “Qatır Məmməd” filmini Seyidzadədən alıb Rasim Ocaqova verdilər. Rasim Ocaqovun versiyasında Qatır Məmməd Şahmar Ələkbərov oldu. Şahmarı bir şey narahat edirdi, deyirdi, mən bu rolu Əliabbas Qədirovdan sonra necə oynayacam. Bir insan kimi o bu durumdan əziyyət çəkirdi. Əliabbasla ünsiyyət yaratmaq istəyirdi, axırda mən Əliabbasa gedib dedim ki, sən Allah, Şahmara halallıq ver, ona nəsə de ki, sakitləşsin.
“Bəyin oğurlanması” filmini Moskvaya aparmışdıq. Filmi rus dilində səsləndirmək üçün Şahmarı da özümüzlə götürdük. Filmi səsləndirib, uğurla təhvil verdik. Mənə də evdən tapşırmışdılar ki, ordan “Quş südü” tortu alım gətirim. Nəsə, o vaxtlar uzun növbələr olurdu. Bir adamdan növbəni pulla aldım. Növbəm çatanda dedilər kağızı göstər, göstərdim, kağızda adamın adı belə yazılmışdı: Sinişko. Bir kağıza baxdılar, bir mənə… Məndə də Sinişkoya oxşayan heç nə yox idi.
Pərt halda geri qayıtdım, Şahmar səbəbini soruşdu, əhvalatı ona olduğu kimi danışdım. Dedi, sənə “Quş südü” gətirəcəm. Bakıya qayıtdıq, üzərindən bir xeyli müddət keçdi, günlərin bir günü kinostudiyadaydım, gördüm Şahmar gəlir, əlində də quş südü… Evdə bişitdirmişdi.
Mən heyrət etdim, o böyüklükdə aktyor dediyi sözün üzərində dayanmışdı. Bu xırda nüans ola bilər, amma mənim üçün önəmi böyükdür. Düşünürəm ki, əgər insanın xatirəsi varsa, deməli, o insan yaşayır. Şahmar yaşayır…”


MM.AZ