Rusiyanın Ukraynada SOCAR-a məxsus obyektləri hədəf alması fonunda Moskvanın Bakıya qarşı informaiya müharibəsi yeni miqyas almaqdadır. Bu dəfə Rusiya mətbuatı Ukrayna ordusunun döyüş bölgəsindən yüzlərlə kilometr məsafədə yerləşən hədəfləri dəqiqliklə məhv etməsinin günahını ligər dövlətlərdə axtarmağa başlayıb.
Azərbaycana məxsus hədəflərə özünün qeyri-qanuni hücumlarını pərdələmək üçün Kreml media və «ekspertlər» vasitəsi ilə cəbhədən kənar hdəflərin vurulmasında «Azərbaycan izini axtarmaq» tapşırığını verib.
Belə ki, Azərbaycanın Xəzər dənizində Ukrayna tərəfində Rusiya gəmilərinə hücumlarda iştirak etdiyi iddia edilir.
Qeyd edək ki, avqustun 15-də Xəzər dənizində Həştərxan vilayətinin limanında Rusiyanın “Olya-4” quru yük gəmisi pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Regionun qubernatoru İqor Babuşkinin sözlərinə görə, hücumda 14 pilotsuz uçuş aparatı iştirak edib: onlardan 10-u hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, dördü isə gəmiyə zərbə endirib və nəticədə gəmi batıb, Politnavigator xəbər verir.
Məsuliyyəti Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz üzərinə götürüb, lakin ekspertlər digər versiyaları da istisna etmirlər. “Olya-4” Rusiya və İran arasında yük daşıdığına görə ABŞ-ın sanksiyaları altında olan Dağıstanlı iş adamı Camaldin Paşayevə məxsus olub.
Kreml Bakının Vaşinqtonla yaxınlaşmasını bu məsələdə arqument kimi önə sürməyə çalışır. Həqiqətdən və məntiqli yanaşmadan tamamil uzaq olan iddialara görə, ABŞ-ın müttəfiqi olan Azərbaycanın bu yaxınlarda Vaşinqtonda hərbi əməkdaşlıqla bağlı sənədlər imzalaması onun iştirakına şübhələr yaradır. Bundan başqa, Bakı Rusiyanın pilotsuz təyyarələrinin Azərbaycanın SOCAR şirkətinin Odessa limanındakı neft bazasına uğurlu hücumundan narazıdır.
Rusiyalı «ekspertlərin» iddiaları isə tamamilə nonsensdir.
Publisist Sergey Mardan bildirib ki, “Olya-4”ə hücum edən pilotsuz təyyarələrin Azərbaycan ərazisindən gəldiyi ehtimal edilir. Politoloq Yuri Barançik Ukraynada cəbhə xəttindən hücum yerinə qədər olan məsafənin 800 km-i ötdüyünü, bunun Ukrayna PUA-larının maksimal uçuş məsafəsinə yaxın olduğunu və Azərbaycandan havaya qalxan pilotsuz təyyarələrlə bağlı versiyanın diqqətlə öyrənilməyə layiq olduğunu qeyd edib.
Enerji eksperti Boris Martsinkeviç xatırladıb ki, Azərbaycan Hərbi Dəniz Qüvvələri bu yaxınlarda canlı atəşlə irimiqyaslı təlimlər keçirib.
«Beləliklə, “Olya-4” gəmisinin batması ətrafında yaranmış vəziyyət Xəzər regionunda geosiyasi vəziyyəti gərginləşdirir və Azərbaycanın Ukrayna tərəfində münaqişəyə cəlb olunması ilə bağlı suallar yaradır», – deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Bakı-Moskva gərginliyinin əsas səbəbkarı məhz qarşı tərəfdir. AZAL-a məxsus mülki təyyarənin vurulması fonunda üzərinə düşən öhdəlikləri yerinə yetirməyən Moskva ikitərəfli əlaqələrin gərginləşdirilməsi xəttini inkişaf etdirir. Azərbaycanın haqlı tələblərinə adekvat reaksiya vermək əvəzinə Rusiya rəhbərliyi bu gərginliyi daha da körükləməklə məşğuldur. Ukraynadakı SOCAR obyektlərinin hədəfə alınmasına adekvat cavab reaksiyası isə Bakının tam haqqı və hüququdur.
MM.AZ