Şeirlərinə görə həbsini gözləyən, bəzi deputat həmkarlarını “şərəfsiz” adlandıran Bəxtiyar Vahabzadə

ƏDƏBİYYAT
Şeirlərinə görə həbsini gözləyən, bəzi deputat həmkarlarını “şərəfsiz” adlandıran Bəxtiyar Vahabzadə barədə maraqlı məlumatlar: Səməd Vurğunu çox sevirmiş.
Dissertasiya işini Səməd Vurğunun lirikası əsasında müdafiə edib. Ramiz Rövşənə, Sabir Rüstəmxanlıya və digər şair və yazıçılara dərs deyib və onların ən sevimli müəllimlərindən olub. Tələbələrinə qiymət yazmaqda səxavətli müəllim imiş. Heç bir tələbə ilə qiymət məsələsində problemi olmayıb. Söhbətə açıq adam olub. Tələbələri onunla hətta mübahisə də edə bilərdilər. Mühazirələri o qədər maraqlı olub ki, başqa qrupların da tələbələri onun dərsinə gəlirmiş.
sulzadə barədə danışan müəllimlərimizdən idi. Buna görə onun başı ağrıyırdı. Lakin o qədər maraqlı danışırdı ki, başqa qruplardan da tələbələr onu dinləməyə gəlirdilər”.
Ömrünün son illərində, xəstə olarkən şair və yazıçıları, tələbələrini qəbul etmirmiş. Bir çoxlarından inciyən Bəxtiyar müəllim sonuncu telefon danışıqlarından birində şair həmkarına deyir: “Deyəsən daha biz heç kimə lazım deyilik”.
Oxucusu, tələbəsi və dostu Sabir Rüstəmxanlıyla son telefon danışıqlarından birində deyir: “Bu ölkədə millətin taleyinə yanan az adam qalıb. Cəmi bir neçə nəfərdir”.
İndi xalq məsəlinə çevrilmiş “Bircə ondan razıyam ki, özümdən narazıyam” sözləri Bəxtiyar Vahabzadənin misralarıdır. Bir sıra tədbirlərdə, el məclislərində el ağsaqqalı kimi məclislərə dəvət edilən şair olduqca təvazikar adam idi. Son müsahibələrinin birində dedi: “Mən özümdə böyüklük görmürəm. Adi şairəm. O dahiləri ki, mən oxumuşam – Nizamini, Füzulini, Nəsimini, Sabiri… Biz onların qarşısında çox kiçiyik”.
“Gülüstan” poemasına görə şairin çox başı ağrıyıb, millətçi kimi damğalanaraq universitetdən kənarlaşdırılıb, uzun müddət işsiz qalıb: “Bilirdim ki, uçuruma gedirəm, ancaq yenə o poemanı yenə yazdım. “Şəki fəhləsi”ni də yazdım, başıma çox bəlalar gəldi. Amma yazanda bilirdim ki, fəlakət gözləyir. Hər gecə saat 1-də evimizin qarşısında maşın dayananda qorxurdum. Elə bilirdim məni həbs etməyə gəliblər”.
“Bir deputat kimi o şərəfsizlərlə yanaşı oturmağı özümə şərəfsizlik hesab edirəm. Adamda neçə üz olar?”, – o bu sözləri mitinqlərdə deyəndə özü də parlamentin deputatı idi. Şairin ən böyük arzusu Sovet İttifaqının dağılması idi. Hələ SSRİ dövründə tələbəsinə demişdi: “Ömrüm boyu gözləmişəm ki, bir gün kimsə qapımı döyəcək. Mən qapını açanda deyəcək ki, muştuluğumu ver, təbrik edirəm, bu xaraba (SSRİ) dağıldı”. SSRİ dövründə bu sözü demək çox təhlükəli idi.
Şairin həyat yoldaşı Dilarə xanım və övladları onun vəfatından sonra mətbuata müsahibə verməyiblər. Bəxtiyar müəllim ailəsinə mətbuata onun barədə müsahibələr verməməyi vəsiyyət etmişdi. Ailəsi də vəsiyyətinə əməl etdi. Ancaq şairin sirlər xəzinəsindən çox şey bizə bağlı qaldı.
Allah rəhmət eləsin!
MUASİRMEDİA.AZ