Bu gün hərəsi ayrı qəhrəmanlıq dastanı yazan Vətən müharibəsi şəhidi iki qardaş haqqındadır yazımız: Şəmkir şəhidləri, Məmmədov qardaşları Cavid və Çingiz haqqında.
Cavid Məmmədov 1990-cı il oktyabrın 18-də, Çingiz Məmməsov isə 1992-ci il iyulun 9-da Şəmkir rayonunun Yeniabad kəndində anadan olub. Hər ikisi ailəli idi. Cavidin Elcan və Damla adında bir oğlu bir qızı, Çingizin Elgiz və Uğur adında iki oğlu var.
Gizir Məmmədov Cavid Tərtər rayonunun Talış kəndi istiqamətində şəhid olub. “Mübariz” postuna bayraq sancarkən Ermənistan Silahlı qüvvələrinin bölmələri tərəfindən snayper tüfəngilə vurulub. Yaralı halda döyüşə davam edib. İkinci dəfə yanına düşən minamyot mərmisindən yaralanıb, şəhid olub. Şəhidin nəşi altı gün neytral ərazidə qaldıqdan sonra götürə biliblər.
Oktyabrın 4-də doğulduğu Şəmkir rayonunun Yeniabad kəndində torpağa tapşırılıb.
Vətən uğrunda, Hərbi xidmətdə fərqləndiyinə görə, Suqovuşanın azad olunmasına görə, Laçının azad olunmasına görə medalları ilə təltif edilib.
Cavid kimsəsiz bir qızla evlənmişdi. Ona həm ata ana, həm qardaş bacı olacağına söz vermişdi. Həyat yoldaşı deyir ki, mən Cavidi itirəndən sonra yetimliyin, kimsəsizliyin nə olduğunu bildim. Axırıncı dəfə qızımız Damlanın doğum günündə gördük onu. Gedəndə yarı yoldan qayıdıb oğlumuza sarıldı, bacınla ananı sənə tapşırıram deyib getdi…
Çingiz Məmmədov Gizir rütbəsində Naxçıvanda xidmət edirdi. Sonra Kəlbəcərə dəyişib xidmət yerini. Vətən müharibəsi zamanı Kəlbəcərdə şəhid olub. Şəhid olmadan öncə evinə zəng edib. Həmin zəng zamanı qardaşının şəhid olduğunu bilsə də, evə deməyib. Qisasını özüm alacağam deyirmiş… Nəşini iki ay sonra tapa biliblər. Ermənilər on səkkiz nəfər şəhidimizlə birlikdə dəfn edibmiş. Əsirlikdə olan erməni yerini deyib, tapıb gətirib dəfn ediblər.
Çingiz Məmmədov vəfatından sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin, məkanları cənnət olsun! 

