“Mən özüm də hərbçi olmuşam. Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. İki oğul atası olmuşam. İkisi də hərbi təhsil almışdılar. Böyük oğlum Kamil Şirinov İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid oldu. Kamil 10 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Sentyabr ayının 29-da şəhidlik zirvəsinə ucalıb. Bu tarix bizim üçün böyük bir dərddir. Hər il sentyabr ayı mənim və yoldaşım üçün çox ağrılıdır. Çətinliklə uşaqlarımı böyütmüşəm, onlara ali savad vermişəm. Özüm də hərbçi olduğum üçün bilirdim ki, bu geyimi əyninə geyinən hər bir kəs bir gün şəhid ola bilər. Kamilin özündən sonra geriyə iki oğul övladı yadigar qaldı”.
Bunu Moderator.az-a açıqlamasında “Əfsanəvi tabor”-un qrup komandiri, kapitan Kamil Şirinovun atası Əliş Şirinov deyib.
O daha sonra əlavə edib:
“Bu 6 ildə mən demək olar ki, 20 il qocalmışam. Yoldaşım xəstələnib, insult olub, ürəyindən əməliyyat keçirib. Kamilin şəhid olduğu günə qədər bir dəfə də iynə vurdurmamışdım, amma onun yoxluğundan sonra bütün xəstəliklərim üzə çıxıb. Bir tərəfdən ağırdır, digər tərəfdən də qürurluyuq ki, bizim bacarmadığımızı balalarımız bacardı. Oğullarımız 44 günlük müharibədə Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı azad etdilər. Torpaqlarımız işğalda olanda başımız aşağı gəzirdik, onlar bizim başımızı uca etdilər. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Bu gün rayonumuzda da anım tədbirləri keçirilir. Hər birində də iştirak edəcəm” deyə o bildirib.
Əliş Şirinov oğlu ilə sonuncu danışığını da xatırlayıb:
“Kamillə sonuncu dəfə sentyabr ayının 29-da-şəhid olduğu günün səhəri danışmışam. Ondan xahiş etdim ki, arada qardaşına da zəng et. Çünki qardaşı da döyüşdə iştirak edirdi. Dedim ki, sən təcrübəlisən, o isə yeni zabitdir. Kamil dedi ki, “axşam qardaşımla danışmışam, əlaqəm var”. Axşama yaxın Kamilin xəbərini aldım ki, şəhid olub. Kamil həm Türkiyədə, həm də Pakistanda hərbi təlimlərdə olub. Kiçik oğlumun övladına Kamilin adını vermişəm. Həmin o balaca Kamillə qürur duyuruq, bizi o yaşadır. Sanki o uşaqla həyata qayıtmışıq.. Elə zənn edirik ki, Kamilimiz yaşayır. Həyatımızın mənası o kiçik Kamildir. Bir də Kamilin iki övladı.. Kamilin şəhid olduğu, döyüş gedən yerlərdə qırmızı lalələr bitib. Həmin yerlərə gedib-gələndən sonra bir müddət özümüzə gələ bilmədik” deyə o bildirib.



