Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması məsələləri müzakirə olunub

ölkə
Martın 3-də Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınmasında strateji əməkdaşlıq: imkanlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.
-Tədbirdə Nazirliyin məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
-Açılış nitqi ilə çıxış edən daxili işlər nazirinin müavini İsmət Əliyev qadınlara qarşı zorakılığın qarşısının alınmasının, ailə institutunun möhkəmləndirilməsinin və uşaqların hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Bildirilib ki, ailə-məişət zəminində baş verən hüquq pozuntuları ilə bağlı müraciətlərə polis orqanları tərəfindən həssaslıqla yanaşılır, zəruri profilaktik və hüquqi tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, qadınlara və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər davam etdirilir, zərərçəkmiş şəxslərin sosial və hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində iş aparılır.
-Tədbir çərçivəsində “Zorakılığa məruz qalmış qadınların sosial və hüquqi yardımla təminatı”, “Erkən evlilik hallarının ağır fəsadları və hüquqi məsuliyyəti”, “Ailə-məişət zəminində törədilən hüquq pozuntuları” və “Evlənmək məqsədilə adam oğurluğu (qızqaçırma)” mövzularında çıxışlar dinlənilib, videoçarxlar nümayiş etdirilib.
-Konfransda mövcud çağırışlar, qarşıda duran vəzifələr və institusional əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb.

MUASİRMEDİA.AZ-DİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir