Xocalı şahidi Müşgünaz Əhmədova: “8 aylıq körpəmi əsir düşməməkdən ötrü boğdum. Fevralın 25-dən 26-na keçən gecə anladıq ki, Xocalıda qalsaq, hamımız öləcəyik. Qonşularımız, kəndçilərimiz kimi məcbur olub meşəyə qaçdıq. Həmin vaxt Ağdama getmək üçün tək meşə yolu qalmışdı. Digər bütün yolları ermənilər bağlamışdı. Qucağımda 8 aylıq körpəm ilə əli-ayağı açıq meşə ilə Ağdama getməyə çalışırdım. Meşəyə düşəndə Salatın ağlayırdı. Qorxdum ki, əsir düşərik. Həmin vaxt yanımızda 30-dan çox adam var idi. Yoldaşımın dayısı oğlunun qaynatası Aydın kişinin əlində silah var idi. Dedim məni də, uşağı da öldür. Ürəyimdə nə özümün, nə də digər qız-gəlinin əsir düşməyinə razı idim. O da dedi ki, mən Allahın verdiyi canı ala bilmərəm. Əlimlə uşağı sinəmə sıxdım, daha ağlamadı, nəfəsi kəsilmişdi. Birinci düşündüm ki, uşağı meşədə qoyum, amma ürəyim gəlmədi. Adını yoldaşım Yelmar, Salatın Əsgərovaya görə qoymuşdu. Onun mənə sonuncu əmanəti idi, dedim nə olsa da, ölüsünü də özümlə aparacam. Mahirə ana var idi, dedim bu uşağı kürəyimə bağla. Ürəyim yanırdı, qarın içində idim, amma elə bilirdim bədənim od-tutub yanır, ağlaya bilmirdim, boğazım düyünlənirdi, nəfəs ala bilmirdim. O vaxt əlimlə toxuduğum şal var idi, Salatını həmin şala bükdüm”.





MUASİRMEDİA.AZ
