Stepan Lalayan əmr etdi ki, Duma deputatı Məhəmmədtağı Əliyev diz çöksün… O isə diz çökmədi…
Şamaxı yanırdı. Erməni quldur dəstəsinə başçılıq edən Stepan Lalayanın əmri ilə müsəlman ailələrinə divan tutulurdu. Yol-yolaq, dönüm-döngələr qana bələndi…
1918-ci il Şamaxı soyqırımı zamanı qətlə yetirilən Rusiya Dövlət Dumasının deputatı Məhəmmədtağı Əliyev haqqında indiyədək məlum olmayan həqiqətlər. 1918-ci ilin mart günlərində Şamaxının altını üstünə çevirən erməni Stepan Lalayanın “döyüş mirzələri”ndən olan Qavri Baxçaçiyan yazırdı: “…Lalayanın əsgərləri onu döyə-döyə meydanın ortasına sürüdülər.
Əvvəlcə Stepan əmr etdi ki, Duma deputatı Məhəmmədtağı Əliyev diz çöksün… O isə diz çökmədi. Stepanın işarəsilə birinci gülləni onun övladlarına vurdular. İki qızı öldürüldü. Böyük oğlu da güllələndi. Kiçik oğlu isə həmin vaxt tapılmadı…
Sonra ağaca bağlayıb, başına saxsı qab keçirdilər. Stepan günlüklü şapkasını başına qoyub, yaxın gəldi. Ağaca bağlanmış adamı diqqətlə süzərək, – hə, cənab deputat, – dedi, – erməni millətini söymək olmaz. Sən isə söyürdün. Gah Kremldə, gah Fransada, gah Almaniyada dişinin dibindən çıxanı ünvanımıza dedin. İndi buyur, danış. Bizim nəyimiz pisdir?.. Əsgərlərim səni gözləyir. De ki, mən də erməniyəm, sizlərdənəm. Allahıma, Quranınıza and olsun, mən deyənləri təkrarla, səni buraxım… Deputat isə bizim millətə lənət yağdırırdı. Güllə açıldı. Ətrafa qan damcıları çiləndi. O isə can vermirdi. Yaralı canını dişinə tutub, yaşamaq istəyirdi”.
MUASİRMEDİA.AZ
