1985-ci il mayın 13-də Azərbaycanın qədim və gözəl bölgələrindən biri olan Quba rayonunun Qam-qam kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərindən vətənə, torpağa və xalqa sevgi ruhunda böyümüş, mərdliyi, cəsarəti və vətənpərvərliyi ilə tanınmışdır. Ailəli idi və şəhid olduqdan sonra üç övladı xalqımıza onun müqəddəs yadigarı kimi qaldı.
Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olan Mehrab Niftəliyev hər zaman Vətənin keşiyində şərəflə dayanmış, hərbi xidmətini böyük qürur və məsuliyyət hissi ilə yerinə yetirmişdir. O, 2016-cı ilin 2–5 aprel tarixlərində baş verən və tarixə qəhrəmanlıq səhifəsi kimi yazılan Aprel döyüşlərində də iştirak etmiş, düşmənə qarşı cəsarətlə vuruşaraq öz döyüş ruhunu nümayiş etdirmişdir.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə başlayan və Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlmiş Vətən müharibəsi zamanı Mehrab Niftəliyev ön cəbhədə döyüşən igidlərdən biri olmuşdur. O, Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən ağır döyüşlərdə böyük şücaət göstərmiş, düşmənin müdafiə xətlərinin yarılmasında və strateji mövqelərin azad olunmasında qəhrəmancasına iştirak etmişdir.
Düşmən tərəfindən “terminator” kimi tanınan Mehrab Niftəliyev döyüş meydanında qorxmazlığı, iradəsi və qətiyyəti ilə seçilmişdir. Onun adı silahdaşlarının yaddaşında qorxmaz bir döyüşçü, vətən uğrunda canını əsirgəməyən bir qəhrəman kimi həkk olunmuşdur.
2020-ci il noyabrın 8-də Azərbaycan tarixinin ən şanlı günlərindən biri olan Şuşa uğrunda gedən döyüşlər zamanı Mehrab Niftəliyev qəhrəmancasına şəhid olmuşdur. O, müqəddəs Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edərək Azərbaycanın qəhrəmanlıq salnaməsinə adını qızıl hərflərlə yazdırmışdır. Şəhid Mehrab Niftəliyev Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında böyük ehtiramla dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpasında göstərdiyi misilsiz qəhrəmanlığa görə 9 dekabr 2020-ci il tarixli sərəncamla Mehrab Niftəliyevə Azərbaycanın ən ali fəxri adlarından biri olan “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.
Bundan əlavə o, ölümündən sonra aşağıdakı dövlət təltiflərinə layiq görülmüşdür:
“Vətən uğrunda” medalı (15.12.2020)
“Cəbrayılın azad olunmasına görə” medalı (24.12.2020)
“Şuşanın azad olunmasına görə” medalı (29.12.2020)
“Füzulinin azad olunmasına görə” medalı (24.06.2021)
Mehrab Niftəliyev Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi, vətən sevgisinin və fədakarlığın canlı nümunəsidir. Onun igidliyi, cəsarəti və vətənə bağlılığı gələcək nəsillər üçün əbədi örnək olaraq qalacaq.
Şəhidlər ölməz, Vətən bölünməz!
Mehrab Niftəliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
MUASİRMEDİA.AZ
