Bu gün Azərbaycan elminin nəhəng simalarından biri, ensiklopedik biliyə malik böyük alim, Azərbaycan dilinin qrammatik quruluşu haqqındakı ilk sistemli elmi fikirlərin müəllifi, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kafedra müdiri və dekanı (1924-1929), görkəmli şəxsiyyət, professor Bəkir Çobanzadənin (1993-1938) doğum günüdür.
Milliyyətcə Krım tatarı olan Bəkir Vahab oğlu Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. O, ailəsi haqqında vaxtilə yazdığı məqalədə əsil-nəsilcə çoban oğlu olduğunu və özünün də 14 yaşınadək çobanlıq etdiyini göstərmişdi.
Xatirələrin birində yazılıb ki, məktəbə qəbul imtahanı vaxtı növbə Bəkirə çatanda müəllimi, şair Həsən Səbri onu cavab verməyə çağırır. Amma uşaq əynindəki yamaqlı geyimdən utandığı üçün yerindən tərpənmir. Əvvəlcə bu hərəkəti hörmətsizlik kimi başa düşən müəllim Bəkirə yaxınlaşır. O da yerindən qalxıb uca səslə dil-dil ötməyə başlayır:
– Müəllim, nə istəyirsiniz, soruşun. Sədidən, Hafizdən, Füzulidən sual verin, hamısını əzbər deyəcəyəm. İstəsəniz Qurani-Kərimdən soruşun…
Həsən Səbri gülümsünüb köksünü ötürür və ona yaşına görə çətin sayılan suallar verir. Bir-birinin ardınca mürəkkəb sualları məharətlə cavablandıran uşaq Həsən Səbrini bərk təəccübləndirir və o, həmkarını yanına çağıraraq deyir:
– İsmayıl bəy (İsmayıl Qaspiralı nəzərdə tutulur), sən Allah, bir baxın, burada bir dərya var!
Sənədlərə adını yazmaq üçün uşaqdan adını və soyadını soruşurlar. Adını deyir, amma soyadı olmadığı üçün duruxub qalır…
Yoldaşları onun kəndin qurdürəkli çobanı Vahabın oğlu olduğunu söyləyirlər. Müəllimləri də belə qərara gəlirlər ki, onun soyadını “Çobanzadə” yazsınlar. Beləcə, o dövrün sayılıb seçilən maarifçiləri öz tərifləri ilə çoban Vahabın balaca oğlunun böyük bir dünyaya – elm, idrak, zəka dünyasına addımlamasına “vəsiqə” verirlər.
Kənddə ibtidai təhsilini başa çatdırdıqdan sonra dini Müsəlman Xeyriyyə Cəmiyyəti istedadına görə onu Türkiyənin Qalatasaray liseyinə – “Sultaniyyə”yə oxumağa göndərir. O zaman Çobanzadə ilə bir yerdə İstanbulda təhsil alan İbrahim Hacıvəliyev xatirələrində yazır ki, Bəkir İstanbula məhsul yığımından sonra gəlmişdi. Bu zaman Sultaniyyəyə qəbul artıq başa çatmışdı. “Belə bir vəziyyətdə Bəkirin bir çıxış yolu qalırdı: maarif nazirinin yanına düşmək… Xeyli cəhd göstərəndən sonra o, nazirin qəbuluna yazılır və onunla görüşür. Bəkir öz zəkası, qeyri-adi istedadı ilə onu da heyrətləndirir, nazir şəxsən göstəriş verir ki, bu oğlanı Sultaniyyə Təhsil Mərkəzinə qəbul etsinlər”
1908-1918-ci illərdə o, burada oxuyur. Tələbəlik illərində ilk şeirlərini, “Anan harda?” poemasını yazır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini öyrənir. Çobanzadənin 1922-ci ildən etibarən sonrakı taleyi bilavasitə Azərbaycanla bağlı olur. Bəs onun buraya gəlməsi necə baş verir?
1923-cü il oktyabrın 20-də Azərbaycanda ərəb əlifbasından latın qrafikasına keçilməsi barədə dekret imzalanır. Həmin islahatı həyata keçirmək üçün milli ruhlu güclü bir mütəxəssis və təşkilatçı lazım idi. Elə bu zaman hökumət rəhbərlərindən biri olan S.Ağamalıoğlu xarici səfərlərindən birində tanış olduğu B.Çobanzadəni xatırlayır. Çünki o, alman, türk, macar, fransız, ərəb, fars, rus, Azərbaycan, özbək, qazax, türkmən dillərini mükəmməl bilirdi, o dillərdə sərbəst yazır və danışırdı.
Ağamalıoğlu cavan, lakin artıq özünü təsdiq etmiş istedadlı alimi Bakıya dəvət edir. Həmin illərdə Krımda məruz qaldığı təzyiqlərdən bezən Çobanzadə təklifi qəbul edir. Lakin ağlına belə gətirmirdi ki, bu tale onu izləyir. İllər keçəcək və o, yenidən təqib və təzyiqlərə məruz qalacaq, şərə-böhtana düşüb Stalinin repressiya maşınında məhv ediləcək.
Bakıda yaşadığı illər Bəkir Çobanzadənin fəaliyyətinin ən qızğın və məhsuldar dövrü olur. 1924-1937-ci illərdə o, burada yaşayarkən özünün qeyri-adi istedadını tam göstərib, tükənməz potensialından lazımınca istifadə edə bilir. Bakıda onun gördüyü genişmiqyaslı, çoxşaxəli işləri nəzərdən keçirəndə bir nəfərin bu qədər “yük”ü necə çəkdiyinə təəccüb etməmək olmur. O, 1924-1929-cu illərdə Azərbaycan Baş Elm İdarəsində Terminologiya Komitəsinə rəhbərlik edir. Paralel şəkildə ADU-nun Şərqşünaslıq fakültəsində kafedra müdiri və sonra dekan olur.
Belə ki, bu dövrdə görkəmli alim B.Çobanzadə Azərbaycanda Yeni Əlifba Komitəsinin sədri, Yeni Türk Əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdi. Eyni zamanda Azərbaycan dilçilik elminin əsaslarıını qoymuş,
Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar geniş iş aparmış, Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair dərin məzmunlu mühazirələr oxumuşdur (1920-1936). Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlamışdır. Bakıda keçirilən I Ümumittifaq Türkologiya qurultayının təşkilində fəal çalışmışdır (1926). Türk xalqlarının yeni əlifbaya keçməsində fəal mübarizə aparmış, Moskvada təlimatçı kurslarında mühazirələr oxumuşdur (1928). Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik etmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışmışdır. Moskvada Şərq xalqları İnstitutunun (1928), SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin (1932) və SSRİ EA Azərbaycan filialının (1935) həqiqi üzvü seçilmiş, Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdur. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləmişdir (1929).
Nəzəri-filoloji irsi zəngin və çoxcəhətli idi. Sovet Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqinə və dil tarixinin yaranmasında böyük xidmətləri olmuşdur. O, dilçiliyin bir sıra mühüm sahələri-fonetika, morfologiya, lüğətçilik, sintaksis, leksikologiya, onomastika, dialektologiya, dil tarixi, türkologiya və digər istiqamətlərdə çox mühüm əsərlərin müəllifim olmuş, bir sıra məqalələr, monoqrafik əsərlərlə yanaşı, “Türk dilinin metodikası” (1932), “Elmi qramerin əsasları” (1932) kitablarını tərtib etmişdir.
Geniş biliklərə malik, fantastik dərəcədə məhsuldar olan bu yaradıcı yolun qarşısı 1938-ci il yanvarın 28-də kobud bir vəhşiliklə alınır. Həmin gün Kislovodskinin “Qornyak” sanatoriyasında xanımı ilə dincələn professor həbs edilib, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilir. Oktyabrın 12-də, təxminən, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir. 1938-ci il, oktyabrın 13-də hökm icra olunur.
Təəssüf ki, bu qədər böyük xidmətlər göstərmiş nəhəng alim və görkəmli şəxsiyyət olan professor Bəkir Çobanzadənin dəfn yeri hələ də məlum deyildir…
Allah rəhmət eləsin!
MUASİRMEDİA.AZ
FİKRƏT ŞİRİYEV
