Hər gün bir ovuc badam yemək orqanizmdə gözlənilməz müsbət dəyişikliklərə səbəb ola bilər. Dietoloq Natali Ritso bu vərdişin sağlamlıq üçün faydalarını və diqqət edilməli olan məqamları açıqlayıb.
Natali Ritso hər gün badam yeməyin ürək sağlamlığına və yuxu rejiminə birbaşa təsir etdiyini bildirib. Onun sözlərinə görə, cəmi 30 qram badamın tərkibində insanın gündəlik maqnezium ehtiyacının 20 faizi mövcuddur.
“Əgər siz bir neçə ovuc qoz-fındıq yeyən insansınızsa, bunu qida maddələri baxımından tam bir pay yemək hesab edə bilərsiniz” – deyə dietoloq vurğulayıb.
Dietoloq qeyd edib ki, badam ən faydalı çərəzlərdən biridir, lakin onun kalori dəyərini unutmaq olmaz. Bir ovuc badamda təxminən 160 kalori olduğu üçün gündəlik miqdarı aşmamaq tövsiyə edilir. Ritso həmçinin bildirib ki, badamdan maksimum yararlanmaq üçün onun şəkərsiz və duzsuz formalarına üstünlük verilməlidir.
Yəni, hər gün müntəzəm olaraq bir ovuc duzsuz badam yeməklə həm tox qala, həm də ürəyinizi qoruya bilərsiniz.
muasirmedia.az
