XOCALI FƏRYADI POEMA

Cəmiyyət
XOCALI FƏRYADI Müəllif: Dəmirçizadə Hacıbaba
(poema)
Zülmət pərdəsini çəkir göylərə,
Verərək fürsəti tələsik şərə,
Göstərir xislətin zülmət xeyirə.
Bəllidir xeyirə kini, küdrəti,
Yatıb ürəyində qara niyyəti.
Sükutə qərq olub Xocalı bu gün,
Kədər içindədir şəhər büsbütün,
Elə bil dünyadan düşübdü küskün,
Yaşayır ömrünün son anlarını,
Qınayır dünyanın insanlarını.
Ömrünün sonunu yaşayır şəhər,
İnsan ovqatına qatılır zəhər.
O gecə ananı boğaraq qəhər,
Pıçıldayıb deyir: ,,Niyə gəlmədin?
Bəlkə yol-iz itib gələ bilmədin…”
Pəncərə qarşısında dayanan ana
Həyəcanla baxır çöldə borana.
Qorxulu görünür bu gecə ona,
Qorxurdu bir xətər yetər oğluna,
Baxırdı oğlunun gələn yoluna.
Arabir topların gurlayır səsi,
Hücuma keçmişdi düşmən dəstəsi.
Qalxır asimana insan naləsi,
Burdaca ananın nitqi qurudu,
Əllər saçlarında- dayanıb durdu.
Gecənin yarısı ötüb keçmişdi,
Hiyləgər düşmənsə ölçüb biçmişdi,
Xəyanət yolunu belə seçmişdi:
Gecə yarısını münasib bilib,
Demə, Xocalını qırmağa gəlib.
Şhid olacaqdı o gecə dağlar,
Necə söndürülüb burda ocaqlar.
İnsan harayından ümmanlar çağlar,
Alar yaddaşına gör necə dağlar,
Ağılar söyləyib, sızlayıb ağlar.
Qara donlu düşmən qəfildən gəlir,
Xocalı üstünə güllə ələnir,
Evlərin alovu göyə dirənir,
Ata ocaqları yanıb alışır,
Vəfasız dünyayla o vidalaşır.
Atılır fişənglər geniş səmaya,
Hücum siqnalıdır hərbi alaya,
Əlvida söyləyir şəhər dünyaya,
Ana təbiətə, uca dağlara,
Narzanlar çağlayan göy yaylaqlara.
Göydən ölüm yağır, fəlakət yağır,
Ağzından od tökür, ildırım çaxır,
Atəşə tutulub insanlar axı!…
Nədəndir susmusan vəfasız dünya,
Göz yumub çatmırsan niyə haraya?!
Quldur dəstələri meydan sulayır,
Əlinə keçəni qırıb talayır,
Ağasına yaman quyruq bulayır,
Keçirir həyata öz niyyətini,
Ana yurdumuzda xəyanətini.
Hərbi maşınların qalır altında
Qucaqda körpəsi – qadın qaçanda,
Düşmən hırıldayır atəş açanda,
Zəif qocaları tutur gülləyə,
Başlayır sonra da quldur gülməyə.
Ananın gözündə dünya qaralır,
Tomrisi, Həcəri bir yada salır,
Qəti döyüşməyi qərara alır.
Mərfəcdən götürüb ov tüfəngini,
Vuruşsun düşmənlə, əzsin əngini.
Bağladı qatarı incə belinə,
Alaraq tüfəngi zərif əlinə,
Toxunmasın xətər doğma elinə,
Dönüb bir də baxır hər otağına
Tərk etdiyi zaman evini ana.
Bayaq oğul dərdi çəkirdi ana,
Ən böyük dərd oldu Xocalı ona.
Bir fəryad qoparır o yana – yana:
– Qoymaram yurdumuz qana boyana!
Gözdağı olmasın Azərbaycana!
Ölsəm də qaçmaram, yurdda qalaram,
Düşmən ürəyinə qorxu salaram,
Canını əlimlə özüm alaram!-
Sıxıb sinəsinə tüfəngi ana,
Buraxdı düşməni azca yaxına.
Saqqallı qulduru aldı nişana,
Alnından vuraraq gülləni ana,
Yıxıldı erməni, boyandı qana.
Dərhal dəyişərək ana yerini,
Gördü quldurlardan daha birini.
Düşmənlə üz – üzə dayandı ana,
Baxırdı təəccüblə erməni ona.
Artıq tuşlanmışdı tüfəng alnına.
Təslim olmağına tapmadı çarə,
Açılan atəşdən sərildi yerə.
Atəşə tutulmuş şəhər hər yandan
Tüstüyə qərq olmuş yanğından, oddan,
Tomris cəsarətli ana bu andan
O müdhiş gecədə görünməz oldu,
Saldığı bağ – bağça saralıb soldu.
Dönüb təbiətin bir parçasına,
Vüqarlı dağlarda göründü ana,
Qürurla səsləndi bütün cahana:
– Dönüb dağ olaram, təslim olmaram!
Əsən meh olaram, bilərəm varam!..
( Poemadan bir parça….. ardı var)
Müəllif: Dəmirçizadə Hacıbaba.
Dünya Şair və Yazıçılar İttifaqının fəxri üzvü.
Bakı, 2022.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir