Mayın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində “İncəsənətin inkişafına dair dövlət proqramı layihəsinin hazırlanması” yarımbəndinin həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın ilk iclası və proqram üzərində çalışan İşçi qrupunun növbəti toplantısı keçirilib.
İclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri – Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak ediblər.
Nazir Adil Kərimli çıxışında dövlət proqramının əhəmiyyətindən və qarşıda duran hədəflərdən danışıb. Bildirilib ki, iqtisadiyyat və mədəniyyət sahələrinin qarşılıqlı əlaqəsi çərçivəsində yaradıcılığın inkişafı, yaradıcı məhsulların təşviqi və bu sahədə mövcud problemlərin aradan qaldırılması əsas prioritetlərdəndir.
İclasda çıxış edən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə İşçi qrupu rəhbərinin müavini Ayaz Müseyibov Konsepsiyanın əsas istiqamətləri barədə məlumat verib.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri, İşçi qrupunun rəhbəri İntiqam Babayev incəsənətin inkişafı ilə bağlı dövlət proqramının hazırlanması üzrə görülən işlər və planlaşdırılan növbəti addımlar barədə məlumat verib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu vurğulayıb ki, dövlət proqramının hazırlanması istiqamətində aidiyyəti qurumlar və sənət adamlarının fəal iştirakı vacibdir.
İclasda həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, eləcə də Xalq artistləri Şəfiqə Məmmədova, Fəxrəddin Manafov və digər natiqlər “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əhəmiyyətini qeyd ediblər.
MUASİRMEDİA.AZ
