Mikayıl Müşfiqin ardınca həbs olunan Dilbər xanım, həkimin dediyinə görə, işgəncələr nəticəsində bir çox xəstəliklərə düçar oldu: infarkt, böyrək, sinirlər, şəkərli diabet…Anlayanda ki, ondan heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün, onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verdilər. O, Gəncəyə, anasının yanına getdi və uzun müddət orada müalicə olundu. İlk vaxtlar o heç nə danışmırdı, heç nə anlamırdı, nə özünün, nə də Müşfiqin kim olduğunu bilmirdi…Həkimlər ona yeni həyata başlamağı, ailə qurmağı məsləhət gördülər. Bütün bunlar onun zəif çiyinlərinə yüklənəndə o hələ gənc qız idi. Nə həyat yoldaşı var, nə uşaqlar – səhərlər oyanmağın mənası yox idi…
Dilbər xanımla eyni kamerada dustaq həyatı yaşayan qadının gündəliyindən bir parça: “Bütün gecə gözümü yummadım. Dilbər özündə deyil. Onu xəstəxanaya, düz bizim üstümüzdəki bir nəfərlik palataya apardılar. Dünən ona iynə vurdular və sakitləşdirdilər. O, axşama kimi yatdı. Gecə hər şey yenidən başladı. Səhərə kimi kamerada ayaq döydü, nə isə deyirdi, isterika içində çırpınırdı. Sözlərini tam anlamaq olmurdu. “Müşfiq gəlsin… Atamı çağırın… Atama deyin ki, məni buradan aparsın… Sevdiyim üçün ölərəm… Burada hamı hesab edir ki, mən dəli olmuşam… Ay Allah, onlar deyir ki, sən yoxsan, mənə rəhm et…” O, nəvazişlə Müşfiqlə danışırdı, sanki o kamerada idi. Sonra yenə qışqırır və yenə də isterikaya düşürdü. Onun vəziyyəti bizi qoruduğumuz azacıq şücaətdən də məhrum etdi. Axı bu bizim Müşviqin həyat yoldaşıdır, axı bu bizim Dilbərdir”.
27 fevral 1938-ci il

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU