Ötən gün 04-06 avqust, 2007-ci ildə “Ekspres” qəzetində işıq üzü görmüş “Mir Cəfər Bağırovun alim oğlu” adlı məqalənin I hissəsini sizə təqdim etmişdim. Bu dəfə məqalənin II hissəsini təqdim edirəm. Bu, sondur. Məqalə bununla da yekunlaşır.
Xatırlayırsınızsa, məqalənin birinci hissəsinin sonunda Cen Bağırovun (Mir Cəfər Bağırovun oğlu) övladı dünyaya gəlmişdi və körpəyə babasının adını vermişdilər: Mir Cəfər Bağırov. İndi isə həmin məqalənin ardını qaldığımız yerdən sizə təqdim edirəm:
II HİSSƏ
“SSRİ paytaxtında balaca “Mircəfər” böyüdən zəkalı alim böyük Mir Cəfəri yetirmiş Azərbaycan torpağı ilə canlı ünsiyyət körpüsü qurdu. Onun Moskvadan göndərdiyi məktub və teleqramları Mir Cəfər Bağırovun bacısı nəvəsi Məmmədtağı Bağırov göz bəbəyi kimi qoruyub saxlayır:
“Salam, əziz Tağı!
Mən bilirəm ki, sən Xaçmazdan Moskvaya zəng vurub danışmaq istəsən də, alınmamışdır. Elə buradan da sizlə telefon əlaqədi saxlamaq müşkül məsələdir. Ona görə də məktub yazmağı lazım saydım. Bu köhnə üsul olsa da, etibarlıdır.
Etiraz etmirsənsə, dekabrın 6-dan 13-dək qonağımız olardım. Necə ki, keçən il dekabr ayından olduğu kimi. Beləliklə, dekabrın 7-də sübhdən limanda ova başlaya bilərik. Qalan vaxtımızın cədvəlini özün tutarsan. Bu dəfə tək özüm gələcəyəm.
Səninlə bir məsələni aydınlaşdırmaq istəyirəm: ov tüfəngimi özümlə götürüm, yoxsa yox? Düşünürəm ki, tüfəngi də, ov paltarını da orada taparam.
Sözüm bu qədər. Çalış mənə zəng vur ki, qabaqcadan təyyarə bileti alım.
Ailəmiz adından ən yaxşı arzularımızı bildirirəm. Səni bağrıma basıram.
Tezliklə görüşmək ümidi və ovçu salamı ilə:
Cen. 18 noyabr 1986-cı il”
* * * * * * * *
Səksəninci illərdə Cenin Azərbaycana gəlməsindən, Xaçmazdakı qohumlarının evində qonaq olmasından, peşəkar ovçu olmasından çoxları xəbərdardırlar. Həmin illərdə “Kommunist” qəzetinin müxbiri olmuş Bariz Əsədov “Azərbaycan” qəzetinin 2007-ci il 10 iyul tarixli sayında dərc edildiyi “Yeri gəlmişkən” məqaləsində yazır: “Mir Cəfər Bağırovun Moskvada yaşayan kiçik oğlu professor Cen Bağırov ötən əsrin səksəninci illərində tez-tez Bakıda və Qubada qohumlarına baş çəkirdi. Bu dəfə yaxınlıq etdiyim qohumu Tağıgildə onunla görüşmək mənə də nəsib oldu. 1974-cü ildə doktorluq monoqrafiyası əsasında hazırladığı kitabından danışdı, atası haqqında xatirələr üzərində işlədiyini bildirdi”.
Bariz Əsədovun adını çəkdiyi kitab əlimizdədir, pofessoran çap edilmiş və dünyanın bir çox ölkələrində yayılmış əsərlərindən biridir. Moskvada on min tirajla “Maşınqayırma” nəşriyyatı tərəfindən nəfis şəkildə buraxılmış bu kitab “İnşaat və yol maşınlarının daxili yanacaq mühərrikləri” adlanır. Kitabı oxuduqca müəllifinin ensiklopedik bilik sahibi olduğunun şahidi kəsilirsən. Professor geniş həcmli kitabını nəşrə hazırlayarkən dünyanın bir çox ölkələrində qazanılmış nəzəri və təcrübi nəticələrlə yaxından tanış olmuşdur. Kitabda Yaponiyanın Komatsu, Fransanın Berliye, ABŞ-ın Kammins, Almaniya Federativ Respublikasının Fariman, İngiltərənin Leyland, İtaliyanın Çento-Ferrara firmalarının isehsal etdikləri maşınların keyfiyyət göstəriciləri elmi şəkildə təhlil olunur.
Cen Bağırov bir alim və tədqiqatçı – ixtiraçı kimi dünyanın bir çox ölkələrində ezamiyyətdə olmuş, beynəlxaq elmi yığıncaqlarda məruzə etmişdir. Almaniyada, Bolqarıstanda, Türkiyədə Mir Cəfər Bağırovun alim oğlunun izləri qalmışdır. Lakin o, SSRİ dağılarkən bir çox partiya və dövlət xadimlərinin övladları kimi rahat güzaran dalınca xaricə getməmişdir. Onun Azərbaycana, Xaçmazdakı qohumu və ən yaxın dostu Məmmədtağıya göndərdiyi bir məktubu həyəcansız oxumaq qeyri-mümkündür. Tanış olun:
“Salam, əziz Tağı!
Noyabrın 29-da səhər nə baş verdiyim anlaya bilmirəm. Sən bizə zəng vuranda, yataqda olduğumdan dəstəyi Valeriya qaldırıb məni çağırdı. Mən telefona yaxınlaşıb danışmaq istəyəndə artıq aparat susmuşdu.
Necəsən? Səidə (Məmmədtağının həyat yoldaşı), Mətləb (Məmmədtağının oğlu), qızların, nəvələrin necədirlər? Bizim vəziyyətimiz get-gedə ağırlaşır. Anam sərbəst yeriyə bilmir. Bəzən başı gicəllənib yerə yıxılır. Qaynanamın halının nə vəziyyətdə olduğunu sən öz gözünlə gördün, yaxşılığa doğru dəyişikl ik yoxdur. Valeriyaya gəldikdə, o, həddən artıq əziyyət çəkməli olur. Ailənin maddi təminatı üçün yorulmadan çalışır. Evin bütün təsərrüfat qayğıları da öz yerində. Ona görə də sağlamlığı pozulmuş, sanki balacalaşıb zəif qızcığaza dönmüşdür.
Özümdən nə yazım? Əvvəlki kimi işləyir və təqaüd alıram. Ancaq işləmək daha mənə mənəvi zövq vermir. İndi elm heç kimə lazım deyildir. Elmi fəaliyyətini, elmi dərəcəni, elmi adını saya alan yoxdur. Beləliklə, mən ancaq və ancaq ailə büdcəsi naminə çalışıram.
Sabahkı gün inamı və ümidi itirərək, bax beləcə, əziz dost kədərli ömür sürürük. Demək olar ki, heç yerə getmir, heç kəslə görüşmürük. Bir küncə atılmış ov tüfəngimi toz basıb. İndi burada ancaq adamları ovlayırlar. Güzəranımız elədir ki, heçbilmirəm, nə vaxt görüşə biləcəyik. Xahiş edirəm atanın, ananın, bibinin, bütün rəhmətlik qohumlarımızın məzarını ziyarət edəndə, mənim yerimə də onlara baş əy.
CEN.
Moskva, 3 dekabr 1993-cü il”.
* * * * * * *
1993-cü ilin dekabrında Bakıda nə baş vermişdi? “Yazıçı” nəşriyyatı daşnaqların qənimi Mir Cəfər Bağırovun şahanə fotosunu eybəcər karikatura şəklinə salıb, 60 min tirajla nəşr etdiyi bir kitabın üzərinə həkk etmişdi – “Mir Cəfər Bağırovun məhkəməsi”. Naşirin ermənipərəstliyinə bax! 1993-cü ilin iyulundan noyabrınadək Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal olunduqları bir vaxtda, silva kapitukyanlara, zori balayanlara bundan da gözlənilməz sevinc bəxş etmək kimin ağlına gələrdi? Nə yaxşı ki, Azərbaycandakı dostlar bu əcaib “toplunu” Cendən gizlətmişdilər.
Deyilən görə, Cen də atası kimi öz doğum günlərini bayrama çevirməyi xoşlamazmış. Hətta 1992-ci ilin avqustun 9-da 60 illiyini də yada salmamışdır. Bununla belə, o, hər il 8 Mart qadınlar bayramı münasibətilə həm ailədəki, həm də Azərbaycandakı qohum xanımları təbrik edərmiş.
1994-cü ilin martında axşam Cen evdəki xanımları – anasını, qaynanasını, sədaqətli arvadını öpüb-qucaqladı, hərəyə bir qızılgül təqdim etdi. Sonra ailə üzvləri qəribə bir mənzərənin şahidi oldular: Cen yazı masasının sol küncündən boylanan atasının fotosunu qaldırıb bağrına basdı və yerinə qoydu. Kresloda taqətsiz halda əyləşmiş anasına yaxınlaşdı. Əyilib onun əllərindən, gözlərindən və… üzüksüz barmaqlarından, sırğasız qulaqlarından öpdü. Cen kövrəlmiş vəziyyətdə ayağa qalxanda on beş yaşlı Mircəfər atasını suala tutdu:
– Ata, qulaqdan, barmaqdan öpmək nə deməkdir?
Ata hərəkətinin mənasını istəkli ciyərparasına izah edəndən sonra Mircəfər də nənəsinin qulaqlarından öpdü. Mahiyyət bundan ibarət idi;
Cenin yadına on dörd yaşında ikən evdə öz gözləri ilə gördüyü bir hadisə düşmüşdü: atamın anadan olmasının 50 illiyi münasibətilə Cənubi Azərbaycandan qiymətli hədiyyələr gətirilmişdi. Bunların arasında 6 ədəd almaz, 15 ədəd firuzə daşı vardı. Anamın gözləri dalınca dikilə-dikilə atam bunları digər hədiyyələrə qataraq muzeyə təhvil verdi. 1956-cı ildə bu daşlar muzeydən yoxa çıxdı. Hansısa harmlaşmış rəhbər işçinin xanımının bər-bəzək əşyasına çevrildi…
1994-cü ilin Novruz bayramı ərəfəsində Bağırovlar nəslinin cəsarətli nümayəndələrindən biri, Cenin qohum-dostu Məmmədtağının Moskvaya gəlişi unudulmaz hadisəyə çevrildi. Bayram süfrəsində Quba mətbəxinin möcüzələri vardı; badamçörəyi, bükmə, şora… Qohumlar razılığa gəldilər ki, Cenin qarşıdan gələn doğum gününü Azərbaycanda, Qubanın dilbər guşələrindən birində keçirsinlər. Fəqət…
1994-cü ilin may ayının 24-də “heç yerə getməyən, heç kəslə görüşməyən” professora zəng edib onu Kənd Təsərrüfatı Akademiyasının qocaman əməkdaşının yubiley məclisinə dəvət etdilər. Qapıda maşın dayandı. Cenin köhnə həmkarı onunla qucaqlaşıb-öpüşdü… Həmin gün axşamdan keçsə də, Cenin evə qayıtmaması hamını nigaran qoydu. Valeriya xanım ora-bura zəng vurub soraqlaşdı. Məlum oldu ki, ziyafət bir neçə saat əvvəl sona çatmışdır. Gecə saat 1-də “təcili yardım” məntəqəsində tərtibolunmuş tibbi arayış mərhumun ailəsinə verildi: “Cen Mir Cəfər oğlu Bağırov qida zəhərlənməsindən vəfat etmişdir”.
Azərbaycanın çətin və şərəfli ömür yaşamış əyilməz oğlu Moskvanın Vostrvakovo qəbristanlığmda torpağa tapşırıldı. Üç ildən sonra, 1997-ci ildə ağbirçək anası mərhumun yanında əbədiyyət yuxusuna daldı. On bir il sonra, 2005-ci ilin aprelində Hindistanda müəmmalı yol qəzasında həlak olmuş cavan Mircəfər (Cen oğlu və Mircəfər Bağırovun doğmaca nəvəsi – M.R) də atasının və nənəsinin arasında qərar tutdu. Üç məzar – Ana, oğul, nəvə! Qəbirləri nurla dolsun!”
Fotoda: Mir Cəfər Bağırovun oğlu Cen Bağırov.
Mənbə: “Ekspres” qəzeti
(04-06 avqust 2007-ci il)
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU