Azərbaycan SSR xalq artisti Fatma xanım Qədri. O, yaşadığı mənzildə özünü asmışdı…
Azərbaycan teatrında öz dəsti-xəttini yaratmış peşəkar aktrisalardan biri idi Fatma Qədri. O, 1907-ci ildə Odessa şəhərində anadan olmuşdu. 13 uşaqlı ailənin ən balaca qızı, ata-anasının son beşik övladı idi. Uşaqlıq illəri maddi və mənəvi sıxıntılarla keçmişdi Fatma xanımın. Nə oxumağa imkanı olmuşdu, nə də yaxşı gün – güzəran görə bilmişdi. Digər bacı və qardaşları da elə onun kimi…
Fatmanın on iki yaşı olsa da, o yoxsulluq ucbatından məktəbə gedə bilmir, yaşıdlarından geri qalırdı. Fatma Qədri sonralar həmin günləri belə xatırlayır: “Gecə-gündüz Allaha yalvarırdım ki, ya tezliklə canımı alsın, ya tezliklə bəxtimi açsın!..”
Qızının oxumaq arzusunu hiss edən anası günlərin birində Fatmanın əlindən tutub onu tanıdıqları, maddi imkanları çox yaxşı olan bir ailənin evinə gətirir. O, on iki yaşlı qızını bu ailəyə qulluqçuluğa verir. Fatma burada ailənin qulluqçuluğunu edir, ona verilən əməkhaqqını isə məktəb pulu kimi yığıb toplayır. Fatma əvvəlcə mollaxana dərslərinə gedir. Lakin sonradan o, buradan bezib şəhərdəki Xalq Məktəbinə getməklə rus dilində təhsilə başlayır. Şəhər mühitində açıq havada göstərilən teatr tamaşalarının birini də ötürmür.
Fatma Qədrinin uşaqlıq illərində gördüyü mənəvi əzablar bəs etmirmiş kimi, ömrünün ən məhsuldar çağları – gənclik illəri də əzab-əziyyətlərlə keçir. Onun bu illər ərzində yaşadığı çətinlikləri təfsilatı ilə danışmağa ehtiyac yoxdur. Fatma xanımın bir tək repressiya dövründə yaşadıqlarını xatırlasaq bəs edər. Çünki bu dövr Azərbaycanın minlərlə say-seçmə ziyalıları kimi onun da həyatını alt-üst etmişdi. 37-ci ilin repressiyasından Fatma Qədri də öz nəsibini almışdı. Aktrisa Barat Şəkinskaya xatirələrində yazır: “Fatma Qədri neçə il idi ərindən boşanmışdı. Onun keçmiş əri Əsəd Axundzadə mənim dayım idi. Təhlükəsizlik komitəsində, yüksək vəzifədə işləyirdi. Yadımdadır, Fatma Qədri hətta iclasda dedi ki, axı, mənim keçmiş ərim indi ailə qurub. Onun qanuni həyat yoldaşı Tamara adlı bir qadındır. Amma kim idi onların bu sözlərinə baxan. Vaxtilə dayımla ailəli olması onu da təhlükə altında qoymuşdu. Biz Şəmsi ilə maddi cəhətdən o qədər əziyyət çəkmirdik. Qohumlarım bizə xəlvəti kömək edirdilər. Fatma Qədrinin vəziyyəti isə daha ağır idi. Yadımdadır, həmin vaxtlar Şəmsi ilə kitab pasajına daxil olmaq istəyirdik. Uzaqdan Fatma Qədrini gördüm. O, Şekspirin əsərini məhəcərə qoyub, müştəri gözləyirdi. Biz tez çevrilib getdik ki, o, bizi görüb utanmasın”.
Fatma Qədri öz gündəliklərində yazırdı ki, 37-ci ildə məni işdən çıxardılar, heç kim qorxusundan salamımı almırdı, hansı tanışıma, dostuma rast gəlirdimsə, üzünü yana çevirirdi. Ancaq bir gün küçədə Mirzə İbrahimovla rastlaşdım. O, məni yanına çağırdı, halımı soruşdu, vəziyyəti öyrənəndən sonra kömək əlini uzatdı, beləliklə Dram teatrına qayıtdım…Mirzə İbrahimov öz müsahibəsinin birində bu faktın həqiqiliyini təsdiq edir…
Ötən əsrin 60-cı illərdə Fatma Qədri teatrdan uzaqlaşdırılır. Bu vəziyyət onun həyatını, sözün həqiqi mənasında, böhran altına alır. Teatrlarda çıxış etmək qadağası aldıqdan sonra ağır depressiyadan çıxa bilməyən sənətçi 1968-ci ildə, 61 yaşında yaşadığı mənzildə intihar edir. Fatma Qədri I Fəxri
Xiyabanda dəfn olunub. Rəhmətlə anırıq!
Xiyabanda dəfn olunub. Rəhmətlə anırıq!

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU