Təssüf ki,Azərbaycan tarixində böyük xidmətləri olan fədakar ölkəşünas Hacı Mirbağır Mirheydərzadə haqqında çox az məlumata sahibik. Halbuki o, Naxçıvanda ilk dövlət muzeyinin yaradılmasında mühüm rol oynamış, ziyalı və vətənpərvər bir şəxsiyyət kimi tariximizdə iz qoymuşdur.
Mirbağır Mirheydərzadə 1877-ci ildə Ordubad rayonunun Nürgüt kəndində anadan olmuşdur. 1887-1896-cı illərdə Naxçıvan şəhər mədrəsəsində ilkin təhsilini almış, daha sonra 1899-cu ildə Təbriz ruhani məktəbində təhsilini uğurla başa vurmuşdur. Gənclik illəri çətin şəraitdə keçən Mirheydərzadə təhsilini başa vurduqdan sonra Naxçıvana qayıtsa da, uyğun iş tapa bilmədiyindən Tiflisə üz tutmuşdur. Burada o, inqilabi düşüncəli şəxslərlə tanış olmuş və onlarla daim ünsiyyətdə olmuşdur.
1917-1921-ci illərdə o, Naxçıvanda Eynəli bəy Sultanov, Hüseyn Cavid, Əziz Şərif, Behbud Şahtaxtinski, Əli Səbri Qasımov və başqa görkəmli ziyalılarla birgə fəaliyyət göstərmişdir. 1918-ci ildə erməni silahlı dəstələrinin Andronikin başçılığı ilə İrəvan-Naxçıvan-Culfa istiqamətində irəlilədiyi dövrdə, Xorazyants adlı şəxs Tiflisdən Naxçıvana göndərilmişdi. Onun məqsədi Culfa cəbbəxanasının silahlarını ələ keçirərək, silahlı qruplar formalaşdırmaq və Andronikin hücumlarını gücləndirmək idi. Bu arada Naxçıvanda yaradılan Erməni Milli Komitəsinin də əsas məqsədi yerli idarəetməni zəbt etmək və əhali arasında qorxu yaratmaq idi.
Belə gərgin bir vaxtda, Mirbağır Mirheydərzadə yerli mübarizə yoldaşları ilə birlikdə dağınıq qüvvələri bir araya gətirərək ortaq düşmənə qarşı müqavimət təşkil etmişdir. Əgər bu cəhdlər olmasaydı, bölgənin taleyi daha faciəvi ola bilərdi. O dövrdə onun rəhbərlik etdiyi “Mücəddin” siyasi dərnəyi ziyalılar arasında böyük nüfuz qazanmışdı. Bu təşkilat Naxçıvanın gələcəyini Rusiyadan çox Türkiyə ilə birgə görürdü.
Mirbağır Mirheydərzadə maarifçilik və mədəniyyət sahəsində fəal olmuş, tariximizin aydınlaşdırılması işinə ömrünün sonuna qədər töhfə vermişdir. O, Naxçıvanın tarixi abidələrinin, yer adlarının, arxeoloji tapıntıların və folklor nümunələrinin toplanması və araşdırılması ilə məşğul olmuşdur. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsində elmi katib kimi çalışmış, akademik Meşşaninov (1926), professor A. Müller (1927), Ə.Ələkbərov və Osman Həbibullayevin arxeoloji qazıntılarında fəal iştirak etmişdir. Əlyazmaları AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılır.
1924-cü ildə təsis edilən Naxçıvan Dövlət Tarix Muzeyinin zənginləşməsində böyük rol oynayan “Tədqiq və Tətəbbö Cəmiyyəti” 1925-ci ildə yaradılmışdı. Cəmiyyətin sədri kimi Mirbağır Mirheydərzadə muzeyin inkişafına böyük əmək sərf etmişdir. Ağa Məhəmməd (Ərbab), Lətif Hüseynzadə, Z. Seyidov (Seyid Səbri), Hüseyn Cavidin böyük qardaşı Məhəmməd Rasizadə və başqaları da bu işdə fəallıq göstərmişlər. Muzeyin əsas fəaliyyəti 1926-1930-cu illərdə eksponat toplamaqdan ibarət olmuşdur. 1930-cu ildə Mirheydərzadə Naxçıvan MSSR Xalq Maarif Komissarlığının əmri ilə muzeyin direktoru təyin edilmişdir. Həmin dövrdə muzeyin adı “Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi”ndən “Naxçıvan Tarix-Diyarşünaslıq Muzeyi”nə dəyişdirilmişdir. O, 1944-cü ilə qədər bu vəzifədə çalışmışdır.
Mirbağır Mirheydərzadənin ən mühüm işlərindən biri də epiqrafik abidələrin öyrənilməsi olmuşdur. 1928-ci ildə Qarabağlar türbəsindəki qoşa minarəli başdağın kitabəsində ərəb dilində yazılmış “Allahın bu nişanəsi türkman Quti xatındır” sözlərini oxumuşdur. Müsəlman kitabələri ilə bağlı çoxsaylı tədqiqatlar aparmışdır. O, həmçinin Şərq ədəbiyyatı, sufilik, təsəvvüf və hürufilik kimi mövzularla da dərindən maraqlanmış, milli folklorun ilk toplayıcılarından biri olmuşdur. Dil, elm və ictimai quruluşla bağlı yazıları da maraqlı araşdırmalar sırasındadır. Muzey direktoru kimi çalışdığı illərdə ədəbiyyat, mədəniyyət və tarix sahəsində mühüm tədbirlərin təşkilatçısı olmuşdur.
Hacı Mirbağır Mirheydərzadə 80 illik ömründə xalqına və elmə xidmət etmiş, 10 yanvar 1956-cı ildə vəfat etmişdir. Onun haqqında ilk geniş məlumatları professor İbrahim Mollayev vermiş, daha sonra “Nuh yurdu” qəzetində alimin nəticəsi, tarixçi Şəhla Əliyeva maraqlı yazılar dərc etdirmişdir.
Diqqətinizə çatdıraq ki, Mirheydərzadələr nəslinin kökü doqquzuncu məsum, yeddinci imam Museyi-Kazıma qədər gedib çıxır. Bu nəslin peyğəmbər soyuna mənsub olduğu 1890-cı ildə Qafqaz Şeyxülislamlığının rəsmi möhürü ilə təsdiq olunmuşdur…
Qeyd: Məqalənin hazırlanmasında filologiya elmləri doktoru, dosent Fərman Xəlilovun “Fədakar ölkəşünas: Hacı Mirbağır Mirheydərzadə” adlı əsərindəki məlumatlardan istifadə olunmuşdur.
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU