O, ilk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın Nigar xanım Şıxlinskayanın atası, artilleriyanın Allahı kimi şöhrət qazanan general Əliağa Şıxlinskinin qaynatası idi…
Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olub. Uşaqlıqda ata-anasını itirib və əmisi, kənd mollası İbrahim əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alıb. Hüseyn dini elmlərlə yanaşı ərəb, fars və türk dillərini, həmçinin Şərq ədəbiyyatını və tarixini də mükəmməl şəkildə öyrənib.
17 yaşında oxuduğu Salahlı kənd məktəbində müəllim təyin olunub. 1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd əfəndinin köməyi ilə Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlib. 1858-ci ilin fevralında burada şəriət və Şərq dillərindən dərs deməyə başlayıb.
O, 1879–1883-cü illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında ərəb və fars dili müəllimi kimi çalışıb. Eyni zamanda Tiflisdə azərbaycanlı kasıb ailələrin uşaqları üçün öz hesabına məktəb açıb. XX əsrin əvvəllərində bu məktəbi genişləndirərək altı sinifli “Müfti-İslam məktəbi”nə çevirib.
Mirzə Hüseyn əfəndi qızların təhsilinə də xüsusi önəm verib. Şəxsi nümunə göstərərək qızları Nigar və Gövhəri oxudub. Onları Tiflis Nücabə Qızlar İnstitutuna göndərib. Nigar xanım 1889-cu ildə, Gövhər xanım isə 1903-cü ildə həmin məktəbi qızıl medalla bitirib. Nigar xanım general Əliağa Şıxlinskinin, Gövhər xanım isə general Usubovun həyat yoldaşı olub. Həyat yoldaşı Səadət xanıma da Qafqaz Qadınlarının Xeyriyyə Cəmiyyətində iştirak etməyə icazə verib.
Görkəmli maarifçi 1883-cü ilin sonlarında müəllimlikdən ayrılaraq Qafqaz müftisi təyin edilib və bu vəzifəni 1917-ci ilin martına qədər icra edib. Həmin ilin martında Tiflisdə vəfat edib. Onun vəfatından sonra çar üsul-idarəsi dağıldığı üçün Qafqaz Ruhani İdarəsi də fəaliyyətini dayandırıb.
Hüseyn Qayıbzadə bir sıra dərs vəsaitlərinin və kitabların müəllifidir. Müsəlman mədrəsələrində riyaziyyatın tədrisi üçün “Məsaili-ammil-hesab” (Hesabın ümumi məsələləri), ana dilini yeni öyrənənlər üçün “Məbdəyi-təlimi-sibyan” (Yeniyetmələr üçün başlanğıc) adlı dərsliklər yazıb. Maarifçiliklə yanaşı, ədəbiyyat sahəsində də ciddi işlər görüb. Atalar sözləri, zərb-məsəllər və hikmətli sözlər toplayaraq “Tövsiyyətnamə” adlı 9 hissədən ibarət kitab hazırlayıb. Eyni zamanda XVIII–XIX əsrlərdə yaşamış 109 Azərbaycan şairinin əsərlərindən ibarət dörd cildlik antologiya tərtib edib. Mirzə Hüseyn əfəndi 1917-ci ildə, 87 yaşında dünyasını dəyişib…

MUASİRMEDİA.AZ
M.RƏŞADƏTOĞLU
M.RƏŞADƏTOĞLU