Azərbaycan müxalifətinin lideri: “Biz Rusiyadan ayrılacağıq

Siyasət
Azərbaycan müxalifətinin lideri: “Biz Rusiyadan ayrılacağıq, ancaq bu, ölkədə demokratik dəyişikliklər həyata keçirildikdən sonra mümkün olacaq”.
Polşanın ən nüfuzlu qəzeti olan “Rzeczpospolita” (Respublika)
mənimlə müsahibəni oxucularına bu başlıqla təqdim edib (link şərhdə):
Bu dəfə də dünya ictimaiyyətinə Polşa mətbuatı vasitəsilə səsləndim. Polşanın “Rzeczpospolita” qəzeti Azərbaycanla Rusiya arasında gərginlik haqda çox böyük, əhatəli məqalə dərc edib. Həmin əhatəli yazının bir hissəsi də mənimlə müsahibədən ibarətdir. Müsahibəni sizə təqdim edirəm.
Rzeczpospolita: Rusiya – Azərbaycan gərginliyi nə qədər uzağa gedə bilər? Hansı risklər var?
Rusiya və Azərbaycan arasında son gərginliyi şərh edən AXCP sədri Əli Kərimli deyir ki, bu gərginliyin necə bitməsi bütövlükdə regionun taleyinə təsir edə bilər. Rusiya ənənəvi olaraq öz qonşularına, xüsusilə də keçmiş Sovet respublikası olmuş müstəqil dövlətlərə müttəfiq, tərəfdaş, ən azı normal qonşu kimi yox, özündən asılı olan vassal və qondarma dövlətlər kimi baxıb.
Əlbəttə ki, Rusiyanın Azərbaycana və azərbaycanlılara hələ də xeyli pislik etmək, problem yaratmaq potensialı var. Ancaq Azərbaycanla gərginliyi artırsa, Rusiyanın özünün də itkiləri çox olar.
Əliyev hökuməti də Rusiya ilə münasibətləri qırmaqda maraqlı deyil. Putin və Əliyev ideoloji müttəfiqlərdir və hazırda onlar hələ də birlikdə saxlayan qlobal demokratikləşmə prosesindən qorxudur. Əliyev demokratik prosesin bütün Cənubi Qafqazı əhatə edəcəyindən, Putun isə demokratikləşə əyi təqdirdə Cənubi Qafqazdakı nüfuz və təsirini tam itirəcəyindən narahatdır. Ona görə də eyni – antidemokratik platformada dayanmaları, xalq iradəsindən, demokratik prosesdən qorxmaları səbəbindən məncə, Putin və Əliyev münasibətlərini qırmayacaqlar.
Rzeczpospolita : Azərbaycanda insan hüquqları və söz azadlığı baxımından vəziyyət necədir? Sizin şəxsən özünüzün vəziyyətiniz necədir? Sizə qarşı da repressiya varmı?
-Təəssüf ki, bizim ölkəmizdə insan hüquq və azadlıqlarının vəziyyəti getdikcə daha da pisləşir. Azərbaycanda artıq müstəqil mətbuat qalmayıb. Əvvəl müstəqil televiziya və radiolar, sonra qəzetlər bağlanmışdı, son illərdə isə müstəqil və müxalif saytlar və informasiya agentliyi də ya qadağan olunub, ya da ölkəni tərk etməli olub. Müstəqil jurnalistlər kütləvi şəkildə həbs olunub. Ölkədə müxalif və vətəndaş cəmiyyəti fəalları da kütləvi şəkildə həbs olunur. Hazırda yerli və beynəlxalq hüquq müdafiəçiləri ölkəmizdə siyasi məhbus sayının 375 nəfəri keçdiyini bildirir. Azərbaycanda sərbəst toplaşmaq azadlığı da tamamilə məhdudlaşdırılıb. Seçkilər hər zaman saxtalaşdırılır.
Mənim təmsil etdiyim ən böyük müxalifət partiyası olan AXCP-yə qarşı təzyiqlər heç vaxt ara vermir. Partiyanın 16 funksioneri hazırda siyasi məhbusdur. Son 10 ildə partiyanın 60 nəfərə yaxın funksioneri, o cümlədən partiya sədrinin müavin və müşavirləri, köməkçim, sürücüm və mühafizəçilərim siyasi tapşırıqla həbs olunub. Ailə üzvlərim də daimi təzyiq altındadır. Əliyev hakimiyyəti 20 ildir ki, mənə pasport vermir və mən xarici səfərlərə gedə bilmirəm. AXCP -nin ofis icarəyə götürməsinə belə imkan verilmir. Artıq 5 ildir ki, hökumət məni kommunikasiya blokadasına alıb. Həm mobil, həm də abunə olaraq İnternetdən istifadə etməyimə imkan verilmir.
Rzeczpospolita: Cənubi Qafqazın perspektivi sizə necə görünür? Rusiya Cənubi Qafqazdan sıxışdırılıb çıxarılacaq və regionda Türkiyə dominantlıq edəcək?
-Rusiyanın Azərbaycanla hazırkı gərgin münasibəti onun Cənubi Qafqazı öz nəzarətinə qaytarmaq planlarına ciddi zərbə vurur. Qarşıdurma dərinləşərsə, sizin dediyiniz “Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması” variantı da reallaşa bilər. Ancaq inanmıram ki, Rusiya bu perspektivi gözə almağa hazırdır. Məncə, Rusiyanın Ukrayna savaşından sonra 2-ci prioriteti məhz Cənubi Qafqazı nəzarətinə qaytarmaqdır. Ona görə də Rusiyanın Azərbaycanla artıq zərər görmüş münasibətləri tamamilə qırmayacağını, müəyyən güzəştlərə gedəcəyini düşünürəm.
İlham Əliyev özü də maraqlı olacaq ki, Rusiya ilə münasibətlər tam korlanmasın. demokratikləşmə prosesinin Cənubi Qafqazda qalib gəlməsinin qarşısını Putin və Əliyev birlikdə alırlar. Bu məsələdə onlar həqiqətən də müttəfiqdirlər.
Azərbaycanın Rusiyadan gerçək ayrılması yalnız Azərbaycanın Avropaya inteqrasiyası ilə paralel gedə bilər. Azərbaycanın Avropaya inteqrasiyasının, deməli həm də ölkəmizdə demokratik islahatların önü açılmadıqca Azərbaycan – Rusiya müttəfiqliyinin bitməsindən danışmaq hələ tezdir.
Ancaq hadisələr müəyyən müddətdən sonra məhz sizin sualınızda güman edilən istiqamətdə inkişaf etsə, o zaman əlbəttə ki, Rusiya Cənubi Qafqazı tam olaraq itirər və onun boşaltdığı yeri Qərb və Türkiyə doldurar. Cənubi Qafqaz dövlətləri Avropa İttifaqına inteqrasiya edər.
Rzeczpospolita: Belə bir fikirlə sizdə razısınızmı ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmasını Rusiya sobataj edir?
-Bəli, Rusiya Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmaq üçün uzun illər səy göstərib və sülh prosesinin indiyə qədər uzanması ilk növbədə onun “xidmətidir”.
Rusiya nəinki Azərbaycan – Ermənistan sülh prosesinə mane olub, hətta Azərbaycan və Ermənistan arasında Qarabağ uğrunda uzunmüddətli, təkrarlanan qarşıdurmaları ssenariləşdirən və yaradan dövlət olub. Rusiya uzun illər məhz etnik münaqişələri özünün Cənubi Qafqazdakı mövcudluğunu saxlamaq vasitəsi kimi görüb. Ancaq hazırda Rusiyanın bu imkanı çox azalıb və Azərbaycan və Ermənistan dövlət və hökumət başçıları bu fürsəti qiymətləndirməli və Azərbaycanla Ermənistan arasında sülh sazişi ləngimədən imzalanmalıdır.
Ali Karimli (Əli Kərimli)
1 kişi ve haber odası görseli olabilir
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir