Tarix göstərir ki, Məhəmməd peyğəmbər yalnız dini təbliğ edən bir ruhani deyildi, o eyni zamanda siyasi lider və hərbi komandan idi. Onun həyatı boyunca İslamın yayılması təkcə sözlə deyil, onlarla döyüş və müharibə ilə müşayiət olunub. Bədr, Uhud, Xəndək, Xeybər və Huneyn kimi döyüşlər bu prosesin əsas mərhələləridir.
Bu müharibələrdə sadəcə döyüşçülər hədəf alınmırdı. Məğlub olan tayfaların qadın və uşaqları əsir götürülür, kölə kimi paylanırdı. Xeybər döyüşündən sonra yəhudi lideri Kinana ibn Rabinin arvadı Səfiyə əsir alınaraq Məhəmməd peyğəmbərin haremində yer almışdı. Qurayza qəbiləsinin təslimindən sonra isə 600-900 arasında kişi edam edilmiş, qadın və uşaqlar isə müsəlmanlar arasında paylanmışdı. Bu hadisələr sadəcə dövrün şərtləri deyildi, dövlətin və dinin birləşdiyi bir sistemin təzahürü idi.
Amma maraqlıdır ki, Məhəmməd peyğəmbərin qurduğu bu teokratik-siyasi sistem onun ölümündən sonra ilk növbədə öz ailəsinə qarşı çevrildi.
Qızı Fatimə, atasının ölümündən sonra siyasi mübarizənin ortasında qaldı. Əbu Bəkrin xilafətini qəbul etmədi, haqsızlığa uğradığını düşündü və qısa müddət sonra vəfat etdi. Onun oğulları – peyğəmbərin nəvələri Həsən və Hüseyn – isə daha acı sonluqlarla üzləşdi. Həsənin zəhərlənməsi və Hüseynin Kərbəla çölündə ailəsi ilə birlikdə qətlə yetirilməsi bu sistemin necə vəhşiləşə biləcəyinin simvoluna çevrildi. Hüseynin körpə oğlu oxla öldürüldü, qadınları əsir alındı, düşmən çadırları yandırıldı.
Yəni nəticədə, Məhəmməd peyğəmbərin qurduğu sistem – dini hakimiyyət modeli – onun ailəsini də əzdi. Bu, sadəcə tarixi faciə yox, həm də dinin siyasətə alət edildiyi zaman nə qədər dağıdıcı ola biləcəyinin real nümunəsidir.
MM.AZ