Nəsiminin edamı dini səbəblə bağlı deyil. Nəsimi ruhanilərin fətvası ilə qətlə yetirilməyib

DIN
Media yazır ki, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.
Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib.
Böyük Azərbaycan şairi İmadəddin Nəsimi Hələb ərazisinin də tabe olduğu Misir sultanı Məmlük ibn Müəyyədin fərmanı ilə böyük şair dəhşətli bir tərzdə 1417-ci ildə edam olunub. Səbəb isə onun tərəfdarlarının və fikirlərinin təhlükə kimi görülməsi olub.
Yəni Nəsiminin edam edilməsinin səbəbi ətrafında olan çoxsaylı tərəfdarlar və nüfuzlu olması olub. Onun edamı dini səbəblə bağlı deyil. Nəsimi ruhanilərin fətvası ilə qətlə yetirilməyib. Sovet dönəmində din xadimlərini xalqın gözündən salmaq üçün bunu bizim yazıçılara və tarixçilərə zorla yazdırıblar. Şairi siyasi baxışlarına görə edam ediblər.
Bunu Ziya Bünyadovun, Əlyar Səfərlinin, suriyalı tədqiqatçı Bəkir ən-Nasirin, Abbas Əzzavinin, Ət-Təbbahın, Qəzənfər Paşayevin və başqalarının tədqiqatlarından da görmək olur.
Nəsiminin həyatı iki yoldan ibarətdir: biri dini, ikincisi ədəbi. Bunları vahid görmək lazımdır, ayrı-ayrılıqda baxılarsa Nəsimini anlamaq olmaz. Qeyd edim ki, oxuduğum əksər mənbələr Nəsiminin edamdan öncə Kəlmeyi-Şəhadət gətirdiyini təsdiq edir. Ruhanilər niyə onu kafir elan edir? Məgər kəlmeyi-şəhadət gətirən insan kafir ola bilərmi?
Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Suriya Ərəb Respublikasının Hələb şəhərinin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Bu təkyəni idarə edən şeyxlər ona “Nəsimi təkyəsi” deyirlər”.
Məqbərənin yerləşdiyi ərazidə şairin nəslinin nümayəndələrinin və ideya davamçılarının da məzarları var. Həyətdə beş-on qəbirli bir ailə qəbiristanlığı var. Başdaşlarında Nəsimi sözü yazılıb və bu da onu göstərir ki, bu şəhərdə Nəsimi baba adı (familiyası) ilə yaşayan onlarca ailə var
Nəsiminin Hələbdəki məqbərəsi üç metr hündürlükdə hasarla əhatələnib. Məqbərənin yerləşdiyi küçədə divara üzərində ərəb dilində “Həzrət Nəsimi təkkəsi” yazılmış lövhə vurulub və həmin küçə Nəsiminin adını (Əl-Nəsimi) daşıyır.
İmadəddin Nəsiminin Hələb şəhərindəki məzar sənduqəsinin üzərindəki yazıda bunlar yazılıb: “Fatihə. Bu məzar, ALLAHın və onun vəlisinin böyük bilicisi, sufi inancına etiqad edən Şəhid Şeyx Əli İmadəddin Nəsiminindir. Hicri 824-cü ildə (miladi 1421-ci ildə) şəhadətə yetirilmişdir. Uca ALLAH rəhmət eləsin, məzarının torpağı pak olsun”
Suriyadakı “Heyət Təhrir əl-Şam” müxalif silahlı qruplaşması Hələbə nəzarəti ələ keçirərkən Bəşər Əsəd rejimininin şəhərdəki hərbi qüvvələri ilə döyüşlər gedib. Bəzi mülki tikililərə ziyan dəysə də, bu dağıntılar Nəsiminin məzarından yan keçib, hətta türbənin ətrafı təmizlənərək ziyarətə yararlı hala salınıb.
Bəzi iddialara görə isə Nəsiminin qəbri Türkiyədə Qaziantepin Ağtorpaq kəndindədir. Lakin bu iddia öz təsdqiqni tapmadı. Azərbaycan alimləri Suriyaya səfər edib tam nəticəni elan elədilər: “Suriyada yalnız Nəsiminin qəbri deyil, onun adına küçə, dini ocaq, məscid var. Onun məzarı çox böyük hörmətlə qorunur. İmadəddin Nəsiminin məzarı Hələb şəhərindədir”
Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi kimi 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Nəsiminin məzarı səliqəyə salınır. Heydər Əliyev Suriya Ərəb Respublikasında səfərdə dahi şair Nəsiminin məzarını ziyarət edir. Bakıya döndükdən sonra Nəsiminin tanıdılması üçün müvafiq işlərin görülməsi üçün tapşırıq verir. Nəsimnin 600 illiyi yaxınlaşanda Rəsul Rzanı Suriyaya, Hələb şəhərinə göndərdi. Hələbdən Nəsiminin 4 divanı, biri farca, biri əsərbcə, ikisi türkcə Rəsul Rza tərəfdən Azərbaycana gətiriləndən sonra şair haqqında filmin çəkilməsinə göstəriş verir. Filmi çəkmək isə Həsən Seyidbəyliyə həvalə edir.
Qeyd edim ki, Heydər Əliyev o zaman cəhd etmiş idi ki, Nəsimin məzarını Azərbaycana gətirsin, lakin Sovet rəhbərliyi buna mane olmuş idi.
Qeyd edim ki, Suriya müftisi Azərbaycanda konfransda Nəsimi ilə bağlı bu sözləri çıxışında deyib: “Nəsimi Suriya ərazisində öldürüldüyünə görə 500 ildən sonra Azərbaycan xalqından üzr istəyirəm. Nəsimini suriyalılar öldürməyib. Heç istəməzdim ki, Nəsiminin ölümündə suriyalılar günahkar hesab edilsin. Çünki suriyalılar günahkar olsaydı, 500 il ərzində onun qəbrini qoruyub saxlamazdılar. Nəsimini onun paxıllığını çəkənlər öldürüb”.
Nəsimin məzarının Azərbaycana gətirilməsinin hansı müsbət tərəfləri var. İlk olaraq böyük şairin irsinə sahib çıxmağımızla yanaşı, onun məzarının da təhlükələrdən azad ediləcək. Suriyada müharibənin nə zaman tamam bitəcəyi məlum deyil və ağır silahlardan biri təsadüfən ora düşə bilər. Bu zaman isə onun məzarını qorumaq üçün bizim daha gücümüz çatmayacaq.
Nəsiminin məzarının ölkəmizə gətiriıməsi Azərbaycan mədəniyyətinin dünyaya nümayiş etdirilməsi baxımından da mühüm bir addım ola bilər. Onun Şamaxıda ailə üzvlərinin yanında dəfn edilməsi və burada sərdabə formasında ziyarətgah yaradılsa bu eyni zamanda Azərbayana turizim axınına da səbəb ola bilər.
MM.AZ
Prof.Dr.Zaur Aliyev

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir