1918-ci ilin 15 sentyabr tarixi.
1918-ci ilin 28 may günündə Tiflisdə Azərbaycanın müstəqilliyi elan edilərkən məmləkətimizdə olduqca ağır bir durum yaşanmaqda idi. Azərbaycanda, o cümlədən Bakıda xalqımıza düşmən mövqelilərin hegemonluğu hökm sürür, bolşevik siyasi oyanbazlığı, erməni-daşnak özbaşınalığı günü-gündən artırdı. Bu mənada Stepan Şaumyanın etdikləri daha dəhşətli idi. O, öz çirkin niyyətlərini xarici havadarların köməyilə həyata keçirirdi. Məqsədi isə Azərbaycanın var-dövlətini talan etmək, xalqımızı amansız işgəncələrə, soyqırıma məruz qoymaq idi. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi həm də Cenubi Qafqazda Azərbaycan türkünün varlığına son qoymaq və “Böyük Ermənistan” xülyasını həyata keçirmək. Həmin dövrdə Bakıda 26 Bakı Komissarı hakimiyyəti qurulmuşdu. Bakı Sovetinin niyyəti qərbə doğru hərəkət etmək, milli Azərbaycan hökumətini yerindəcə, Gəncədə boğmaq, varlığınıa son qoymaq idi.
1918-ci ilin 16 iyun tarixindən 15 sentyabr tarixinədək Bakının bolşevik əsarətindən azad edilməsində Azərbaycan milli hökumətinin Gəncə fəaliyyəti dövrü milli tariximizin, hərb dövrümüzün önəmli səhifələrindəndir.
Vətənin bolşeviklərin nəzarətində olan ərazilərini, o cümlədən Bakını azad etmək, Qarabağ, Göyçə, Naxçıvanda erməni silahlı dəstələrinin xalqımıza qarşı törətdikləri amansız vəhşiliklərinin qarşısını almaq və ən başlıcası isə müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi Azərbaycan Demokratik Respublikası Hökuməti qarşısında duran mühüm vəzifələr idi.Bu vəzifələr ordu qurucululuğu işinə daha çox diqqət yetirməyi tələb edirdi.
Azərbaycan hərb tarixində özünəməxsus yer tutmuş simalar Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov və Həbib bəy Səlimovun sərkərdəlik məharəti Bakının azad olunmasındamühüm rol oynadı. Azərbaycan hökumətinin Osmanlı dövlətindən gözlədiyi hərbi yardım hələ gəlmədiyi bir zamanda Bakıdan Gəncə üzərinə gedən qüvvələrin dayandırılması, qarşısının alınması üçün Həbib bəy Səlimovun döyüş bacarığı özünü göstərdi. Gəncə üzərinə gedən qüvvələrin bir neçə saat ləngidilməsi belə həyati əhəmiyyəti kəsb edirdi. Həbib bəy Səlimovun Gəncə istiqamətindəki hərbi əməliyyatlarda qələbə qazanılmasında rolu böyük oldu. Buna görə bir qədər sonra Gəncəyə çağırılaraq Azərbaycan Əlahiddə qüvvələrinin qərərgah rəisi təyin edildi.
1918-ci ilin 4 iyun tarixində qardaş Türkiyə Osmanlı dövləti ilə imzalanmış hərbi müqavilə Azərbaycan Demokratik Respublikası hökumətinin ordu quruculuğu işinə daha böyük təkan verdi. 6 iyun tarixində Cəmil bəy, Nəcmi bəyin komandanlığı altında iki türk alayı Gəncəyə daxil oldu. Lakin hadisələrin gedişatı göstərdi ki, bu qüvvə ilə nə Gəncə ətrafındakı, nə də Bakıdakı təhlükəni aradan qaldırmaq olmayacaq. Qafqaz və XV Çanaqqala diviziyası təcili olaraq Osmanlı hökuməti tərəfindən Azərbaycan xalqına köməyə göndərildi. Bununla yanaşı respublikada ordu quruculuğu işidə davam etdirilirdi.
Gəncədə hər iki diviziya birləşdirildi və Nuru Paşanın vahid komandanlığına verildi. Bu birləşmə Qafqaz İslam Ordusu adlandı. Azərbaycan xalqının imkanlarının ümumi düşmənə qarşı səfərbər edilməsində və istiqamətləndirilməsində də Qafqaz İslam Ordusunun fəaliyyəti tarixi əhəmiyyətə malikdir. Nuru Paşa qısa bir müddət ərzində Gəncə və o ətrafda yaşayan 1896-1897-ci il doğumlu bütün gəncləri orduya cəlb etdi və Gəncədə hərbi məktəb yaratdı. Düzdür, əslində 1918-ci ilin mart ayında hərbi məktəb açılmışdı. Poruçik Cahangir Zeynaloğlu da rəis təyin edilmişdi. Həmin zaman Bakıda vəziyyət çox mürəkkəb idi. Dəhşətli mart soyqırımından sonra həmin məktəbin Gəncəyə köçürülməsi qərara alındı. Burada məktəbin fəaliyyəti bir müddət dayandırıldı. Gəncədə isə hərbi məktəbə Osmanlı dövlətindən gəlmiş Atif bəy başçılıq etdi. Bu təhsil ocağı “Praporşiklər məktəbi” adlandı. Cahangir bəy onun köməkçisi oldu.Beləliklə, tez bir zamanda azərbaycanlılardan ibarət ordu formalaşdırmağa başladı. Ən əsası isə Nuru Paşanın və digər türk zabitlərinin köməyi ilə Azərbaycanda təqribən 40 min nəfərlik Milli Ordu yaradıldı. Bu ordu ölkənin ən ağır dövrlərində Azərbaycanın torpaqlarını, xalqın milli ləyaqətini, mənəvi dəyərlərini daxili və xarici düşmənlərdən qoruyub saxladı.
1918-ci il iyul ayının sonlarında artıq Azərbaycan və türk ordularının birləşməsi nəticəsində Bakı Sovetinin qüvvələrinin qarşısını almaq üçün tarixi şərait yarandı. Bakı Sovetinin qüvvələri 20 mindən artıq erməni daşnak, eləcə də bolşevik nümayəndələri, təpədən-dırnağacan silahlanaraq keçdikləri ərazilərdəki erməniləri də öz tərkiblərinə qatırdılar. Gəncəyə doğru irəliləməkdə məqsəd Milli Hökuməti məhv etmək, dəhşətli soyqırımı başa çatdırmaq idi. Belə olan vəziyyətdə Qafqaz İslam Ordusu Göyçay, Şamaxı, Ağsu ətrafında böyük döyüşlər keçirdi. 20 mindən artıq təpədən dırnağacan silahlanmış erməni daşnaq -bolşevik,eləcə də Bakı sovetinin qüvvələri bir-birinin ardınca müvəffəqiyyətsizliyə uğradılar. Nəticədə bütün istiqamətlərdə ərazilərimiz düşməndən təmizləndi.
Bakının işğaldan azad edilməsi qarşıda duran ümdə məsələ idi. Bakının azad edilməsi planını hazırlayan Nuru Paşa şəhər üzərinə dairəvi hücum təşkil etdi. Digər tərəfdən Nuru Paşa Bakı ətrafında olan kəndlərin əhalisini şəhər üzərinə həlledici hücum üçün səfərbər edə bildi. Lakin əlavə yeni qüvvələrə ehtiyac olduğundan Nuru Paşa Bakının azad olunması üçün gün təyin edə bilmirdi. Bu müddətdə ingilis qoşunları komandanı Denstervil də Bakıya yeni qüvvələrin cəlb olunması üçün öz hökumətinə müraciət edə bilərdi. 1918-ci il sentyabrın 6-da Nuru Paşa Gəncədə diviziya komandanı Süleyman İzzət bəyin qüvvələrini qarşıladı. Əliağa Şıxlınskinin, Azərbaycan hökuməti üzvlərinin iştirak etdiyi bu qarşılanma mərasimi Nuru Paşanın sevinclə yaşadığı məqamlardan idi. 15-ci diviziyanın Bakıya yola salınması və şəhər üzərində həlledici hücuma hazırlıq özünün son mərhələsinə qədəm qoydu. Sentyabr ayının 10-da Şərq Orduları Qrupu komandanı Xəlil Paşa, Qafqaz İslam Ordusu komandanı Nuru Paşa, Nizami Ordu komandanı general-leytenant Əliağa Şıxlınski və digər zabitlər Bakı ətrafına gəldilər. Sentyabr ayının 13-də Nuru paşa Bakının azad edilməsi üçün həlledici hücuma başlaması barədə əmr imzaladı. Gecə əmr verilən kimi Qurd qapısı yüksəkliyi, Biləcəri istiqaməti azad olundu. İngilis qoşunları komandanlığı müqavimət göstərməyin artıq əbəs olduğunu anlayaraq elə həmin gecə də Bakını tərk etdilər.
Sentyabr ayının 15-də səhər saat 5.30-da şəhərə hərtərəfli hücum başlandı. Səhər saat 9.00-da Bakı azad olundu. Nuru Paşa sentyabr ayının 16-da bu tarixi hadisənin şərəfinə hücümda iştirak edən qüvvələrin rəsmi keçidi barədə qəraraverdi.İndiki Bakı Dövlət Universiteti ərazisindən Biləcəri istiqamətinə iki saatlıq rəsmi keçid oldu. Sonra qoşunlar və onların pişvazına çıxan xalq istiqlaliyyət meyadnına, keçmiş 26-lar bağına toplaşdılar. Nuru paşa onları salamlayıb qarşılarında çıxış etdi.
: Bu gün şəhərimizin ən yüksək yerində türk əsgərinin
şərəfinə ucalan abidə xalqımızın minnətdarlıq hisslərinin təcəssümüdür. Azərbaycanımızın bir çox yerlərində də həmin dövrləri xatırladan abidələr var. Sovet dönəminin 70 ili ərzində qadağaların qoyulduğu, tariximizin unutdurulması zamanında belə bu abidələr qorunub saxlandı. Şamaxı rayonun Acıdərə deyilən ərazisində türk zabiti İzzət Əfəndinin məzarının bu günümüzədək qorunması millətimizin ali hisslərindən xəbər verir.Azərbaycan onun istiqlalı azadlığı,dövlətçiliyinin möhkəmləndirilməsi,müstəqilliyinin qorunması uğrunda canını fəda etmiş hər kəsi böyük ehtiram və şükranlıqla yad edir.




MUASİRMEDİA.AZ
MƏTANƏT AĞAMİRLİ
MƏTANƏT AĞAMİRLİ