ÇÖRƏYİN QOXUSU GETMİR AĞLIMDAN.

ƏDƏBİYYAT
90-cı illər idi. Sovet təzə dağılmış, aclıq hökm sürürdü. Pulun olsa belə çörək tapmaq olmur, tapılan yerlərdə də gecə saat 12-dən səhər çörək gələnə kimi ucsuz bucaqsız növbələr olurdu.
Onda biz hələ Bakıya köçməmişdik. Ucqar dağ kəndində vəziyyət daha acınacaqlı, daha dözülməz idi. Atam Bakıya gedərkən müəyyən qədər pul qoymuşdu. Amma o pula ala biləcəyimiz çörək satılmırdı.
Evdə 1 kisə buğdamız var idi. Dedilər ki, qonşu Yunan kəndində qoca bir kişi 1945-dən qalan su dəyirmanını işə salıb və hamı aparıb orda buğdasını üyütdürüb un edir.
Rəhmətlik dayım və Anam da bir kisə buğdamızı xizəyə qoyub qarlı yollarla sürüyə-sürüyə 3 km yolu apardılar. Evdə nənəm, qardaşım, bacım və mən gecə saatlarına kimi gözlədik. Amma Anam və dayım gəlib çıxmadı. Demə ki, növbə var imiş. Biz yatdıqdan sonra gəlib çıxıblar. Onlar gələnə kimi nənəm küçələrdə qışın qarlı soyuğunda yol gözləyib.
Səhər oyandığımızda evdən çox gözəl bir qoxu gəlirdi. Elə gözəl bir qoxu ki, hələ də burnumdadı. Buğda unundan bişirilmiş çörəyin ətri, ləzzəti hardasa bütün kəndi bürümüşdü.
Uşaq ağlı ilə özümü dünyanın ən xoşbəxti sanırdım.
P.S. İNDİ PULUMUZ OLSA DA, İSTƏDİYİMİZ HƏR ŞEYİ ALA BİLSƏK DƏ O ÇÖRƏYİN QOXUSU GETMİR AĞLIMDAN.

MM.AZ