Masallıda orta məktəbdə oxuduğum illərdə “Çağırış” adlı bir qəzet nəşr olunurdu. Bu ad təkcə bir mətbu orqanı deyil, bütöv bir dövrü, bir məktəbi, bir düşüncə tərzini ifadə edirdi. Rayon qəzeti olsa da, dili, mövzuları, yanaşma tərzi ilə respublika mətbuatı səviyyəsində idi.
Elə buna görə də “Çağırış” əldən-ələ gəzirdi, maraqla oxunur, müzakirə olunur, yaddaşlarda qalırdı.
Elə buna görə də “Çağırış” əldən-ələ gəzirdi, maraqla oxunur, müzakirə olunur, yaddaşlarda qalırdı.
Qəzetin ilk illərində redaktoru rəhmətlik Vaqif Hüseynov idi. Onun sözə və fakta həssas münasibəti, redaktorluq dəqiqliyi “Çağırış”ın ruhunu, simasını formalaşdırmışdı. Sonralar bu məsuliyyətli və şərəfli işi İbrahim İbrahimov davam etdirdi. Hər iki redaktor qəzetə sadəcə rəhbərlik etmirdi, onlar gənc qələm sahibləri üçün əsl məktəb yaradır, yazının məsuliyyətini, sözün çəkisini öyrədirdilər.
“Çağırış”ın çox sağlam və yaradıcı kollektivi vardı. Bu gün də həmin adları böyük ehtiramla xatırlayıram: Aydın Əliquluyev, Rəsul Rzayev, Mühacir Qurbanov, Allahbaxış Səfərov, Həsənağa Əliyev, Əyyar Tahirov, Əyyub Mehdiyev… (Dünyasını dəyişənlərə Allahdan rəhmət, sağ olanlara möhkəm cansağlığı arzulayıram). Onların hər biri sözə, oxucuya, mətbuat etikasına sadiq, vicdanlı qələm sahibləri idi.
“Çağırış” mənim üçün əsl böyük məktəb oldu. Orta məktəbdə oxuya-oxuya bu qəzetlə əməkdaşlıq edirdim, ştatdankənar müxbir idim. Bu statusun özü belə gənc bir insan üçün böyük etibar, böyük nüfuz demək idi. Səmimi deyirəm, sonralar respublika səviyyəli bir jurnalda baş redaktor olduğum dövrlərdə belə, “Çağırış”ın ştatdankənar müxbiri olduğum vaxt hiss etdiyim o daxili qüruru, o mənəvi məsuliyyəti eyni dərəcədə hiss etmədim.
Biz kəndlərə gedirdik, çaybecərənlərin, tərəvəzçilərin, maldarların zəhmətindən yazırdıq. Sadə insanların alın təri, gündəlik qayğıları, zəhmət içində qazandıqları uğurlar yazılarımızın əsas mövzusu idi. Hər yazıya görə qonorar da alırdıq. Bu, təkcə maddi stimul deyildi, əməyə verilən dəyərin, yazıya göstərilən hörmətin ifadəsi idi. Yazının qəzetdə çap olunması, üstəlik qonorarla qiymətləndirilməsi gənc bir qələm sahibi üçün necə böyük motivasiya idi, bunu yalnız o dövrü yaşayanlar bilər.
Bu gün dönüb baxanda istər-istəməz köks ötürürsən, heyif deyilmi o vaxtlar? Heyif deyilmi belə qəzetlərin, belə kollektivlərin, belə yaradıcı mühitlərin azalması? “Çağırış” təkcə bir qəzet deyildi. O, rayonda ictimai fikrin formalaşmasında, insanların dünyagörüşünün genişlənməsində, sözə və düşüncəyə hörmətin yaranmasında mühüm rol oynayan bir tribuna idi. Onun səhifələrində təkcə xəbərlər yayılmırdı – düşüncə aşılanırdı, mövqe formalaşırdı, cəmiyyət özünü görməyi və dərk etməyi öyrənirdi.
“Çağırış” oxucunu passiv müşahidəçiyə çevirmirdi. O, oxucunu düşünməyə, sual verməyə, münasibət bildirməyə çağırırdı. Elə qəzetin adı da bunun ən dəqiq ifadəsi idi. Bu ad zamana, durğunluğa, biganəliyə ünvanlanmış bir çağırış idi. Bəlkə də məhz buna görə “Çağırış” Masallının sərhədlərini aşaraq yaddaşlarda qaldı, bir nəslin həyatında silinməz iz buraxdı.
Bu gün mətbuatın taleyindən danışanda, yerli qəzetlərin dünəni ilə bu gününü müqayisə edəndə “Çağırış” tez-tez yadıma düşür. O qəzet mənə təkcə yazmağı yox, məsuliyyəti, sözün qiymətini, oxucu qarşısında cavabdeh olmağı öyrətdi. Həyat yolumda atdığım bir çox addımın başlanğıcında məhz o məktəb dayanır.
Zaman dəyişir, dövrlər bir-birini əvəz edir. Amma yaxşı söz, vicdanlı jurnalistika, səmimi yaradıcılıq heç vaxt köhnəlmir. “Çağırış” da bu mənada bir dövrün yox, bir dəyərin adı idi. Və mənim yaddaşımda o dəyər hələ də yaşayır.

MUASİRMEDİA.AZ
Şərafəddin İlkin, Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.
