İnsan tarixi əslində bir güzgüdür-FOTO

ƏDƏBİYYAT
İnsan tarixi əslində bir güzgüdür. O güzgüdə insan özünü ya hökmran kimi görür, ya da məhkum. Amma güzgü heç vaxt yalan danışmır: kim nədirsə, gec-tez olduğu kimi üzə çıxır. Tarixin ən qanlı dövrləri də, ən işıqlı anları da bir sualın ətrafında formalaşıb: insan gücə sahib olanda kimə çevrilir? Güc sadəcə hökm etmək imkanı deyil. Güc insanın daxili aləmini çılpaqlaşdıran bir mexanizmdir. Psixologiyada buna “hakimiyyətin deformasiyası” deyilir: insan nə qədər nəzarət əldə edirsə, özünə haqq qazandırmaq ehtiyacı bir o qədər artır. Artıq o, etdiyi hər şeyi “zəruri”, “qaçılmaz”, “məcburi” adlandırmağa başlayır. Beləliklə, güc öz-özünü bəraətləndirən bir sistem yaradır. Platon “Dövlət” əsərində yazırdı ki, əgər ədalət gücün nəzarətində olmazsa, dövlət quldur dəstəsindən fərqlənməz. Aristotel isə açıq deyirdi ki, qanun yalnız güclünün maraqlarını qoruyursa, o artıq qanun deyil, zorakılığın rəsmi formasıdır. Maraqlıdır ki, min illər keçsə də, bu xəbərdarlıqlar köhnəlməyib əksinə, daha da aktual olub. Tarix bunun saysız nümunələrini təqdim edir. Roma imperiyası dünyaya nizam gətirdiyini iddia edirdi, amma o nizam qul bazarları üzərində qurulmuşdu. Orta əsr Avropasında kilsə gücü ilahi adlandırıldı, amma bu güc fərqli düşünənləri tonqalda yandırmaqdan çəkinmədi. 20-əsrdə ideologiyalar “bərabərlik” və “xilas” adı ilə milyonlarla insanın həyatını məhv etdi. Hər dəfə ssenari eyni oldu: güc özünü mütləq hesab etdi, haqq isə kənara itələndi. Psixoloji baxımdan diqqətçəkən məqam budur ki, gücə sahib olanlar çox vaxt özlərini ən haqlı insanlar kimi görürlər. Çünki insan psixikası ziddiyyəti sevmir. Əgər mən güclüyəmsə və səhv edirəmsə, bu mənim kimliyimi dağıdar. Ona görə də şüur avtomatik müdafiə mexanizmi qurur: “Mən güclüyəmsə, deməli, haqlıyam.” Bu məntiq fərdin deyil, bütöv sistemlərin davranışını izah edir. İlahi çağırışlarda güc heç vaxt məqsəd kimi təqdim olunmur o, həmişə imtahan vasitəsidir. Quranda, Bibliyada, Tövratda peyğəmbərlərin hekayələri təsadüfi deyil: onların əksəriyyəti zəif vəziyyətdə, azlıqda, təzyiq altında haqqı təmsil edirdi. Fironun sarayında Musa, Roma imperiyasında İsa, Məkkə aristokratiyası qarşısında Məhəmməd (s.a.s) hamısı eyni həqiqəti göstərirdi: haqq çox vaxt tək qalır, amma məğlub olmur. Tarixin ironiyası da məhz buradadır. Güc sahiblərinin adları qorxu ilə xatırlanır, amma zaman keçdikcə onlar simvola çevrilir zalımlığın simvoluna. Haqq tərəfdarları isə çox vaxt həyatda məğlub olur, amma tarixdə qalib gəlir. Sokratı məhkəmə öldürdü, amma onun sualları hələ də insanlığı narahat edir. Hallacı-Mənsuru edam etdilər, amma “həqiqət” anlayışı onunla birlikdə susmadı. Cəmiyyətlər də fərdlər kimidir. Ədalət hissi zədələnmiş toplumda uzunmüddətli sabitlik mümkün deyil. Qorxu üzərində qurulan nizam zahirən sakit görünə bilər, amma bu sükut dərin çatlarla doludur. Psixologiyada bu hal “təzyiq altında uyğunlaşma” adlanır insanlar razı olduqları üçün deyil, başqa seçim görmədikləri üçün itaət edirlər. Belə sistemlər ilk sarsıntıda dağılır. Ən təhlükəli məqam isə gücün normaya çevrilməsidir. İnsanlar ədalətsizliyə alışanda, onu “həyatın reallığı” kimi qəbul edəndə haqq təkcə tapdalanmır, unudulur. Unudulan haqq isə artıq müdafiə olunmur. Tarixdə ən böyük fəlakətlər məhz bu mərhələdən sonra başlayıb.
Bütün bunların fonunda bir həqiqət dəyişmir. Güc zamanın axını ilə əl dəyişir, amma haqq zamanın özündən kənarda qalır. Bugünün qalibi sabahın müttəhimi ola bilər. Amma vicdanla uyğun gələn mövqe, hətta məğlub olsa belə, insanı daxildən dağıtmır. Çünki insanın ən ağır məhkəməsi xaricdə deyil onun öz içindədir. Bu səbəbdən sual “kim güclüdür?” olmamalıdır. Əsas sual budur: insan güclü olanda öz insanlığını qoruyurmu? Çünki tarix göstərir ki, güc insanı zirvəyə qaldıra bilər, amma yalnız haqq onu orada saxlaya bilər.

bir veya daha fazla kişi ve sakal görseli olabilir
MUASİRMEDİA.AZ
NAĞIYEV HƏSƏN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir