Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük qəzəl ustadı Nəsiminin faciəvi edamı tarixin ən acınacaqlı ölümlərindən biri hesab olunur.
Dini-fəlsəfi görüşlərinə görə şairin diri-diri dərisinin soyulması, ölümündən sonra bədəninin hisslərə bölünməsi hər bir kəsə yaxşı məlumdur. Təsadüfi deyildir ki, xalq yaddaşında şairin diri-diri dərisinin soyularaq edam edilməsi onun cəsarətinin, əqidəsinə sədaqətinin simvoluna çevrilib. Lakin tanınmış şərqşünas alim, akademik Ziya Bünyadovun araşdırmaları bu məşhur hadisənin tarixi fakt deyil, sonradan formalaşmış bir xalq rəvayəti olduğunu göstərir. Maraqlıdır; Nəsiminin dərisinin diri-diri soyularaq edam edilməsi rəvayətdir, yoxsa reallıq?

Əvvəlcə onu diqqətə çatdıraq ki, Nəsiminin həyatı ilə bağlı mənbələr azdır, olanlar isə çox vaxt ziddiyyətlidir. Bir sıra müəlliflər onun taleyinə işıq salmağa çalışsa da, məlumatlar qaranlıq məqamlarla doludur. Ziya Bünyadovun irəli sürdüyü arqument, yəni Nəsiminin dərisinin soyulmasının bir əfsanə, rəvayət olması alim Məhəmməd Raqibin yazdıqlarına əsaslanır. O, bu faktı 1479-cu ildə vəfat etmiş Əbuzər Əhməd ibn Burhan İbrahim ibn əl-Hələbinin “Künüz əz-zəhəb fi-tarix Hələb” (“Hələb tarixinə dair qızıl xəzinələr”) adlı əsərindən götürüb.
Ziya Bünyadovun istinad etdiyi Məhəmməd Raqib yazır ki, şair məhkəmədən sonra bir müddət ədalət sarayında dustaq saxlanılıb, daha sonra qala həbsxanasına köçürülüb. Raqibin qələmində bu sətirlər yer alır: “Sultan əl-Müəyyədin əmri gəlib çatdı ki, Nəsimi öldürülsün, daha sonra dərisi soyulsun və yeddi gün Hələbdə car çəkilsin, sonra isə cəsədi parça-parça edilsin…” Lakin Ziya Bünyadov “Azərbaycan şərqşünaslığı” jurnalında dərc etdirdiyi məqalədə bu təsvirlərə ehtiyatla yanaşmağın vacibliyini vurğulayırdı. Alimin fikrincə, Nəsiminin diri-diri dərisinin soyulması ideyası xalqın ona olan böyük sevgisindən, şairi qəhrəmanlaşdırmaq istəyindən doğmuşdur: “Bu əfsanəni elmi sübut edilmiş fakt kimi qəbul etmək düzgün deyil”, – deyə o qeyd edirdi. Qısacası, akademikin fərziyyəsinə görə Nəsimi sultanın fətvası ilə öldürülmüş, daha sonra onun cansız vücuduna işgəncə verilərək aləmə ibrət olsun deyə dərisi soyulmuşdur.
Əsl adı Seyid Əli İmadəddin olan Nəsimi yalnız şeir dünyasının deyil, elmin də sirlərinə bələd bir şəxsiyyət idi. Riyaziyyat, təbabət, astronomiya, məntiq sahələrində bilik sahibi olan şair klassik Şərq və qədim yunan fəlsəfəsini, islam və xristianlıq təlimlərini dərindən öyrənmişdi. O, üç dildə – Azərbaycan, fars və ərəb dillərində qələm çəkərək zəngin ədəbi irs qoyub getmişdi. Azərbaycan dilində on beş min misralıq, fars dilində isə beş min misralıq divanı bu gün də oxucularını heyran edir.
Nəsiminin məzarı Suriyanın qədim Hələb şəhərində, köhnə qala ərazisində yerləşir. Onun sözünün qüdrəti əsrləri aşaraq dünyaya yayılıb. 1971-ci ildə şairin 600 illik yubileyinin UNESCO tərəfindən qeyd olunması, 1973-cü ildə “Nəsimi” filminin ekranlara çıxması bu böyük sənətkarın bəşəri dəyər kimi qəbul edildiyinin göstəricisidir.

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU