Naxçıvan diyarında təqvim adətləri ilə bağlı keçirilən bayramlardan biri də Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram “qışın oğlan çağında”, Kiçik çillənin onuncu günü qeyd edilir.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov deyib ki, Kiçik çillə yanvarın 31-dən fevralın 19-na qədər olan dövrü əhatə etdiyindən Xıdır bayramı fevralın 9-da Kiçik çillənin yarı olduğu gündə keçirilir. Naxçıvan Muxtar Respublikasının bəzi şəhər və kəndlərində bu bayramın fərqli günlərdə keçirildiyinə də şahid oluruq. /AZƏRTAC/
Maraqlı cəhət bundan ibarətdir ki, bayram nəyə görə məhz fevralda, qışın ən sərt vaxtında keçirilir? Asəf Orucovun sözlərinə görə, qışın ən çətin dövründə, insanların tədarük gördükləri ərzaq, yem, yanacaq ehtiyatının azaldığı vaxt Xızır Peyğəmbərin çağırılması onun yardımına böyük ehtiyacla bağlıdır. Əldə olan materiallara əsaslanaraq demək olar ki, bayram çətinlikdə insanların dadına, köməyinə çatan, istilik hamisi olan Xızırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, İslamdan öncə formalaşmış əski türk inancıdır. Bir qayda olaraq fevral ayının 9-u qeyd olunmalıdır.
Naxçıvanda bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xızır gəlməz, Xızır gəlmədiyi ev, ailə isə dərd-bəladan qurtulmaz.
“Bayramda qovurmaq üçün buğda, küncüd təmizlənir, bir çox kəndlərdə (Kükü, Teyvaz, Qıvraq, Şahtaxtı) Günəşi çağırmaq anlamında, Günəşin, yazın rənginə uyğun olaraq yumurtalar qırmızı rəngə boyanır. Qeyd edək ki, yumurta boyanması başqa kəndlərdə yoxdur. Ümumiyyətlə, bu adətə Novruz bayramında əməl edilir. Bəzi kəndlərdə isə Günəşin, istiliyin rəmzi olaraq çömçə bəzəyirlər. Bildirmək istərdim ki, Naxçıvan bölgəsində Günəşi çağırmaq anlamında Qodu mərasimi (Novruz bayramı ərəfəsində) də keçirilir”, – deyən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri bildirib ki, qovurulmuş buğdadan (qovurğadan) qovut hazırlanır, yəni qovurğa kirkirədə (dəstərdə) çəkilir və yaxud həvəngdəstədə döyülür. Qovutu quru yemək çətin olduğundan ona bir az şərbət və ya doşab əlavə edib ovurlar.
Qovurğa ilə bərabər bayram günü badam, noxud, günəbaxan tumu qovurulur, hazırlanan qarışığa iydə, kişmiş, mövüc və başqa çərəzlər də qatılır. Plov (aş) süzülür, xəşil bişirilir, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Evdə olan adamların sayına görə plovun yanına şam qoyulur. Çox təəssüf ki, hazırda bu adətlərin bir qismi icra olunmur. Maraqlıdır ki, Xıdırda plov hazırlamaq, şam yandırmaq adəti Naxçıvan Muxtar Respublikasının hər tərəfində qeydə alınmayıb.
Bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi onlar qapılara gedib, torba, papaq atır, Xıdırın payın yığırlar. Pay gözləyənlər aşağıdakı misraları söyləyirlər:
MUASİRMEDİA.AZ
