Yazıçı, dramaturq, şair, ədəbiyyatşünaslıq üzrə elmlər doktoru, ictimai-siyasi xadim Şıxəli Qurbanov 16 avqust 1925-ci ildə Bakıda bənna ailəsində anadan olub. Atası əslən Kürdəxanıdan, anası isə Novxanıdan idi.
– 1942-ci ilin iyununda, hələ on yeddi yaşında ikən İkinci Dünya müharibəsində könüllü olaraq cəbhəyə getməyə nail olur.
Şıxəli Qurbanov bununla bağlı yazırdı:
“Nəhayət, məni 1891/1930-cu il nümunəli tüfənglə yan-yana qoydular, özü də biz onunla eyni boyda idik”.
– Şıxəli Qurbanov xidmətinə sıravi əsgər kimi başlamış, sonra 2-ci Baltikyanı cəbhənin atıcı alayında bölmə komandiri olmuşdur. Müharibəni isə Qırmızı Bayraqlı Baltik Donanmasının artilleriya diviziyonunda gəmi artilleriyaçıları bölməsinin komandiri kimi başa vurmuşdur.
– 1947-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna (indiki ADPU) fərqlənmə ilə daxil olur. İkinci kursdan sonra institutun komsomol komitəsinin katibi seçilir. 1951-ci ildə həmin institutun aspiranturasına daxil olur və orada dərs deməyə başlayır.
– 1954–1955-ci illərdə Bakı Şəhər Komitəsində şöbə müdiri, 1955–1957-ci illərdə isə Voroşilov (indiki Səbail) rayon partiya komitəsinin birinci katibi işləyib.
– 1956-cı ildə filologiya üzrə elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edir. (“Puşkin və Azərbaycan ədəbiyyatı”)
– Şıxəli Qurbanov “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Olmadı elə, oldu belə”, “Sevindik qız axtarır” pyeslərinin müəllifidir. Onun son əsəri “Sənsiz” dramı olmuşdur. Bu əsər SSRİ-nin bir sıra şəhərlərində, həmçinin Bolqarıstanın Razqrad şəhərində tamaşaya qoyulmuşdur.
–Qızı Gülnarə Şıxəliqızının xatirələrindən:
“Atam yeni bir əsər üzərində işini tamamladıqdan sonra böyük səliqə ilə həmin əsərin dekorasiyalarının maketini hazırlayardı. Sonra bu maketlərin hamısını masanın üstünə düzər, ailə üzvlərini başına yığıb: ‘Gəlin baxın görün, necədir?’ — deyə soruşardı. Sonralar mən teatra gedib tamaşaya baxanda masamızın üstündəki o kiçik dekorasiyaların səhnədə böyüdülmüş miqyasda, canlı şəkildə canlandığını görürdüm.”
– Onu Azərbaycan Jurnalistlər İttifaqının yaradıcısı da saymaq olar. MK şöbə müdiri işlədiyi vaxt — 1957-ci ildə Şıxəli Qurbanov Azərbaycan Jurnalistlər İttifaqının təşkilat bürosunu formalaşdırmış, 1959-cu ildə jurnalistlərin birinci qurultayını keçirməyə müvəffəq olmuşdur.
– 1957–1961-ci illərdə Azərbaycan KP MK-nın Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu vəzifədə olarkən milli ruhun oyanmasında və inkişafında fəal iştirak edib.
– 1961–1966-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda “Ədəbi əlaqələr” şöbəsinin müdiri işləyib.
– 1966-cı ildə filologiya üzrə doktorluq müdafiəsini başa çatdırdıqdan sonra Vəli Axundovun təqdimatı ilə Şıxəli Qurbanov Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi təyin olunub.
–Onun vəzifədə olduğu dövrdə Xalq Təsərrüfatı İnstitutu (indiki UNEC) bərpa edildi.
– Atəşgah abidəsi və Qaradağ rayonundakı karvansara məhz Şıxəli Qurbanovun səyləri nəticəsində bərpa edilmişdir.
– 1967-ci ildə Şıxəli Qurbanovun təşəbbüsü və birinci katib Vəli Axundovun razılığı ilə 1920-ci ilin aprel işğalından sonra Azərbaycanda ilk dəfə Novruz bayramı rəsmi olaraq qeyd olundu. Bayram tədbirlərinin hazırlanması Mərkəzi Komitə tərəfindən Şıxəli Qurbanova tapşırılmışdı.
– Kremlə onun haqqında donoslar yazırdılar ki, “o, Şıxəli deyil, Şeyxəlidir, İslam dinini təbliğ edir”. Şıxəlini izahat yazmağa çağırdılar. O, Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazaraq sübut etdi ki, Novruzun dinlə heç bir əlaqəsi yoxdur.
Xavər xanımın xatirələrindən:
“Bayramdan sonra həyatına üç dəfə qəsd olundu. Bir dəfə maşında gedərkən ona atəş açdılar, güllə əlini sıyırıb keçdi. Daha sonra üstünə maşın sürdülər, özünü güclə ağacın dibinə atıb canını qurtardı. Bir dəfə də zəhərləmək istəsələr də, alınmadı”.
– 24 may 1967-ci ildə bayram tədbirlərindən sonra əhali arasında nüfuzu xeyli artmış Şıxəli Qurbanov, rəsmi versiyaya görə, “diş ağrısına qarşı” vurulmuş bir iynədən qəflətən şoka düşərək dünyasını dəyişdi. Onun ölümünə diş həkimi olan dostu Əliağa Əhmədov bais olmuşdu.
– Həyat yoldaşı Xavər xanımın dediklərinə görə: “1967-ci ilin iyun ayında Azərbaycan KP MK-nın növbədənkənar plenumu keçirilməli və Şıxəli Qurbanov birinci katib seçilməli idi. Amma… mayın 24-də onu aradan götürdülər”.
– Şıxəli Qurbanov Birinci Fəxri xiyabanda dəfn olunub. Qəbirüstü abidəsinin müəllifi görkəmli heykəltaraş Ömər Eldarovdur.
–Şıxəli Qurbanovun ölümündən sonra Azərbaycan müstəqilliyini bərpa edənə qədər Novruz bayramı bir daha dövlət səviyyəsində qeyd olunmadı.
–1967-ci ildə Üzeyir Hacıbəyov adına Respublika Dövlət mükafatına layiq görülmüşdü.
–Şixəli Qurbanovun bədahətən şeir deməyi var idi. O, məclislərin birində iki saata yaxın Lermontovdan, Puşkindən, Səməd Vurğundan, Yesenindən şeir demişdi.
– 2013-cü ilə qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrı onun adını daşımışdır. Bakıda küçələrdən biri onun adınadır.
– Şıxəli Qurbanov vəzifəpərəst insan deyildi. O, həmişə deyərdi: “Sənət qalır, vəzifə isə gedir.
-İnstagram səhifəmizə abunə olun ki, paylaşımlarımız daha çox adama çatsın.
MM.AZ
