21-i şeirlərində mənsub olduğu xalqına, el-obasına, soykökünə bağlılığına, əsərlərinin hər bir misrasının sadəliyinə, səmimiyyətinə, axıcılığna və ürəyəyatımlılığına məftun olduğumuz, Azərbaycanın ilk Xalq Şairi, hələ 29 yaşı olanda “El bilir ki, sən mənimsən”, “Nələr çəkib başın sənin, bilinməyir yaşın sənin”- deyə dünyaya “Azərbaycan, Azərbaycan!” adlı bir haray çəkən, ana dilimizin – Azərbaycan bədii dilinin hər birimiz üçün anlaşıqlı elə o qədər də doğma və sevimli olmasında xüsusi xidmətləri olmuş, XX əsr Azərbaycan poeziyasının sərkərdəsi böyük Səməd Vurğunun doğum gündür.
Bu bir həqiqətdir ki, haqq dünyasına qovuşmasından 70 ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun əsərləri bu gün də sevilə-sevilə oxunur, şerləri xalqımızın yaddaşına əbədi həkk olunaraq dillər əzbərinə çevrilmişdir.
Əziz dostlar, budur əsl sənət, budur əsl söz, budur əsl sənətkar! Böyük şairin əsərlərindən bir neçə misranı diqqətinizə çatdırmaqla hər birinizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, əmin-amanlıq və yeni, daha böyük uğurlar arzulayıram:
Yüz il biz ayrıldıq ana dilindən,
Məktəbin adına dedik “uşkola”
Oxucum! Bir daha nəzər yetir sən,
Keçdiyin o qanlı, o qorxunc yola.
Yüz il Füzuliyə həsrət qalaraq,
Doğma anamıza söylədik “mama”.
Yüz illik yuxuya birdən dalaraq,
Yatdıq gözümüzdən yaş dama-dama.
Yüz il nəfəsini çəkə bilmədi,
Şairlər oylağı böyük bir ölkə,
Yüz il öz qolunu çəkə bilmədi…
Tarix! Səninkidir bu qara ləkə!
Tər içdi, qan uddu motal papaqlar,
Son dana, son çuval getdi vergiyə…
Bağlandı qapılar, söndü ocaqlar,
Qarılar, qocalar yalvardı göyə…
Axdı Rusiyaya neft kəmərləri,
Daşıdı onları ilk dəmir yolu…
Tarixə hökm edən o gündən bəri,
Çalışdı yadlara Azəri oğlu…
O gündən titrədi yurdun üstündə
Cüt başlı qartalın qanlı bayrağı,
Tarixin doğduğu o qara gündə
Böyük bir ölkənin söndü çırağı.
O gündən yayıldı siflis, süzənək,
Eşitdik ilk dəfə “fahişə” sözü…
Bunları nəzm ilə artıqdır demək
Tarixə şahiddir tarixin özü.
O gündən göründü sarı paqonlar,
Boşaldı kəndlinin dolu xırmanı.
Elləri qurd kimi taladı onlar,
Dedilər: padşahın sağ olsun canı.
O gündən ağladı aşığın sazı,
Dilində can yaxan dərdli haraylar.
Uçan durnaların küskün avazı,
Ötdükcə dinlədi ulduzlar, aylar.
Buludlar çaxnaşdı, hava daraldı,
Çumalar dolaşdı bizim elləri.
Bizim ipəkləri Peterburq aldı,
Bəzəndi knyazın madmazelləri.
O gündən saraldı yaşıl təbiət,
Axdı həzin-həzin Kür çayı, Araz
Baş əydi qanuna kitab, şəriət
Ürəklərdə zədə, baxışlarda yas…
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN